Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi davam edir

“Bakı Ekspo Mərkəzi”ndə “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi davam edir. AZƏRTAC xəbər verir ki, iyulun 2-də keçirilən yarımfinal mərhələsinin açılış mərasimində çıxış edən idarəçi rəhbərlər “Yüksəliş” müsabiqəsinin yeni nəsil idarəçilərini, liderlik müstəvisində proqressiv düşüncə, çevik idarəçilik bacarıqlarına malik peşəkarları aşkara çıxarmaqda, onların potensialını lazımi sahələrə yönləndirməkdə, eyni zamanda, peşəkar kadrların dəyərləndirilməsi və dəstəklənməsi baxımından ölkəmiz üçün əhəmiyyətli layihə olduğunu vurğulayıblar.

Təşkilat Komitəsinin sədri, Prezident Administra­siyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva vur­ğulayıb ki, müsabiqənin bu mərhələsinədək gəlib ça­tan iştirakçılar artıq effektiv idarəçilər olaraq formalaşıb: “Biz də sizə baxaraq müa­sir dövrün idarəçiləri kimlər olmalıdır və onları birləşdirən əsas xüsusiyyətlər nələrdir suallarına cavab axtarırıq. Biz bu müsabiqə vasitəsilə Azərbaycanın gələcək inkişafı­na dayaq ola biləcək şəxslərin axtarışındayıq”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Baba­yev yeni layihələrin və ide­yaların ərsəyə gəlməsinin və həyata keçirilməsinin önəm və mahiyyətindən söz açıb. O, kadr inkişafında, ölkəmizdə istedadlı və intellektual mütəxəssislərin üzə çıxarıl­masında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maraqlı olduğunu və “Yüksəliş” müsabiqəsinin bu sahədəki rolunu vurğulayıb.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iştirakçı­ları öyrənməyə açıq olmağa, daim özlərini inkişaf etdirməyə səsləyib. O əlavə edib ki, peşəkar, savadlı, bacarıqlı kadrları tapmaq və formalaşdır­maq dövlətin kadr siyasətinin əsas prioritetlərindəndir. Azad edilmiş ərazilərdə dövlət orqanlarının fəaliyyəti bərpa olunduqdan sonra savadlı kadrlara, eləcə də dövlət qulluqçularına ehtiyac daha da artacaq. Məleykə Abbaszadə çıxışında şəxsi idarəetmə təcrübəsindən bəhs edərək, iş­tirakçılara uğurlu idarəçi olmaq yolunda tövsiyələrini verib.

Gənclər və idman nazirinin müavini, İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev yarımfinal mərhələsini açıq elan edərək bildirib: “Bu il ölkəmiz üçün hər baxımdan önəmli və əlamətdar bir ildir. Bildiyiniz kimi, 2022-ci il Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında “Şuşa İli” elan edildi. İkinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi də bu ilə təsadüf edir. Bu fürsətlə bu gün biz də yeni inkişaf yoluna qədəm qoymuş 332 namizədlə birgə gələcəyə yeni və ümidli bir səhifə açırıq. Prezident İlham Əliyevin neft kapitalını insan kapitalına çevirmək siyasətini rəhbər tuta­raq “Yüksəliş” müsabiqəsində kadrların qiymətləndirilməsi prosesində ən yeni metodolo­giyalardan, dünya təcrübəsinə əsaslanan müasir texnikalar­dan faydalanmışıq. Biz birinci “Yüksəliş” müsabiqəsinin sonunda insanlarda yaratdığı­mız müsbət təəssüratların şa­hidi olduq. Bizim üçün bu çox sevindirici hal idi. “Yüksəliş” müsabiqəsinin insanlarda yaratdığı müsbət təəssüratlar həyata keçirdiyimiz layihənin şəffaflıq və obyektivliyin sübu­tudur”.

Qeyd edək ki, müsabiqənin yarımfinal mərhələsində iştirakçıların mübarizəsi keyslər üzərindən davam edir və onların 8 səriştəsi (strateji düşünmək bacarığı, nəticələrə yönəlmək bacarığı, komandada işləmək bacarığı, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiya­ların idarə edilməsi, liderlik, sosial məsuliyyət və effektivli­yin idarə edilməsi) ekspertlər tərəfindən qiymətləndirilir. Keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl format üzərində hazırlanıb, Azərbaycanın iqtisadiyyatı, sosial, insan resursları və yenidənqurma sahələrini ehtiva edir. Yarımfinal iyulun 3-də yekunlaşacaq. Bu mərhələni uğurla keçən iştirakçılar final mərhələsində öz bilik və baca­rıqlarını nümayiş etdirəcək.

2022-ci il fevralın 17-dən qeydiyyatına start verilən “Yüksəliş” müsabiqəsində işti­rak üçün 12 min 299 iştirakçı müraciət edib. Müsabiqənin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət qurumlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min AZN dəyərində pul mükafatı gözləyir.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019- cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradıl­masını təmin etmək məqsədilə təsis olunub.

3 İyul 2022 01:13 -
14 Avqust 2022 | 02:08
Həmişə birinci

Köhnə versiyamızdan xəbərləri izlə