Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Xəzər beşliyi”nin Aşqabad Sammiti region tarixinə dəyərli səhifə kimi yazıldı

Əminəm ki, bu sammit Xəzəryanı dövlətlərin qarşısında duran mühüm ümumi məsələlərin həllinə yönəlmiş səylərin birləşdirilməsinə şərait yaradacaq.

İlham ƏLİYEV

 Azərbaycan Respublikasının Prezidenti

Aşqabad, 29 iyun 2022-ci il

 

Xəzəryanı ölkələrin dövlət başçılarının Aşqabadda keçirilən VI Zirvə toplantısı təkcə hövzə ölkələrində deyil, eləcə də, ümumilikdə, Avrasiya məkanında böyük məmnunluqla qarşılan­dı. Çünki bu gün Transxəzər nəqliyyat dəhlizi materikin bütün ölkələrinin maraq dairəsindədir. Belə ki, Şanxaydan Londona qədər uzanan Yeni İpək Yolu məhz Xəzərdən keçərək Avropaya gedir. Yəni Xəzər hövzəsində sülhün, sabitliyin, əmin-amanlığın bərqərar olunması Avropa və Asiyada hamıya sərf edir.

 

Ancaq bu zaman başqa bir prob­lem – insanlardan və dövlətlərdən asılı olmayan təbii proses ortaya çıxır. Dünya alimləri sübut edirlər ki, Xəzər dənizindəki çəkilmə prosesi (suyun səviyyəsinin aşağı düşməsi) hələ uzun müddət davam edəcək və bu­nun nəticəsində ağır yük gəmilərinin hərəkətinə çətinlik yaranacaq. Yəni bu təbii proses təkcə Xəzəryanı ölkələri deyil, ümumilikdə, hamını narahat edən məsələyə çevrilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev Aşqabad Sammitində həmin məsələni xüsusilə qabartdı və proble­min aradan qaldırılması istiqamətində həyata keçiriləcək layihələrdən söz açdı. Dövlət başçımız qeyd etdi ki, biz ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin nara­hatlığına şərikik: “Bu gün məhdud tərkibdə görüşdə biz xüsusi narahat­lıq doğuran məsələlər, konkret olaraq Xəzər dənizinin dayazlaşması barədə həmkarlarımızla fikir mübadiləsi apardıq. Biz bunu uzun illər boyu müşahidə edirik və təəssüf ki, dayaz­laşma dinamikası narahatlıq doğurur. Buna görə biz fikir mübadiləsi apardıq və yəqin ki, nümayəndə heyətlərimiz belə ekoloji fəlakətin səbəblərinin aşkar edilməsi və Xəzərin bundan sonrakı dayazlaşmasının qarşı­sını almağa yönəlmiş tədbirlərin müəyyənləşdirilməsi üçün xüsusi ekspert qruplarının yaradılması işini davam etdirəcəklər”.

Yeri gəlmişkən, Azərbaycan təkcə bu məsələdə deyil, həm də, Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişlən-dirilməsində maraqlıdır. Dövlət başçımız xatırlatdı ki, Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlan­ması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir: “Bu ilin sonunda Bakıda “Xəzər dənizinin dənizətrafı mühitinin mühafizəsi haqqında” Çərçivə Kon­vensiyası tərəflərinin VI konfransının keçirilməsi nəzərdə tutulub”.

Ümumiyyətlə, Azərbaycan ölkələrimizin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir. Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imza­lanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konven­siyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq.

Ulu öndər Heydər Əliyev xatır­ladırdı ki, hansısa sahilyanı ölkə Xəzərin heç bir problemini təkbaşına həll etmək iqtidarında deyil. Bunun üçün sahilyanı ölkələrin hamısının elmi nəticələrə əsaslanan səyləri birləşdirilməli, istənilən məsələni sa­hilyanı ölkələr birlikdə həll etməlidirlər. Prezident İlham Əliyevin dediyi kimi, bu məqsədlə həyata keçirilən tədbirlər nəticəsində Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir. Yəni təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısı­nın alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib.

Təbii ki, sahilyanı ölkələrin qar­şılıqlı fəaliyyətinin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Bu isə XXI əsrin ikinci onilliyində ya­ranan beynəlxalq proseslər fonunda olduqca önəmli məsələdir. İndi zaman dövlətlərdən və dövlət başçılarından daha çevik reaksiyalar, qətiyyətli addımlar və kəsərli qərarlar qəbul etmək kimi keyfiyyətləri tələb edir. Sevindirici haldır ki, Azərbaycanın bu istiqamətdəki fəaliyyəti dövlətimizin və xalqımızın maraqlarını tamamilə təmin edir.

Elə Xəzər dənizi ilə bağlı atılan bütün addımlar da həm bugünü­müzün, həm də sabahın maraq­larını təmin edir və edəcək. Dövlət başçımızın dediyi kimi, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılma­sı, etibarlı və təhlükəsiz kommunika­siyaların qurulması, yüksək renta­belli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır və Azərbaycan bu sırada öndə gedən ölkələrdəndir.

Mütəxəssislər qeyd edirlər ki, “Xəzər beşliyi”nin Aşqabad Sammiti Azərbaycanın Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biri olduğunu növbəti dəfə dünya ictimaiyyərinin diqqətinə çatdırdı. Dövlət başçımız sammitin tribunasın­dan vurğuladı ki, ölkəmiz Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır: “Biz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəririk. Bu marş­rut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inki­şafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq”.

Aşqabad Sammitinin daha bir əhəmiyyəti isə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin zirvə gö­rüşünün tribunasından səsləndirdiyi “Qazaxıstanın ət və süd məhsullarının ixracını artırmaq potensialı var” fikri idi. Belə ki, qardaş ölkənin prezi­denti qarşılıqlı ticarəti artırmaq üçün Xəzərdə qida qovşağı yaratmağı təklif etdi: “Dövlətlərimiz arasında ticarət əlaqələrini gücləndirmək üçün müasir logistika infrastrukturunu ardıcıl şəkildə inkişaf etdirmək lazımdır. Ona görə də biz minimal xərclə qarşı­lıqlı ticarəti artıracaq Xəzər ərzaq mərkəzini yaratmağı təklif edirik”.

Tək bu deyil, Aşqabad sammitində sahilyanı ölkələrin rəhbərləri Xəzərin sülh, sabitlik, əmin-amanlıq və qarşı­lıqlı maraqları təmin edən əməkdaşlıq dənizinə çevrilməsi üçün təklif, təşəbbüs və rəylərini dilə gətirdilər. Məhz ona görə də qətiyyətlə deyə bilərik ki, “Xəzər beşliyi”nin Aşqabad Sammiti region tarixinə dəyərli səhifə kimi yazıldı.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

3 İyul 2022 02:15 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə