Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Leyla ƏLIYEVA: İnsanları sülhə, mədəniyyətə təşviq etmək nəcib missiyadır

Günəş öz işığını, istisini təmənnasız olaraq dünyaya yaydığı kimi, Allahın sevimli bəndələri olan insanlar da daim ətrafa nur saçır və bu missiyanın daşıyıcıları olmaları ilə fəxr edir, qürur duyurlar. Tanınmış ictimai xadim, Heydər Əliyev Fondunun vitse-prezidenti, şair, “Bakı” jurnalının təsisçisi və baş redaktoru, İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının(AMOR) sədri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla Əliyevanın işıqlı aurası var, bütün həyatı insanlara yaxşılıq etmək amalı üzərində köklənib.

Ötən il Leyla xanımın təşəbbüsü ilə Moskva Dövlət Universitetinin Nəbatat bağına xarıbülbül qələmləri verilib. Bu vətənpərvərlik addımı İkinci Qarabağ müharibəsində böyük zəfər qazanmış Azərbaycan xalqının dünyaya sülh mesajı idi. Moskvada gül açan qələmlər milli-mənəvi dəyərlərimizə sahiblik hissimizi, əslində, yalnız Şuşada bitən nadir çiçəklərin, səmimi istək olarsa, hətta uzaq şimal şəhərində də bitə biləcəyi anlamını ifadə edir.

Bakıdakı 160 nömrəli tam orta məktəbi bitirdikdən sonra Avropa Biznes Məktəbinə (ESB) daxil olan Leyla Əliyeva kiçik bacısı Arzu Əliyeva ilə birlikdə İsveçrə və Böyük Britaniyada oxuyub. 2006-2008-ci illərdə Rusiyada Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun politologiya fakültəsində dünya siyasəti üzrə magistr təhsili alıb. Onun ictimai fəaliyyəti çoxşaxəlidir. Bir neçə il əvvəl aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasında verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri adına layiq görülüb. Leyla xanımın təşəbbüsləri ilə reallaşan insanpərvər tədbirlər ilk növbədə, bəşəriyyətə, sülhə, əməkdaşlığa xidməti ilə seçilir. Özü bu barədə deyir ki, əgər fayda verə biləcək bir iş görməyə imkan varsa, mən həmin imkandan məmnuniyyətlə istifadə edirəm.

Yaşlı nəsil yaxşı xatırlayır ki, Leyla xanım hələ kiçik yaşlarından babası – ulu öndər Heydər Əliyevlə bərabər, dövlət himayəsində olan kimsəsiz uşaqların şənliklərində iştirak edir, onlarla birlikdə əylənir, uğurlarına sevinirdi. Genetik xeyirxahlıq missiyası bu gün daha geniş aspektdə davam edir.

İnamla demək olar ki, bu gün Azərbaycanda xeyriyyəçilik, təhsil, səhiyyə və digər məsələlərlə bağlı böyük layihələrin həyata keçirilməsi ilk növbədə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və fondun vitse-prezidenti Leyla Əliyevanın adı ilə bağlıdır. Babasına, ata və anasına xas olan nəciblik, insanpərvərlik, böyüyən nəslə qayğı kimi özəl keyfiyyətlər Leyla xanıma da dərindən sirayət edib və ona böyük rəğbət qazandırıb. Qayğıya ehtiyac duyan uşaqların görüşünə təkcə bayram günlərində deyil, adi vaxtlarda da müntəzəm olaraq gedən Leyla xanım onların arzu və istəklərinə əməl etməkdən, sözün əsl mənasında, zövq alır.

Nur çöhrəli qayğıkeş ana, diqqətcil ictimai xadim olan Leyla xanımın vaxtaşırı olaraq həvəslə yollandığı ünvanlar – psixonevroloji sosial xidmət müəssisəsi, sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum uşaqlar üçün xüsusi internat məktəbi, uşaq evləri, Milli Onkologiya Mərkəzinin Uşaq Klinikası, Talassemiya, Daun Mərkəzi və bu kimi onlarla digər müəssisələrdir. O, hər ziyarəti ilə həmin ünvanlardakı uşaqlara bir dünya sevinc bəxş edir. Onların sağalmaları, fəal həyata qovuşmaları üçün əlindən gələni əsirgəmir. Elə öz doğma övladlarından başqa, himayəsinə aldığı Əminə adlı kimsəsiz bir qızı da layiqli vətəndaş kimi böyüdüb tərbiyə etməsi onun necə incə qəlbli bir insan, duyğusal qadın olmasından soraq verir.

...Şeirlərinin birində atılıb-düşən uşaqların toplarının olmadığı üçün ürəyini onlara vermək istəyini poetik bir dillə ifadə edib. Bununla da Leyla Əliyeva özünün insanpərvərlik örnəyini ortaya qoyur. Beləcə, diqqətəlayiq şeir yaradıcılığı ilə də tanınan şairin neçə-neçə kitabı Azərbaycan, rus və digər dillərdə nəşr olunaraq geniş oxucu kütləsi arasında yayılıb. Qəlbi uşaqlara, xüsusilə də atılmış, fiziki və əqli cəhətdən əngəlli olan balacalara sonsuz sevgi ilə döyünən Leyla xanımın mərhəmət duyğuları onun əksər şeirlərindən boy göstərir.

Leyla Əliyeva nankor qonşularımız olan ermənilərin xalqımızın başına gətirdiyi faciələrə biganə qalmır, imkanları daxilində onların vəhşiliyini ifşa edir, davamlı olaraq dünyanın diqqətini erməni faşizminin törətdiyi ağrı-acılara cəlb edir. Onun təşəbbüsü ilə 2008-ci ildən başlanan “Justice for Khojaly!” (”Xocalıya ədalət!”) beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində hər il dünyanın 70-dən çox ölkəsində konfranslar, sərgilər təşkil olunur, digər tədbirlər reallaşdırılır. Bu kampaniyanın məqsədi “Əsrin faciəsi” haqqında həqiqətlərin dünyaya yayılmasına, bu qətliamın Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasına nail olmaqdır. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimizin Qarabağı işğaldan azad etməsi, Xocalının qisasının alınması hər bir azərbaycanlı kimi, Leyla xanımın da qəlbini qürur və iftixarla döyündürüb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə dəfələrlə Şuşaya və azadlığına qovuşmuş digər bölgələrimizə səfərlərə qatılması bunu bir daha sübut edir.

Bu günün qayğıları onu daim məşğul edir. Eyni zamanda Leyla Əliyeva ekoloji sınaqlara məruz qalan dünyanın sabahını da düşünən kreativ düşüncəli bir ictimai xadimdir. On bir il əvvəl Azərbaycanda və dünyada ekoloji məsələlərlə bağlı ictimai maarifləndirmə işinin gücləndirilməsi ilə əlaqədar IDEA kampaniyasının əsasını qoyub. IDEA planetimizin üzləşdiyi ekoloji problemlərin həllində gənclərin aktiv iştirakını təmin etməyi hədəfləyib. “Gələcək bizim əlimizdədir” şüarı ilə getdikcə fəaliyyətini daha da genişləndirir. Təşkilat dialoq, fəaliyyət, liderlik və təhsil kimi başlıca prinsiplərə əsaslanır. Bu ictimai birlik Heydər Əliyev Fondu ilə bərabər “Ağacların kəsilməsinə yox!” proqramını həyata keçirib, gənc könüllülər indiyədək ölkənin rayonlarında milyonlarla yeni ağac əkiblər. “Meyvə ağaclarının əkilməsi” layihəsi çərçivəsində bölgələrdə meyvə bağları salınaraq, təmənnasız olaraq aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi veteranları və şəhid ailələrinin istifadəsinə verilib. "Bizim həyət", "Yaşıllıqları bərpa edək" layihələri də eyni uğurla icra edilir. Həmçinin Leyla Əliyevanın təşəbbüsü ilə Maltada “Yer kürəsi uşaqların gözü ilə” sərgisi təşkil olunub, Bakıda Dənizkənarı Milli Parkda “Məhəbbət ağacı” layihəsi reallaşdırılıb.

Leyla xanımın təşəbüsü ilə Bakıda Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil edilib. IDEA İctimai Birliyi “Panthera” təşkilatı ilə birgə Qafqaz bəbirinin qorunması istiqamətində layihə reallaşdırıb. “Qırmızı kitab”a daxil edilmiş heyvanların məhvinin qarşısını almağa çalışır. Ceyranların sayının artırılması ilə bağlı layihələr həyata keçirib. “Zubrların Azərbaycana reintroduksiyası” proqramı çərçivəsində ölkəyə gətirilmiş zubrlar İsmayıllı rayonunda yerləşən Şahdağ Milli Parkındakı xüsusi əraziyə buraxılıb. Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin birgə layihəsi çərçivəsində paytaxtın Balaxanı qəsəbəsi ərazisndə "Toplan" sahibsiz itlərə qayğı mərkəzi yaradılıb. Layihə sakinlərin təhlükəsizliyinin təmin edilməsi, sahibsiz heyvanlara qayğı göstərilməsi, həmçinin cəmiyyətin onlara qarşı münasibətinin dəyişdirilməsi məqsədi daşıyır.

Mədəniyyətlərarası dialoqa mühüm töhfələr verilməsində də Leyla xanım xüsusi fəallığı ilə seçilir. Heydər Əliyev Fondunun xəttilə Bakıdakı Müqəddəs Məryəm kilsəsinin yenidən qurulması, Strasburq kafedral kilsəsinin, Luvr muzeyinin, Versal sarayının təmiri bu qəbildəndir.

Leyla Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) təsis edilib. Bu, qonşu ölkədə yaşayan, çalışan və təhsil alan gənclərimizi bir araya gətirən və onların bu ölkənin ictimai həyatında fəal iştirakına xidmət edən uğurlu layihədir. Rusiyadakı azərbaycanlı gənclər RAGB adı altında bir araya toplanaraq, Azərbaycan xalqının tolerantlığını, bəşəriliyini, multikulturallığını, sevgisini dünyaya nümayiş etdirirlər. Hazırda Rusiya Federasiyasının 49 regionunda bu təşkilatın minlərlə təşəbbüskar və kreativ nümayəndəsini birləşdirən 55 regional bölməsi fəaliyyət göstərir. Təşkilatın başlıca vəzifəsi Azərbaycan həqiqətlərini Rusiya ictimaiyyətinə çatdırmaqdır. Hər il Leyla Əliyevanın təşəbbüsü ilə 20 Yanvar hadisələri, Xocalı soyqırımı ilə bağlı Rusiyanın və digər ölkələrin müxtəlif şəhərlərində yaddaqalan anım mərasimləri keçirilir.

Leyla xanımın Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri, RAGB-nin sədri kimi fəaliyyəti qonşu ölkənin ictimaiyyəti tərəfindən daim yüksək qiymətləndirilib. Belə ki, o, 2012-ci ildə "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” mükafatına, 2013-cü ildə "3-cü dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa” ordeninə və "Volqoqrad vilayəti qarşısında xidmətlərə görə” medalına, 2016-cı ilin sentyabrında isə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Elmi Şurasının qərarı ilə bu ali məktəbin "Xidmətlərə görə” medalına layiq görülüb.

Qeyd etdiyimiz kimi, Leyla Əliyeva fəal sosial və ictimai fəaliyyəti ilə yanaşı, bədii yaradıcılıq sahəsində də tanınıb. Poetik duyğularını rus dilində qələmə alsa da, azərbaycançılıq ruhu onun şeirlərinin mayasını təşkil edir. Leyla xanımın yaradıcılıq nümunələrini fərqləndirən odur ki, bu şeirlər milli ədəbi qaynaqlara söykənir, onun öz mövzusu, fəlsəfəsi, obrazlar sistemi var. “Azərbaycan” şeri bu baxımdan maraq kəsb edir:

Sərvətdən yaradıb Allah bu yeri,

Zirvələr, vulkanlar, meşələr, göllər.

Gözəl Azərbaycan Tanrının sirri,

Sənə xeyir-dua göylərdən gələr...

Yeri gəlmişkən qeyd edək ki, neçə-neçə maraqlı kitabın müəllifi olan, əsərləri bir çox dilə tərcümə edilən Leyla Əliyeva 2015-ci ildə Rusiya Federasiyasının "Puşkin” medalı ilə təltif edilib. Həmin il noyabrın 4-də Rusiya Prezidenti Vladimir Putin Xalq Birliyi Günü şərəfinə keçirilən qəbulda "Puşkin” medalını ona şəxsən özü təqdim edib. Leyla Əliyevanın “Sanki bir alovsan” şeirlər toplusu Türkiyənin nüfuzlu “BENGÜ” yayınları brendi ilə oxuculara təqdim olunan “Azərbaycan ədəbiyyatı”nın seçilən nəşrləri sırasına daxildir. Onun “Dünya yuxutək əriyir...” kitabı Bakıda Azərbaycan dilində,Tehranda farsca, Londonda ingiliscə, Daşkənddə özbək dilində, “Ulduzlar göylərdə düzülsəydi sırayla” kitabı Moskvada rusca, Minskdə belarus dilində nəşr olunub və geniş oxucu kütləsinin sevgisini qazanıb. Ümumiyyətlə, 20-yə yaxın kitabı müxtəlifdilli oxucuların geniş təqdirini qazanıb.

Ötən il aprelin 9-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Bakıdakı qərargahında Leyla Əliyevanın qırğız və rus dillərində nəşr olunmuş “Tanrının səsini eşitmək istəyirəm” şeir toplusunun geniş təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycanın və Qırğızıstanın tanınmış mədəniyyət xadimləri, ədəbiyyatçılar və digər qonaqlar iştirak ediblər. Kitabın bədii məziyyətlərindən danışılıb və bildirilib ki, Leyla xanım gənc olmasına baxmayaraq, çoxşaxəli istedada malik insandır.

İstedadlı insan Leyla xanımın bir fərqli keyfiyyəti də maraqlı rəssam olmasıdır. Şeir yazarkən sözlərdən mənzərələr yaratdığı kimi, rəsm çəkərkən də duyğularını rənglərin dili ilə məharətlə ifadə edir. Onun bir çox rəsmləri Paris, Berlin, London, Moskva şəhərlərində sərgilərdə nümayiş etdirib. Leyla xanımın bədii təxəyyülü, müraciət etdiyi həssas mövzular hər kəsi duyğulandırır, düşündürür. Onun yaradıcılığında əsl Azərbaycan qadınının, əsl türk xanımının hissləri, emosiyası müşahidə olunur. Leyla xanım rəssam həmkarlarının yaradıcılığına da biganə qalmır, onların daha çox tanınmasındən ötrü gərəkli addımlar atır. Onun dəstəyi ilə müasir Azərbaycan incəsənətinin və rəssamlarının həm yerli, həm beynəlxalq səviyyədə təbliğinə xidmət edən "YARAT!" Müasir İncəsənət Məkanının sərgiləri dünyanın böyük şəhərlərində təşkil olunub.

Ötən ay Heydər Əliyev Fondunun və IDEA İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub. Sərginin açılışında BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Cenevrədə akkreditə olunmuş diplomatik korpusun və ictimai təşkilatların nümayəndələri, soydaşlarımız iştirak ediblər.

BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya açılış nitqində Leyla Əliyevaya və sərgidə öz əsərləri ilə iştirak edən rəssamlara, eləcə də sərginin kuratorlarına bu cür mühüm mövzunu incəsənət vasitəsilə ictimailəşdirdiklərinə görə minnətdarlıq edib. Leyla xanım çıxışında bildirib ki, bu sərgi incəsənət vasitəsilə diqqəti bəzi qlobal məsələlərə yönəltmək üçün fürsətdir. Çünki bədii yaradıcılıq insanların qəlbinə toxunmaq və ona səslənmək üçün ən yaxşı yollardan biridir: “IDEA-da biz ətraf mühitin qorunmasının vacibliyi mesajını çatdırmaq üçün həmişə incəsənət və bədii yaradıcılıqdan bəhrələnirik. Təşkilatımız 2011-ci ildə təbiətimizi və biomüxtəlifliyimizi qorumaq missiyası ilə yaradılmışdır. Biz insanları təhsilə, incəsənətə, musiqiyə, maarifləndirməyə və ən əsası təbiətdə daha çox zaman keçirməyə təşviq etmək istəyirik”.

Leyla xanım qeyd edib ki, IDEA, həmçinin çirklənmə ilə mübarizəyə, heyvanların və dənizlərdə həssas ekosistemin qorunmasına diqqət yetirir. Çünki su bəşəriyyətin varlığı üçün vacibdir, su həyatdır. Son 50 ildə dəniz canlılarının 50 faizinin məhv olduğunu etiraf etmək çox çətindir. Bəşəriyyət çaylara, dənizlərə və okeanlara ciddi zərbə vurub: “Mən deyərdim ki, insanlar və təbiət bir-biri ilə sıx bağlıdır. Təbiəti incitsək, bununla biz, ilk növbədə, özümüzə zərər vermiş olarıq. Lakin mən həqiqətən inanıram ki, yoxa çıxan parçaları müsbət düşüncə ilə geri qaytara bilərik. Düşünürəm ki, insanlar nə qədər xoşbəxt olsalar, təbiətə daha çox qayğı göstərərlər. Bizi, ilk növbədə, xoşbəxt edən elə təbiətin özüdür”, – deyə Leyla Əliyeva bildirib.

BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa Ofisinin direktoru Bruno Pozzi uzun illərdən bəri IDEA-nın tərəfdaşı qismində təmsil etdiyi təşkilat adından bu sərgiyə qatılmasından məmnunluğunu ifadə edib. Qeyd olunub ki, sərgi diqqəti dünyada hamını məşğul etməli olan problemə yönəldir. Çünki su mavi planetimizdə ən vacib resurs və həyat mənbəyidir. İqlim dəyişikliklərinin baş verdiyi müasir dövrdə qlobal çağırışlar sırasında yer alan su resurslarının mühafizəsi prioritet təşkil etməlidir.

Tədbirdə vurğulanıb ki, bu sərgi Azərbaycanın gənc incəsənət xadimlərinin dünyanı düşündürən qlobal çağırışa sənət vasitəsilə bədii ifadələrini əks etdirir. Çıxışlardan sonra Cenevrədə fəaliyyət göstərən “İrs” uşaq rəqs ansamblı Azərbaycan xalq mahnılarından ibarət bədii proqramla çıxış edib. Sonra sərgiyə ictimai baxış olub.

Qeyd edək ki, sərgi Cenevrədəki Millətlər Sarayında (Palace of Nations) yarım ay davam edib. Azərbaycanın doqquz müasir rəssamının əsərləri təqdim olunub. Gələcək nəsillər üçün su ehtiyatlarının qorunmasının vacibliyi ekspozisiyadakı əsərlər vasitəsilə vurğulanıb, eyni zamanda, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağın ən yaxşı yolunun yaradıcılıqdan keçdiyi xatırladılıb.

Leyla Əliyeva, Cavid İlham, Diana Əliyeva, Elşən Karaca, Erkin Ələkbərli, Günel Ravilova, Mirəli Seyidov, Nəzrin Xələfova və Nəzrin Məmmədova sərgidə öz əsərlərindəki mesajları bu kimi problemlərə yönəltməklə, insanların mövzu barədə daha geniş təsəvvürə malik olmalarını təmin edib və ekoloji fəaliyyət üçün ictimai dəstək toplayıb, bununla da qlobal məqsədlərə töhfə verilib.

Həmin günlərdə Leyla Əliyeva BMT-nin Cenevrə bölməsinin iqamətgahında yerləşən “Azərbaycan otağı”nın rekonstruksiyası ilə bağlı təqdimatla tanış olub. Bölmədə 20-dən artıq ölkəyə həsr olunmuş otaq və zallar mövcuddur. 2007-ci ildə Heydər Əliyev Fondu tərəfindən bərpa olunmuş və milli xalçalarla, Azərbaycan rəssamlarının və tətbiqi sənət ustalarının əsərləri ilə bəzədilmiş “Azərbaycan otağı” mühüm iclasların və regional mövzularda toplantıların keçirilməsi üçün istifadə edilir. Otağın müasir texnoloji standartlara cavab verməsini təmin etmək üçün yeni layihəyə start verilib. Almaniyanın “Luther Design“ şirkəti otağın yerləşdiyi tarixi binanın konsepsiyasını qorumaqla, Azərbaycan mədəniyyəti, incəsənəti, sənətkarlıq və milli musiqisinin təqdim olunduğu layihə ilə çıxış edib.

Leyla Əliyeva, həmçinin BMT-nin Cenevrə bölməsində Millətlər Sarayının qarşısında yerləşən Ariana parkında Azərbaycan dövlətinin hədiyyəsi olan “Düşüncələr və arzular” adlı heykəltaraşlıq abidəsini ziyarət edib. Həmin abidənin müəllifləri Xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayevdir. Leyla Əiyeva, eyni zamanda, BMT-nin Cenevrə bölməsinin kitabxanasına Azərbaycan haqqında kitablar hədiyyə edib. Xatırladaq ki, orada Paris Sülh Konfransına aid arxiv sənədləri saxlanılır. Həmin arxiv Azərbaycan üçün misilsiz əhəmiyyətə malikdir. Çünki burada Azərbaycan Xalq Cümhuriyyətinə aid bir çox tarixi sənədlərin əslləri qorunur. Bu sənədlər sırasında Paris sülh danışıqlarında iştirak edən Azərbaycan nümayəndə heyətinin hazırladığı məktub və müraciətlər, xəritə və digər mühüm tarixi sənədlər mövcuddur. 2016-cı ildə həmin materiallar rəqəmsal formata keçirilib və onlayn kataloqa daxil edilib.

Göründüyü kimi, yaradıcı bir insan olan Leyla xanımın səyləri dünyada mədəniyyətlərarası dialoqa mühüm töhfə olur. Onun bu missiyası xüsusi diqqət çəkən məqamlardan biridir. Leyla Əliyevanın təşəbbüsü ilə bir sıra ölkələrdə bu istiqamətdə mühüm addımlar atılıb. Leyla Əliyevanın dəstəyi ilə Moskvada "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu. Bakı forumu" kitabının çapdan çıxması Azərbaycan reallıqlarını özündə ehtiva edən fakt kimi böyük diqqət və maraqla qarşılanmışdır. 2012-ci ilin noyabrında Londonda Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Avropa multikulturalizminin perspektivləri: Dinlərarası dialoq və dini tolerantlığın Azərbaycan modeli" mövzusunda konfrans Azərbaycanın bütün dünyada sülhün, firavanlığın təmsil olunması istiqamətində həyata keçirdiyi siyasətə sanballı töhfə olmuşdur.

Nəciblik, həmrəylik, dostluq və əməkdaşlıq missiyasının daşıyıcısı olan Leyla xanım Əliyevanı doğum günü münasibətilə qəzetimizin oxucuları adından təbrik edir, çoxşaxəli və gərəkli fəaliyyətində ona daha böyük nailiyyətlər arzulayırıq.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”

3 İyul 2022 01:42 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə