Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan dünyada sülhün və sabitliyin təmin olunmasına layiqli töhfələr verir

 Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Hesab edirəm ki, biz səylərimizi səfərbər edərək potensialı və həmrəyliyi gücləndirməli, vahid mövqedən çıxış etməliyik. Bilirəm ki, bəzi üzvlər arasında müəyyən problemlər var. Düşünürəm ki, Qoşulmama Hərəkatı həmin problemlərin həlli yolunu tapmaq üçün platforma ola bilər. Həmçinin ölkələrimizin maraqlarının müdafiəsi üçün platforma rolunu oynaya bilər. Çünki Qoşulmama Hərəkatının bir çox üzvü oxşar tarix və problemlərə malikdir. Bir çox hallarda ədalətsizliklə üzləşib və öz milli maraqlarını müdafiə etməyə çalışır. Biz bunu birlikdə edə bilərik və bunu daha səmərəli edə bilərik. Biz məhz bunun tərəfdarıyıq.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

 Azərbaycan Prezidenti İlham Əliyev dövlət başçısı kimi bütün fəaliyyəti dövründə ölkəmizin beynəlxalq aləmdə mövqelərini möhkəmləndirməyi qarşıya mü­hüm vəzifə kimi qoyub, müstəqil xarici siyasətə üstünlük verərək, daim geosiyasi reallıqlara uyğun innovativ təkliflərlə çıxış edib. Milli dövlətçilik maraqlarının müdafiəsi zamanı həm ikitərəfli, həm də çoxtərəfli formatda re­allaşdırdığı siyasəti hər zaman diqqət mərkəzində saxlayıb.

Bu cür müstəqil xarici siyasət kursunun gerçəkləşdirilməsi ilə əldə edilən uğurlar isə, hətta dün­yada bir-birinə qarşı duran güclər tərəfindən də müsbət dəyərləndirilib. Ümumiyyətlə, Azərbaycan rəhbərinin xarici siyasətinin əsasını ikitərəfli münasibətlərdə bərabər hüquq, qar­şılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri təşkil edib. Şübhəsiz ki, belə bir xəttə, mövqeyə əsaslanan müstəqil və qətiyyətli siyasət beynəlxalq güc mərkəzləri tərəfindən də yüksək razılıqla qarşılanıb.

Azərbaycan son 18 ildə dünyanın üzləşdiyi fors-major vəziyyətlərdə belə yüksək idarəçilik mədəniyyəti nümayiş etdirib. Məsələn, 2019-cu ilin dekabr ayından başlanan koronovirus pande­miyasına qarşı ciddi mübarizə aparıb. Prezident İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu təhlükəli bəlaya qarşı mübarizədə həmrəylik, birlik çağırış­ları diqqət çəkib. Dövlətimizin başçısı koronavirus pandemiyasının doğur­duğu çətinlikləri aradan qaldırmaq məqsədilə ardıcıl və sistemli addımla­rın atılmasını gerçəkləşdirib.

Yeri gəlmişkən, Azərbaycanın pandemiyaya qarşı mübarizə tədbirləri bir çox dövlətlər tərəfindən model olaraq seçilib. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin 10 aprel tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, həmin il mayın 4-də isə Qo­şulmama Hərəkatının Təmas qrupu çərçivəsində COVID-19 pandemi­yasına qarşı milli, regional və qlobal səviyyədə mübarizəyə həsr olunan video formatda zirvə görüşlərinin təşkili beynəlxalq səviyyədə xüsusi dəyərləndirilib.

 

Qoşulmama Hərəkatının bu dəhşətli xəstəliklə mübarizəyə həsr olunan zirvə görüşündə Prezident İlham Əliyevin COVİD-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq səylərin birləşdirilməsi məqsədilə BMT Baş Məclisinin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü üzv dövlətlər tərəfindən razılıqla qarşılanıb. Nəticədə dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi – COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyası keçirilib. BMT Baş Məclisinin sayca 31-ci xüsusi sessiyasında həm milli səviyyədə, həm də Qoşulmama Hərəkatı adından çıxış edən dövlətimizin başçısı Azərbaycanın pandemiyaya qarşı mübarizə prosesinə müxtəlif səviyyələrdə töhfə verdiyini diqqətə yönəldərək, məlum təşəbbüsə qarşı çıxış edən yeganə dövlətin yenə də destruktiv davranışı ilə özünü artıq dünyada mənfur əməllər sahibi kimi tanıdan Ermənistan olduğunu bildirib.

Azərbaycanın ötən illər ərzində yürütdüyü bu cür siyasət ölkəmizə dost ölkələrin sayının getdikcə artması ilə nəticələndi. Bunun məntiqi nəticəsi İkinci Qarabağ müharibəsinin gedişində özünü qabarıq büruzə verdi. Belə ki, 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında müharibənin başlanmasından bir müddət sonra BMT-nin Təhlükəsizlik Şurasında bəzi dövlətlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyri-obyektiv, qərəzli mövqeyi əks etdirən bəyanatın qəbuluna nail olmaq istəyərkən, məhz bir sıra tərəfdaşlarımız, o cümlədən Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatına üzv ölkələr tərəfindən bunun qarşısı alındı. Prezident İlham Əliyev iyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransındakı çıxışında Hərəkata üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin daim dəstəklənməsini yüksək qiymətləndirərək, təşkilatın Vətən müharibəsində tutduğu mövqe ilə bağlı dedi: “Bəzi ölkələr bizim bu haqq işimizi BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdi. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dostlarımız anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular. Biz bu həmrəyliyə görə sizə minnətdarıq”.

Dövlətimizin başçısı çıxışında daha sonra bildirdi ki, Azərbaycan həmişə regional mövzular və qlobal məsələlərlə bağlı öz mövqeyini nümayiş etdiririb və əlbəttə ki, Qoşulmama Hərəkatının sədri olaraq ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya, habelə ayrı-seçkiliyə qarşı mübarizə aparıb. Qoşulmama Hərəkatının hər bir üzv dövləti də bu istiqamətlərdə böyük dəstək göstərib. Üzv ölkələr tərəfindən Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana verilməsini və sonra onun uzadılması ilə bağlı yekdil qərarı da məhz bu amil- ölkəmizin sülhpərvər siyasətinə bəslənilən münasibət şərtləndirib.

Dövlətimizin başçısı Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransındakı çıxışında mühüm bir məqama da toxunaraq, vurğuladı ki, Azərbaycan Vətən müharibəsində qazandığı parlaq qələbə ilə münaqişəyə son qoydu, ədalət və beynəlxalq hüququ bərpa etdi. Ölkə rəhbərinin söylədiyi kimi, bu haqlı mövqe, reallıq təsadüfi deyildi. Azərbaycan İkinci Qarabağ müharibəsindən əvvəl olduğu kimi, döyüşlər getdiyi vaxtda da öz konstitusion hüquqları, həmçinin BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı çərçivəsində mübarizə aparırdı, öz əbədi-əzəli torpağı uğrunda işğalçıya qarşı vuruşurdu və yeni reallıq yaradırdı. Bu, fakt idi və bu həqiqət, necə deyərlər, dünyanın gözü qarşısında baş verirdi. Təbii ki, beynəlxalq ictimaiyyət, dünya gücləri, eləcə də nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də bu reallıq qəbul edilirdi. Bu, bir tərəfdən Azərbaycanın Vətən müharibəsindəki haqlı, ədalətli mövqeyinin, digər tərəfdən isə Azərbaycan Prezidentinin yürütdüyü yorulmaz xarici siyasətinin məntiqi nəticəsi idi.

Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsini ədalətlə, beynəlxalq hüququn prinsiplərinə uyğun, beynəlxalq humanitar normaları pozmadan apardı, daim ləyaqət nümayiş etdirdi. Amma Ermənistan nəinki döyüşlərdə, hətta işğal dövründə bunun əksini sərgilədi, yaşayış sahələrini, maddi-mədəni nümunələri, infrastrukturu dağıtdı. Prezident İlham Əliyev sözügedən konfransdakı çıxışında bu barədə dedi: “Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi. Ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi etnik təmizləmə ilə nəticələndi. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bizim tarixi və dini irsimiz erməni işğalçıları tərəfindən yer üzündən silinib. Bu gün azad olunmuş ərazilərə səfər edənlər bu barbarlığın və vandalizmin şahidi ola bilərlər. Məscidlərimizin təhqiri, mədəni və dini abidələrimizin dağıdılması – bunlar faktlardır və bunu heç kəs görməzdən gələ bilməz. Ermənipərəst qüvvələr nə qədər də bunu görməzdən gəlməyə çalışsalar da, buna müvəffəq ola bilmirlər. Çünki artıq minlərlə, bəlkə on minlərlə insan, o cümlədən xarici qonaqlar, siyasətçilər, parlament sədrləri və üzvləri, jurnalistlər, ekspertlər və sıravi insanlar azad edilmiş ərazilərə səfər ediblər”.

Azərbaycan İkinci Qarabağ müharibəsini tarixi zəfərlə başa vuraraq hazırda regionda yeni reallıqlar yaradıb. Eyni zamanda, Vətən savaşından əvvəlki dövrdə ölkəmizə Ermənistanın qələbəsi gerçəkliyini qəbul etdirməyə çağıran bəzi beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən də bu yeni reallıqla barışılıb. Bir sözlə, artıq beynəlxalq aləmdə Azərbaycanın yaratdığı yeni reallığı çoxları qəbul edib. Bu, vəziyyəti, əlbəttə, Azərbaycan liderinin apardığı uğurlu xarici siyasət şərtləndirib. Dövlətimizin başçısı bununla bağlı çıxışlarının birində deyib: “Biz öz konstitusion hüquqlarımız çərçivəsində, BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı çərçivəsində yeni reallıq yaratmışıq və hamı bu reallıqla hesablaşmalıdır. Bu, asan məsələ deyildi… Bu, daimi iş idi. Nəticədə bu gün beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB tərəfindən bu reallıq tamamilə qəbul edilib. Biz bunu həm formal mənada, həm də xalis ünsiyyətdə görürük. Üstəlik, mən beynəlxalq strukturların çoxsaylı rəhbərləri və dövlət başçıları ilə əlaqədə olarkən müşahidə edirəm, indi biz öz haqq işimizə qat-qat artıq dəstək görürük”.

Lakin Ermənistan bu gerçəkliklə barışmaq istəmir, müxtəlif bəhanələrlə sülh sazişini imzalamaqdan yayınır, əsassız “status” iddiaları ilə çıxış edir, ATƏT-in Minsk qrupunun fəaliyyətini canlandırmağa cəhdlər göstərir.

Azərbaycan Prezidenti vaxtaşırı Minsk qrupunun münaqişə dövründəki fəaliyyətsizliyinə toxunub. Ölkə rəhbəri ATƏT-dən mandat alan bu təsisatın 28 il ərzində heç bir əməli iş görmədiyini, buna görə də Azərbaycanın Qarabağ münaqişəsini həll etdikdən sonra artıq bu təsisatın fəaliyyətinə ehtiyac qalmadığını bildirib. Dövlətimizin başçısı xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Minsk qrupunun üç həmsədrinin bir araya gəlməsi mümkünsüzlüyünün hamının anladığını da diqqətə çatdırıb.

Ümumiyyətlə, Ermənistanın yaratdığı münaqişənin nizamlanması üçün 24 mart 1992-ci il tarixdə təsis olunan ATƏT-n Minsk Qrupu fəaliyyəti ərzində məsələnin həllinə yox, dondurulmasına çalışıb və bununla da uzun bir zaman ərzində aparılan danışıqlar nəticəsiz qalıb. Həm işğalçıya, həm də işğala məruz qalan tərəfə eyni münasibət bəslənilib və beynəlxalq qətnamələr kağız üzərində saxlanılıb. Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək, münaqişənin danışıqlar vasitəsilə həllinə çalışıb. Cəzasızlıqdan yararlanan Ermənistan isə daha da irəli gedərək, Azərbaycanı yeni torpaqlar uğrunda yeni müharibə ilə hədələyərək, dövlət sərhədi və keçmiş təmas xətti boyu hərbi təxribatlara əl atmaqdan belə çəkinməyib.

Prezident İlham Əliyevin konfransdakı çıxışında vurğuladığı kimi, bu gün Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk qrupuna ehtiyac yoxdur. Buna baxmayaraq, təəssüflər olsun ki, Ermənistan və digərləri onu həyata qaytarmağa çalışır. Lakin bu, mümkünsüzdür. “O, artıq ölüb. İşğaldan əziyyət çəkmiş ölkə kimi biz bunu açıq şəkildə bəyan edirik. Düşünürəm ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda, regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir”, – deyə dövlətimizin başçısı söyləyib.

Bəli, Ermənistanın 30 ilə yaxın bir müddətdə torpaqlarımızı işğalda saxlaması bu dövlətin etdiyi hərəkətlərə beynəlxalq təşkilatlar, dünya göcləri tərəfindən laqeyd münasibətin nəticəsi idi. Dövlətimizin başçısı işğal illəri dövründə müxtəlif beynəlxalq tədbirlərdə çıxış edərkən, dünya güclərini, nüfuzlu beynəlxalq qurumları Ermənistana qarşı sanksiyaların tətbiqinə çağıraraq, problemin dinc həllinin yeganə yolunu bunda gördüyünü deyirdi. Yalnız bu yolun səmərəli olacağını, işğalçı ölkənin iqtisadiyyatına sarsıdıcı təsir göstərəcəyini vurğulayırdı. Dövlətimizin başçısın qeyd etdiyi kimi, əfsuslar olsun ki, heç bir sanksiya tətbiq edilmədi və əksinə, Ermənistan Azərbaycanla müqayisədə bəzi ermənipərəst siyasətçilərdən daha çox dəstək alırdı.

Göründüyü kimi, Minsk qrupunun, habelə Ermənistanın digər havadarlarının fəaliyyətlərində yeganə məqsəd münaqişəni dondurmaq və torpaqlarımızı əbədi işğal altında saxlamaq idi. Azərbaycan 44 günlük Vətən müharibəsində həmin ədalətsiz siyasətə son qoydu, güc və siyasi müdriklik sayəsində torpaqlarımızı azad etdi, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud pozulması və onlara məhəl qoyulmaması kimi halları aradan qaldırdı.

Prezident İlham Əliyev çıxışında məhz bu məqamı xüsusi vurğulayaraq, belə bir narahatlığın BMT və onun Təhlükəsizlik Şurası çərçivəsində islahatların aparılması məsələsini gündəmə gətirdiyini qeyd etdi. “Çünki qətnamələr icra edilmirsə, onları qəbul etməyin nə mənası var. Biz islahatların tərəfdarıyıq və hesab edirəm ki, bu, Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində müzakirə olunmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin siyasi üstünlük əsasında icra edilməsinə son qoyulmalıdır”, -deyə dövlətimizin başçısı çıxışında bildirdi.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

3 İyul 2022 01:48 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə