Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalqımız gələcəyinə inamla baxır

Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayonlara səfərləri mütəmadi xarakter alıb. Bugünlərdə Kəlbəcər və Laçın rayonlarına reallaşan növbəti səfər çərçivəsində yeni müəssisələrin təməlqoyma, həmçinin Kəlbəcər rayonunda hərbi hissənin açılış mərasimləri keçirildi. Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elman Nəsirovla söhbətimiz bu barədədir:

– Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri bir daha təsdiqlədi ki, dövlət başçımızın işğaldan azad edilmiş ərazilərimizə səfərləri həmişə diqqət mərkəzində olur. Möhtərəm Prezidentimiz işğaldan azad edilmiş ərazilərimizə səfərləri zamanı mühüm əhəmiyyətli müəssisələrin açılış, həmçinin digərlərinin təməlqoyma mərasimlərində iştirak edir, tapşırıq və tövsiyələrini verir. Prezidentin ictimaiyyət nümayəndələri ilə keçirdiyi görüşlərdə səsləndirdiyi strateji əhəmiyyətli fikirlər, həm Ermənistana, həm də onun havadarlarına ciddi mesajdır. Dövlət başçımızın iyunun 26-da – Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdəki çıxışı zamanı müharibəyəqədərki, müharibə və postmüharibə dövrünün bir sıra mühüm məsələlərinə toxunaraq, strateji əhəmiyyətli fikirlər səsləndirdi. Bu səfər xüsusilə, iki mühüm məqam baxımından əlahiddə məna və əhəmiyyət kəsb etdi.

Birincisi, bu səfər Silahlı Qüvvəllər Günündə baş tutdu. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının104-cü ildönümü günündə gerçəkləşmişdir. İkincisi, Kəlbəcərdə yüksək döyüş qabiliyyətli komando hərbi hissəsinin açılması ilə yadda qalmışdır. Xatırladaq ki, birinci analoji komando hərbi hissəsi ötən il dekabrın 24-də Hadrutda açılmışdır. Bu, o deməkdir ki, ordu quruculuğu məsələləri postmüharibə dövrü reallığında da özünün prioritetliyini qoruyub saxlamaqdadır. Bu da səbəbsiz deyildir, çünki beynəlxalq hüququn norma və prinsipləri işləmir. “Güclüsən, haqlısan” prinsipi beynəlxalq siyasətdə dominantlıq təşkil edir. Bu baxımdan Prezident İlham Əliyevin “Bu gün dünyada güc amili ön plandadır. Beynəlxalq hüququn norma və prinsipləri işləmir, beynəlxalq təşkilatlar faktiki olaraq fəaliyyəti formal şəkildə davam etdirirlər. Haqq-ədalət bizim tərəfimizdə idi, beynəlxalq hüquq bizim tərəfimizdə idi, bizim torpaqlar işğal altında idi. Ancaq işğalçıya heç kim “Azərbaycan torpaqlarından çıx!” deməmişdir,“–fikirləri gerçəkliyi ifadə edir və real həyatda tam təsdiqini tapır.

– İkinci Qarabağ müharibəsi də təsdiqlədi ki, məhz güc faktoru tarixi Zəfərin əldə edilməsində müstəsna rol oynadı.

– Bu fikirlə tamamilə razıyam. Cənab Prezidentin vurğuladığı kimi, bunun üçün də, ilk növbədə, güc topladıq və iqtisadi müstəqilliyə nail olduq. Nəticədə güclü ordu formalaşdı. Əgər 2004-cü ildə müdafiə xərclərimiz 135 milyon dollar təşkil edirdisə, 2022-ci ilin büdcəsində bu göstərici 2,7 milyard dollar müəyyən edilmişdir. Cari ilin ilk 5 ayının artan iqtisadi göstəriciləri fonunda büdcəyə yenidən baxılması zərurəti yaranmışdır və yeni büdcə zərfində anoloji göstərici 5084759665 manata yüksəlmişdir. Bu reallıq Ermənistandakı revanşist qüvvələrə ciddi ismarıcdır. İkinci Qarabağ müharibəsindən dərs almalı, nəticə çıxarmalıdırlar. Əks halda, tarixi Qələbəmizin rəmzi olan “dəmir yumruq” yerindədir. Bunu heç zaman unutmasınlar. Bu xüsusda cənab Prezident Ermənistan iqtidarına və revanşist qüvvələrə bir daha xəbərdarlıq etdi: “Onlar bəyan edirdilər ki, Azərbaycan öz torpaqlarını heç vaxt silahlı yollarla ala bilməz. Çünki həm qurulmuş istehkamlar, həm 30 il ərzində mühəndislik işlərinin aparılması, həm də ki, bu bölgənin coğrafiyası onlar üçün çox əlverişli idi. Biz bu mifi də dağıtdıq və göstərdik ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, hərbçilərin vətənpərvərliyi olan yerdə heç kim bizim qabağımızda dura bilməz. Əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırsa, bilməlidirlər ki, onları nələr gözləyir”.

Möhtərəm Prezidentimiz xüsusi olaraq vurğuladı ki, Vətən müharibəsində Qələbənin əldə edilməsi heç bir halda təsadüfi olmayıb, bir sıra vacib amillərin vəhdəti sayəsində əldə edilib: “Biz bütün dünyaya göstərdik ki, həm ruhən, həm fiziki cəhətdən, həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm də Vətənə olan sevgi və məhəbbət nöqteyi-nəzərindən böyük xalqıq. Ona görə vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və əlbəttə ki, Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi-bütün bu amillərin vəhdəti İkinci Qarabağ müharibəsinin nəticələrini şərtləndirdi.”

Hərbçilərimizin müharibədə göstərdiyi qəhrəmanlıq, hərbi taktika bu gün də beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Şuşanın azad edilməsində hərbçilərimizin hazırladıqları və istifadə etdikləri hərbi taktika dünya hərb tarixində yenilik kimi qəbul edilib və tanınmış hərbi məktəblərdə öyrənilir. Bu zəfərin müəlliflərindən bəhs edərkən cənab Prezident gənclərin rolunu xüsusi olaraq qeyd etdi: ” Bu gün Azərbaycan gəncləri vətənpərvər gənclərdir, Vətənə bağlıdır və Vətən müharibəsi bunu bütün dünyaya göstərdi. Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər. Öz canlarını fəda edərək, ölümə gedərək bunu etdilər. Əziz şəhidlərimizin xatirəsi daim bizim qəlbimizdə yaşayacaq”.

Həqiqətən də, qalib ordunun mütləq əksəriyyətini gənclər təşkil edir və onlar Vətənin azadlığı naminə canlarını fəda etməklə, Ali Baş Komandanın qeyd etdiyi kimi, “həm tarix qarşısında, həm əcdadlarımızın ruhu qarşısında, həm də gələcək nəsillər qarşısında tarixi missiyanı icra etmişlər.

– Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Bu barədə də fikirlərinizi bilmək maraqlı olardı.

– İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması prosesi sürətlə həyata keçirilməkdədir. Dövlət başçımız və Birinci xanım mütəmadi olaraq həmin ərazilərə səfərlər edir, görülmüş işlərlə yerində tanış olurlar. Möhtərəm Prezidentimizin bugünlərdə Kəlbəcər və Laçın rayonlarına səfərləri bu həqiqəti bir daha təsdiqlədi. Bu, bir həqiqətdir ki, postmüharibə dövrünün ən mühüm məsələsi azad edilmiş torpaqlara soydaşlarımızın tarixi qayıdışını təmin etməkdir. Bu istiqamətdə ciddi işlər görülür. Siyasi iradə, iqtisadi güc, maliyyə imkanları, insan resursları və beynəlxalq tərəfdaşların varlığı bu strateji vəzifənin uğurlu icrasını təmin edə biləcək mühüm amillərdir. Bu komponentlər sırasında maliyyə imkanları məsələsinə xüsusi olaraq toxunaraq, qeyd edək ki, son iki il ərzində sözügedən vəzifənin icrası üçün dövlət büdcəsindən 4,4 milyard manat vəsait ayrılmışdır. Yeri gəlmişkən, onu da vurğulayaq ki, cari ilin son beş ayının uğurlu iqtisadi nəticələrinin bilavasitə təsiri altında dövlət büdcəsində profisit qeydə alınmışdır və bu reallığa adekvat olaraq, işğaldan azad olunan ərazilərin bərpası işinə cari il üçün əlavə olaraq 470 milyon manat (cəmi 2 milyard 670 min manat) vəsaitin ayrılması planlaşdırılır.

Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfərləri bir daha əyani olaraq sübut etdi ki, qarşıya qoyulan hədəflərə çatmaq yolunda intensiv işlər getməkdədir. Bütün infrastruktur layihələr uğurla icra olunur. Dövlət başçısının qeyd etdiyi kimi, keçən il 4 su elektrik stansiyası istifadəyə verilmişdir. Bu il isə 5 su elektrik stansiyasının istifadəyə verilməsi təmin ediləcəkdir. Həmin 4 stansiya artıq işləyir, ümumi enerji gücümüzü artırır və bərpaolunan enerji növlərinin həcminin artırılmasına xidmət göstərir. Cənab Prezident dedi: “Yollar çəkilir. Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. Təsəvvür edin, 10-dan çox tunel. Onların arasında ən böyük tunelin uzunluğu təxminən 12 kilometrdir. Biz bu tuneli Murov dağının altından çəkirik ki, buraya gediş-gəliş rahat olsun. Bu, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən lazımdır. Hazırda bütövlükdə 10-dan çox tunel tikilir və gələcəkdə bu tunellərin sayı daha da çox ola bilər”.

Kəlbəcər şəhərinin baş planı, habelə Kəlbəcər rayonunun inkişafı ilə bağlı konsepsiya artıq hazırdır. Baş plana əsasən, Zəngilan şəhəri və rayonu təbiətə sıx inteqrasiya olunmalı, park-şəhərə çevrilməlidir. Eyni məntiqlə, Kəlbəcərin bərpası işləri geniş vüsət alıb. Prezident İlham Əliyev iyunun 26-da Kəlbəcərdə “İstisu” sanatoriyasının,“İstisu” mineral su zavodunun, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, habelə İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoymuşdur.

Laçın rayonunda da bərpa-quruculuq işləri getdikcə sürətləndirilir. Bu rayonda həyata keçirilən strateji əhəmiyyətli layihə, heç şübhəsiz, beynəlxalq hava limanının tikintisidir. 2024-cü ildə hava limanının istifadəyə verilməsi planlaşdırılır. Nəticədə bölgənin turizm mərkəzinə çevrilməsi reallaşacaqdır.

Görülən işlərin miqyası olduqca genişdir. Prezident İlham Əliyevin təbirincə desək, biz hərtərəfli iş görürük - həm infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. Bu onu göstərir ki, biz bu torpaqların sahibləriyik. Bu torpaqlar 30 il ermənilərin əlində idi. Nə qoyub getdilər? Xarabaxana, viran qoyulmuş şəhərlər, kəndlər! Dəfələrlə demişəm, hər dəfə də bu dağıntıları görəndə bir daha deyəcəyəm: Elə bil ki, burada vəhşi qəbilə yaşayıb. Burada ondan da eybəcər işlər görülüb - ancaq dağıtmaq, sökmək, yandırmaq. Bu qədər nifrət, bu qədər qeyri-insani hərəkət, görəsən, haradan qaynaqlanır? Bunu gərək psixoloqlar, yaxud psixiatrlar bizə desinlər. Çünki normal adam bu əməllərə əl atmaz.

Bir sözlə, Ermənistanın işğalı dövründə tamamilə dağıdılmış və viran qoyulmuş 10 min kvadrat kilometrlik ərazidə yeni həyat qurulur. Bu torpaqların əzəli və əbədi sahibləri böyük şövqlə qurmaq və yaratmaqla məşğuldurlar. Qarabağ və Şərqi Zəngəzur torpaqlarında gedən nəhəng quruculuq işləri xalqımızının böyüklüyünün göstəricidir. O xalqımızın ki, tam etibar etdiyi rəhbəri – Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti sayəsində sabitlik, əmin-amanlıq və təhlükəsizlik şəraitində yaşayır, yaradır və gələcəyinə inamla baxır. Uca zirvələrə aparan gələcəyinə...

Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

3 İyul 2022 01:46 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə