Ən son xəbərlər
Bu günlərdə Aşqabadda Xəzəryanı Ölkələrin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib. Bu tədbir regionda sülhün və təhlükəsizliyin gücləndirilməsi, dövlətlər və xalqlar arasında siyasi, iqtisadi, humanitar əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük önəm kəsb edir.
Azərbaycan Prezidenti İlham Əliyev Aşqabad sammitində iştirak edərək parlaq, dərin məzmunlu çıxış edib. Dövlətimizin başçısı çıxışında ölkəmizin son illər böyük bir coğrafi ərazidə mühüm nəqliyyat mərkəzinə çevrilməsi fikrini xüsusi vurğulayaraq deyibdir: “Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərir. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq”.
Məlum olduğu kimi, iri nəqliyyat və enerji layihələri regionların sürətli inkişafı və tərəqqisi üçün geniş imkanlar açır. Azərbaycan dövləti ən yüksək səviyyədə bu prosesi təqdir edir, dəstəkləyir və inkişaf etdirir. Fəxrlə bildirmək istərdim ki, rəsmi Bakı son illər bir çox regonal layihələrin təşəbbüsçüsü olubdur. Nəticədə, Azərbaycan faktiki olaraq bir çox iri nəqliyyat və enerji layihələrinin mərkəzinə çevrilib.
Xəzəryanı dövlətlərin Xəzər dənizini sabitlik, sülh, əməkdaşlıq regionuna çevirməsi istiqamətində atdığı addımlar təqdir olunmağa layiqdir. Regionun bugünkü və gələcək tərəqqisinə hesablanmış bu siyasət bölgə xalqlarının rifahına müsbət təsir göstərəcək. Xalqlar sülh, əmin-amanlıq içində yaşayacaqlar. Bundan yaxşı nə ola bilər?!
Azərbaycan Prezidenti türkmənistanlı həmkarı ilə görüşündə vurğulayıb ki, Aşqabad Zirvə Toplantısı təhlükəsizlik, ekologiya, su ehtiyatları istiqamətləri üzrə əməkdaşlığın möhkəmlənməsi işinə mühüm töhfə verəcək. Xəzərin əsrlər boyu yaxın dost və qonşu kimi yaşamış xalqlarımızı birləşdirən dəniz olduğunu deyən Prezident İlham Əliyev regionumuzda gələcək təhlükəsiz inkişafın təmin ediləcəyinə əminliyini ifadə edib və bu işdə Xəzəryanı dövlətlərin böyük rolunu vurğulayıb.
Bəli, bu gün Prezident İlham Əliyevin müdrik liderliyilə Azərbaycan regionda inkişaf və tərəqqinin lokomotivi rolunda çıxış edir. Qonşu dövlətlər, bütövlükdə, dünya birliyi Bakının bu istiqamətdəki təşəbbüslərini alqışlayır və dəstəkləyirlər.
Anatoli RAFAİLOV,
Milli Məclisin deputatı
Köhnə versiyamızdan xəbərləri izlə