Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Jalə Cəfərovanın mənəvi dünyaya yetkin və obyektiv baxış bucağı

“Rəngləri danışdıran adam” kitabı albomda Naxçıvanda doğulmuş rəssam İbrahim Səfidən bəhs olunur

“Ən əhəmiyyətlisi sənin gözlərinlə görə bilmədiyindir” – Antuan de Sent Ekzüperinin “Balaca Şahzadə”si belə deyir. Əlbəttə, gözlə görünən ilkin təəssürat və təsəvvürdür.

Göz – başın çölə açılan pəncərəsidir. Qəlb – ruhun çölə açılan pəncərəsi. Gözlə görünən – qiyabi, qəlblə görünən – əyanidir. Gözümüzlə kitabın üz qabığını görürük. Qəlbimizlə onun səhifələri vərəqlənir. Rus deyimi bu məqama işıq tutur: “Kitabı üz qa­bığına görə mühakimə etmək doğru olmaz”. Bəli, zaman-zaman kitabı vərəqləməyə, bəzən əvvəlki səhifəyə yenidən qayıtmağa ehtiyac yaranır. Bu, mənəvi ehtiyacdır. Bu, mənəviyyat adamının həssaslığıdır...

Dünya ədəbiyyatının usta qələm sahibi - Anton Çexov yazırdı ki, “İnsanda hər şey gözəl olmalıdır: üz, geyim, ruh və düşüncə”.Çexovun bu qiymətli fikri dərin düşünənin təfəkkür çarxını hərəkətə gətirir. Bu, sıradan fikir deyil. Bu, həm də insanlığın zikridir. Bu, məqsəddir, məramdır, məsuliyyətdir, məqamdır.

Beləliklə, yuxarıda Çexovun aforizmini misal çəkdik. Burada üz və geyim gözlə, ruh və düşüncə qəlblə görünür, duyulur, anlaşı­lır...

Barəsində söhbət açacağım Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərova çöhrəsi, geyimi, ruhu və düşüncəsi ilə Şərq qadını – Azərbaycan xanımıdır. Onun məqsədi, məramı məsuliyyəti bütün dövrlər üçün ümdə məfhum olan vətənpərvərliklə yoğrulub. O, ictimai və şəxsi mənafeyi düz­gün əlaqələndirir, üzərinə götürdüyü mənəvi məsələləri ləyaqətlə icra edir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi: “İnsan mənəviyyat üçün yaşamalıdır”. Bu mənada Jalə Cəfərovanın gördüyü işlər mənəvi ehtiyac­dan doğur. Bir tərəfdən də sevinc, fərəh, xoşbəxtlik gətirən fəaliyyətə çevrilib.

Yaradıcı fəaliyyəti ilə qovuşan sadə tərzi Jalə xanımı fərqləndirən əsas məziyyətlərdəndir. Onun mənəvi keyfiyyətlərini yaradıcılığı boyu izləmək mümkündü.

O, daim şəhid ailələri ilə görüşür, on­ların dərdinə şərik olur. Vətən torpaqları­nın bütövlüyünə, müqəddəs yerlərin yağı düşməndən təmizlənəcəyi günə bütün qəlbi, ruhu ilə ötən illərdə daima inanıb.

Qəhrəmanlıq salnaməmiz olan Aprel döyüşlərinin üçüncü ildönümünə həsr etdiyi “Əbədi yaşayanlar”, haqq savaşımızdan sonra şəhid ruhlarına sonsuz ehtiramdan, qazilərimizə dərin minnətdarlıq hissindən doğan “Kiçik dünyanın böyük insanları” kitabı Jalə Cəfərova dünyasının mənəvi zənginliyindən xəbər verir.

Jalə Cəfərova yaradıcılığında vətənpərvərlik mücərrəd mənada deyil, müfəssəl və aydın şəkildə özünü göstərir. Onun Azərbaycan və Türkiyənin ortaq dəyəri olan İbrahim Səfi haqqında ərsəyə gətirdiyi “Rəngləri danışdıran adam” kitabı söylədiklərimizə sübutdur.

Hər iki qardaş xalqın – Azərbaycan və Türkiyə mədəniyyətinin ortaq dəyəri tədqiqat işinin nəticəsi olaraq “Rəngləri danışdıran adam” kitabında bütün çalarları ilə özü­nü təcəlli etdirir. Əbəs yerə deyildi ki, ulu öndər Heydər Əliyev: “Xalq gərək daim öz kökünü xatırlasın” deyirdi. Bu kitab bir xalqın öz rəssamını dərindən tanımasına vəsilə, kökümüzə ayrılmaz tellərlə bağlılığın göstəricisidir.

Kitab-albomda Rəhman Səfiyev – İbra­him Səfi haqqında müfəssəl məlumata rast gəlirik. Doğulduğu Naxçıvan, mühacir həyatı yaşadığı Türkiyə xatirələri onu tanıyanların söylədikləri ilə uzlaşır. Habelə kitabda ustad sənətkarın müxtəlif səpkili qiymətli rəsmlərini görürük.

Rəssamın həyat və yaradıcılığına həsr edilən və yüksək poliqrafiya ilə çap olunan kitab-albom Azərbaycan, türk və ingilis dillərindədir.

Kitabı iki qardaş ölkənin qarşılıqlı mədəni əlaqələrinin nümunəsi də hesab etmək olar. Bu mənada böyük əhəmiyyətə malikdir. Ki­tabda Türkiyənin tanınmış sənət adamlarının fırça ustası haqqında xatirələri, fikirləri olduq­ca qiymətlidir. Burada, həmçinin rəssama aid arxiv sənədləri, məktublar, ailə fotoları, tədbir zamanı çəkilən bir-birindən maraqlı xatirə şəkilləri də yer alıb.

Kür çayına kürə-kürə dönmək istəyən şair Əli Kərim kimi, Jalə Cəfərova da haqqında danışdığımız kitabın hər səhifəsinə qətrə-qətrə zəhmət çəkib. Rəssamın ilk əl işi olan “Araz balıqçıları” rəsminin fonunda sanki müəllif İbrahim Səfi ruhunu ərsəyə gətirdiyi kitabla Kürə, Araza, Xəzərə – Vətənə döndərib, məmləkətə gətirib.

Bildiyimiz kimi xalq şairi Məmməd Arazın uşaqlığı və ilk gənclik illəri Nəqşi–Cahanda – Naxçıvan diyarında – Şahbuzda keçmiş­di. Gəlin, sənətinə bağlı olan şairin qələm qüdrətindən doğan misraya diqqət edək:

Məni şeirimdə gəz bir insan kimi,

Qəlbimdə nə varsa, onu demişəm.

Anadan-bacıdan gizlətdiyimi

Kağızdan, qələmdən qizlətməmişəm.

İbrahim Səfinin də uşaqlığı və ilk gənclik illəri qədim şəhərdə Naxçıvanda – Şərurda keçib. Ancaq Məmməd Arazdan fərqli olaraq İbrahim Səfi qələm adamı deyil, rəssam idi.

Jalə Cəfərova İbrahim Səfi ismini uca tutdu. Rəssamın sənətinə və şəxsiyyətinə olan sevgisini sözə çevirdi. Fikirlərini Məmməd Araz demişkən, "kağızdan, qələmdən gizlətmə"di. Bunun nəticəsi olaraq dünyaşöhrətli rəssam haqqında "İşığı Sol­mayan Rəsmlər" adlı ikinci kitabı gün üzünə çıxardı. Kitabda "Məqsədimiz" başlıqlı yazı var. Bu yazıda müəllifin fikirlərini oxuyaq: "Qarşıya çıxan çətinliklərdən ən başlıcası rəssamın şəxsi arxivinin olmaması və ya bu günə qədər harda saxlanılması haqda heç bir bilginin olmaması idi". Bütün bunlarla ya­naşı ortaya iki yüksək tərtibatda kitabın və bir sənədli filmin çıxması, həqiqətən də tədqiqat işinin Jalə Cəfərova nailiyyəti, qələbəsi də adlandırmaq olar.

Jalə Cəfərovanın mənəvi missiyası İbrahim Səfi yaradıcılığına maraq doğurdu, rəssamı əsərləri ilə birlikdə bizlərə – onu tanımayanlara tanıtdı.

“Rəngləri danışdıran adam”, “İşığı Solmayan Rəsmlər” kitablarında rəssamın bir-birindən fərqli, qiymətli rəsmləri yer alıb. İlk baxışdan türk rəssamın əsərləri İspan rəssam Pikassonu da xatırladır. Deyirlər ki, rəssamlar hər kəsdən fərqlənir. Ancaq İbra­him Səfi bir rəssam kimi rəssamlardan da fərqlənirdi. O da Pikasso kimi, öz dəsti-xəttini yaratmışdı. Pikasso həyatının çox hissəsini Fransada keçirmişdisə, İbrahim Səfi də öz yaradıcılığı ilə fransız impressionistlərinə yaxın idi. Hər iki şöhrətli fırça adamı digər rəssamları təkrarlamır, yaradıcılıqları ilə onların kölgəsində qalmırdı. Hər birinin əsəri sadə quruluşlu olsa da, zəngin və dərin məzmuna malikdir.

İbrahim Səfi sənəti ilə bərabər, həm də kökünə bağlı insan idi. O, Qafqaz İslam Ordusu sıralarında Azərbaycan torpaqlarını erməni quldurlarından müdafiə etmişdi. O, Qurtuluş savaşında Türkiyə torpaqlarının müdafiəsində dayanmışdı.

Bu yerdə böyük rəssamın həyat və yara­dıcılığından bəhs edən “Rəngləri danışdıran adam” filmində maraqlı bir məqama diqqət edək: Jalə xanım, bağrına sıxaraq Türkiyəyə apardığı bir ovuc Naxçıvan torpağını İbrahim Səfinin uyuduğu məzarın üzərinə səpir. Bu mənzərə izləyicini olduqca mütəəssir etdi. Simvolik hadisə fəlsəfi anlamı, duyğulu anları ilə yaddaşımızda silinməzlik qazandı. Bir ovuc müqəddəs torpaq Haqq savaşından qalib çıxan və bununla da Vətən bütövlüyünü təmin edən ulu xalqın öz övladına - İbrahim Səfi ruhuna sonsuz ehtiramdan, ali sevgidən doğan ən böyük hədiyyəsi oldu.

Jalə Cəfərovanın dünyaşöhrətli rəssama həsr etdiyi bir neçə dəyirmi masada iştirak­çı oldum. Hətta rəssam haqqında “İbrahim Səfi rəsmlərinin “sözü” yaxud Jalə Cəfərova sözlərinin “rəsmi” başlıqlı yazıma Jalə Cəfərova müəllifi olduğu “İşığı Solmayan Rəsmlər” kitabında yer ayırdı. Hər tədbirdə Jalə Cəfərovanın yazının əvvəlində də dediyimiz kimi, məqsədinin, məramının, məsuliyyət və məqamının ucalığını, təmizliyini gözlərimiz və qəlbimizlə gördük.

Fəqət, bir məqama da diqqət çəkmək istəyirəm. İbrahim Səfi: “Ən yaxşı müəllim təbiətdir, rəssamın müəllimi təbiətin içində var” – deyirdi. Jalə Cəfərova tədbirlərin birini təbiət qoynunda təşkil etsəydi, düşünürəm ki, daha gözəl olardı. Çünki İbrahim Səfini təbiət yaratmışdı. Yaradıcılığından da görürük ki, rəssam, həqiqətən də təbiət hadisəsi idi.

Bu gün Türkiyə–Azərbaycan qardaşlığı, qardaşlıqdan doğan sarsılmaz birliyi, regio­nal, beynəlxalq müstəvidə eynilik təşkil edən milli maraqları, həmçinin dövlət mənafelərinə uyğun sürətli inkişafı hər iki qardaş ölkəni dünyanın ən güclü dövlətinə çevirib. Əlbəttə, bütün bunlar İbrahim Səfi ruhunu şad etməyə bilməz.

Yazının sonunda tarixi bir hadisəni xatırlatmağı özümə borc bilirəm. Bu yaxın­larda Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda dövlət səfərində oldu. Bu, xalqlar arasında mənəvi bağlılığın, dost­luq münasibətlərinin möhkəm təməlinin göstəricisidir. Göründüyü kimi, hər iki xalqın bir-birinə sarsılmaz tellərlə bağlılığını mənəvi dəyərlər üzərində qurulan saf hisslər, munis duyğular, mədəni əlaqələr təşkil edir. Yazını son cümləsini ulu öndər Heydər Əliyevin bəşəri fikirləri ilə bitirmək istəyirəm: “İnsan mənəviyyat üçün yaşamalıdır. Mənəviyyatını qoruyan, yaşadan insan əbədi olacaqdır”.

Əsgər İSMAYILOV,

BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

3 İyul 2022 01:39 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə