Ən son xəbərlər
Dünyada qlobollaşma prosesi davam etdikcə – hər bir ölkənin inkişafında xarici dövlətlərin də təsiri mühüm rol oynadıqca Vətəndən kənarda yaşayıb, fəaliyyət göstərən insanların öz xalqı üçün dəyəri xeyli dərəcədə artır. Bu insanlar öz davranışları, əməlləri ilə təmsil etdikləri ölkə, xalq haqqında fikir formalaşdırırlar. Başqa ölkələrdə öz dövlətləri, xalqları barədə daha xoş fikir yaradan insanlar dəyərli hesab olunurlar. Ona görə də bizim xarici ölkələrdə öz ağlı, əxlaqı, savadı, əməlləri ilə seçilən, ölkəmizə nüfuz gətirən insanlarımıza olduqca böyük ehtiyac var. Biz bunu son 30-35 ildə daha aydın hiss elədik. Mənfur qonşularımız, bir sıra qaraniyyətli güc mərkəzlərinin dəstəyi ilə üstümüzə ayaq almağa başlayanda gördük ki, başqa ölkələrdə bizim sözümüzü deyə biləcək doğma insanlara çox böyük ehtiyacımız var.
Düşmənin belə insanları çox idi. Onlar bütün beynəlxalq aləmdə səs-səsə verib əleyhimizə mübarizə aparırdılar. Birinci Qarabağ müharibəmizdə məğlub olmağımız, torpaqlarımızın 20 faizini itirməmizin mühüm səbələrindən biri də o zaman xarici ölkələrdə bizim sözümüzü deyən insanların az olması idi. Biz bunu aydın hiss etdik. Həm dövlətimiz, həm də ayrı-ayrı vətənpərvər insanlarımız bu sahədə mühüm addımlar atdılar. Bu sahədəki boşluğu doldurmağa başladıq. Müxtəlif səbəblər üzündən başqa ölkələrə köçən vətənpərvər insanlarımız bu sahədə əhəmiyyətli işlər gördülər. Belə insanlarımızdan biri də uzun illərdir ki Ukraynada fəaliyyət göstərən görkəmli ziyalımız, hüquq elmləri doktoru, professor Arif Cəmil oğlu Quliyevdir.
Hələ gənclik illərindən bir vətənpərvər insan kimi tanıdığım Arif müəllim 1952-ci ildə Bərdə rayonunun Böyük Qacar kəndində anadan olub. Azərbaycan Dövlət Universitetində (indiki BDU), Bakı Ali Partiya Məktəbində, Ukrayna Prezidenti yanında Dövlət İdarəcilik Akademiyasında təhsil alıb. Hazırda Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq Əlaqələr İnstitunun Beynəlxalq hüquq kafedrasının professorudur. Ukrayna Elmlər Akademiyasının həqiqi üzvüdür. Beş monoqrafiya, 2 dərslik, 2 tədris vəsaiti, 150 –dən çox elmi və publisistik məqalənin müəllifidir. Arif müəllim Ukrayna siyasətçiləri, hüquqşünasları, müxtəlif sahələri təmsil edən ziyalıları, Ukraynadakı Azərbaycan diaspor təşkilatları arasında böyük nüfuza malikdir. Bu mövqeyi ona ölkəmiz üçün olduqca əhəmiyyətli işlər görməyə kömək edir.
Arif müəllimin fəaliyyətinin mərkəzində Azərbaycan və Ukrayna xalqlarına xas olan xüsusi atmosfer – yüksək mənəviyyat, hadisələrə obyektiv baxış, bir-birinə doğru hörmətlə, enerjili qarşılıqlı əlaqələrin yaranmasına çalışmaq niyyəti dayanır. Onunla söhbət etdikcə hiss olunur ki, qəlbi həmişə Azərbaycanın yanındadır. Azərbaycan uğrunda yeni uğurlar gətirəcək geniş fəaliyyətlə məşğul olmaq arzusundadır. Ukrayna xalqının Azərbaycana sevgisini çatdırmaq üçün ukraynalı filosof, yazıçı, alim, ictimai və siyasi xadim İvan Franko deyir ki, azərbaycanlıları sevmək qürurdur, azərbaycanlı olmaq şərəfdir.
Arif müəllim Ukrayna və Azərbaycan dövlətləri, xalqları arasında qarşılıqlı hörmət əsasında xoş münasibətlərin yaranması üçün xalq diplomatiyasını ağılla, diplomatiyanın incəliklərini bilən və onu uğurla həyata keçirən mütəxəssislərimizdəndir.
Arif müəllim Ukraynadakı fəaliyyətinin ilk illərində Ukrayna xalqının Azərbaycan barədə məlumatsızlığının şahidi olub. O deyir ki, hələ 1989-cu ildə ilk dəfə Ukraynaya hərbi kursa göndərildiyi zaman yoldaşlarla söhbət zamanı mənfur qonşuların haqqımızda nə qədər yanlış məlumatlar formalaşdırdığını dərk etdim. Məndə belə bir fikir yarandı ki, hökmən bu düşmən münasibətin ortadan götürülməsi üçün əlimdən gələni etməliyəm… Orada rəhsil almağa getmək fikri də bu istəyin təsiri altında formalaşıb. 1998-ci ildən Ukraynada yaşamağa başladığı vaxtdan hələ də bu sahədə problemlərin az olmadığınığını gördü. Sumqayıt hadisələri, Vətənimizin tarixi barədə təhriflər geniş yayılmışdı. Ölkəmizdə gedən proseslər barədə böhtanlara inanan insanlar da az deyildi. Arif müəllim o zaman Ukraynanın “Politika i kultura” jurnalında “Millət Atası. Nəyə görə Azərbaycan xalqı Hedər Əliyevdən xahiş etdi ki, məsuliyyəti öz üzərinə götürüb respublikanı xilas etsin” sərlövhəli məqalə dərc etdirib. Məqalənin önündə bir professorun indiyədək Azərbaycan barədə yanlış məlumata malik olması ilə bağlı etirafı məqaləyə xüsus bir əhəmiyyət vermişdi. Həmin məqalə 2000-ci ilin sentyabr ayında respublikamızda – “Xalq qəzeti”,“Azərbaycan”, “Bakinski raboçi”, və digər qəzetlərdə də dərc olundu.
Arif müəllimin ümummilli liderimizlə şəxsi tanışlığı, hətta bir neçə dəfə onun qarşısında çıxış etməsi ona Ukraynada Azərbaycan həqiqətlərini geniş yaymağa daha çox həvəsləndirirdi. Arif Quliyev hər zaman böyük minnətdarlıq hissi ilə deyir ki, onun Bakı Ali Partiya Məktəbində oxuması, sonralar “Xalq qəzeti”nin Ukraynada müxbiri kimi fəaliyyət göstərməsi və Ukrayna Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının dinləyicisi olması, diplomat kimi fəaliyyət göstərməsi məhz ulu öndərimizin köməyi, tövsiyələri hesabına mümkün olub. Arif müəllim hər zaman özünü böyük Heydər Əliyevin tələbəsi hesab edir. Ona görə də hər zaman qardaş ölkədə dünyanın bu nəhəng siyasətçisinin, dövlət xadiminin şəxsiyyətinin daha əhatəli tanınmasına çalışır.
2003-cü ildə dahi Heydər Əliyevi onun layiqli davamçısı, sonradan öz yüksək intellekti, siyasəti, diplomatik gedişləri, Ali Baş Komandan olaraq hərbi fəaliyyəti ilə beynəlxalq aləmdə böyük nüfuz qazanan Prezident İlham Əliyev əvəz etdi. Arif müəllim ölkəmizdə baş verən prosesləri, Qarabağ həqiqətlərini, yeni Prezidentimizin fəaliyətinin Ukraynada obyektiv baxımdan qiymətləndirilməsini özünün mənəvi borcu kimi qəbul etdi. Hələ 2003-cü ildə, İlham Əliyev prezident olmazdan əvvəl onun Ukraynadakı “Politika i kultura” jurnalında “İlham Əliyev – Azərbaycanın sabahkı lideri? Niyə də yox?!” sərlövhəli məqaləsi dərc olundu. Bundan sonrakı illərdə Arif müəllim Ukrayna Azərbaycan əlaqələrinin daha sıx, mehriban, dostcasına inkişaf etməsi üçün bir çox layihələrin hazırlanması və həyata keçirilməsində fəal rol oynadı. Azərbaycan həqiqətlərinin, onun yeni, müdrik Prezidentinin fəaliyyətinin Ukraynada daha yaxından tanınması üçün geniş fəaliyyət göstərdi.
Vətənimizin işğal olunmuş ərazilərinin düşmən caynağından qurtarılması yolunda 44 günlük müqəddəs müharibəmizdə Ukraynanın müxtəlif təbəqələrində ölkəmizdə baş verənlər barədə obyektiv məlumat alması və bizim yanımızda olması üçün Arif müəllim bütün imkanlarından istifadə etdi.
Professor Arif Quliyevin “Elm və xalq diplomatiyası” adlı sanballı monoqrafiyasında özünün bu sahədəki fəaliyyətində üstünlük verdiyi əsas prinsiplər, istifadə etdiyi metodlar barəsində ətraflı məlumat almaq olar. Onun qeyd etdiyi kimi, xalq diplomatiyası qlobal çağırış və təhdidlərə, yeni dünya düzəninin bərqərar olmasına, daxili siyasi inkişafın gedişinə cavab verən bir fəaliyyətdir.
Diplomatik və jurnalistlik fəaliyyətində mühüm təcrübəsi Arif müəllimə öz elmi-pedaqoji fəaliyyətində, elmi əsərlərinin yazılmasında, mətbuatdakı müsahibələrində, eləcə də həmkarları ilə ünsiyyətində, Ukrayna ilə Azərbaycan arasında səmərəli münasibətlərin qurulmasında xeyli kömək edir.
Arif Quliyevin geniş, çoxşaxəli fəaliyyəti həm Ukrayna, həm də Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilmişdir. O, “Ukraynanın Əməkdar təhsil işçisi” fəxri adına (2013), Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalına (2016–cı il), “Ukraynanın müstəqilliyinin 25 illiyi” medalına, Azərbaycanın və Ukraynanın 20-yə qədər mötəbər təşkilatlarının diplomlarına və digər mükafatlarına layiq görülmüşdür.
İyulun 4-də hörmətli professorumuz Arif Quliyevin 70 yaşı tamam olur. Vətəninə layiqli xidməti ilə şərəfli bir ömür yaşamış Arif müəllimi ürəkdən təbrik edirik!
Habil QURBANOV,
AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru, professor
Köhnə versiyamızdan xəbərləri izlə