Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə Türk Dünyası simpoziumuna hazırlaşır

Uzun illər Türk xalqlarına qarşı sovet imperiyasının yeritdiyi siyasətin XX əsrin sonlarındakı tarixi süqutu SSRİ məkanında yeni türk respublikalarının dünya birliyinə müstəqil ölkələr kimi daxil olması ilə nəticələndi. Öz talelərinə sahib olmuş bu türk dövlətləri 30 ildən artıqdır ki, həyatın bütün sahələrində sıx əlaqə və əməkdaşlıq imkanlarını davam etdirir, tarixin sınaqlı yollarında təkcə öz müqəddəratlarını yox, həm də dünya miqyasında yeni bir qüdrətli birlik qurur və inkişaf etdirirlər.

Türkdilli dövlətlərin birliyi bu gün xüsusi önəm daşımaqdadır. Ölkələrimizdə aparı­lan islahatlar və davam edən tərəqqi prosesi qardaşlıq və dostluq əlaqələrini zənginləşdirir, qarşılıqlı-faydalı əməkdaşlığa yeni töhfələr verir. İndi sivil dünyanın diqqət mərkəzində olan hadisələr, o cümlədən Qafqazda baş verənlər təkcə aktuallığı və siyasi fəallığı ilə yox, həm də dünya mizanına təsiri baxımından xüsusi yer tutur. Təkcə siyasət adamlarını yox, bütün sivil toplumu birləşdirən amalın vüsəti ictimai-siyasi və mədəni həyatımızın önəmli bir hissəsi olmaqdadır. Bizimlə söhbətində bunları bu ilin oktyabırında Türkiyənin Ərzincan şəhərində keçiriləcək Beynəlxalq Türk Dünyası Sempo­ziumunun təşkilat komitəsinin üzvü, Ərzincan Binəli Yıldırım Universitetinin professoru Əli Kafkasyalı bildirdi.

Qeyd edək ki, Əli Kafkasyalı Türk dünyası­nın, eləcə də Azərbaycanın elmi dairələrində yaxından tanınan elm adamıdır. Türkiyənin Qars vilayətində doğulan, uzun illər Qars, Ərzurum, Rizə, Diyarbəkir vilayətlərində müəllimlik edən, Türkiyə Təhsil Nazirliyində ça­lışan Əli bəy Ankara Universitetinin məzunudur. Sonralar Atatürk Universitetində, Qazaxıstanın Hoca Əhmət Yasəvi Beynəlxalq Türk–Qazax Universitetində çalışmış, Türkiyənin Giresun Universitetində Türk Dili və ədəbiyatı bölümünə rəhbərlik etmiş, ədəbiyat fakültəsinin dekanı ol­muşdur. Əli bəyin fəaliyyətinin önəmli bir hissəsi də Azərbaycanla bağlı olmuşdur. Magistr və doktorluq təhsilni Bakı Dövlət Universitetində ta­mamlayan Əli bəy “Mikayıl Azaflının həyat yolu və sənətkarlığı” (1994), “Aşıq Mikayıl Azaflının yaradıcılığı” (1996) mövzusunda magistr və doktorluq işi müdafiə etmişdir. “Mikayıl Azaflının həyatı, sənəti və əsərləri” adlı monoqrafiyanın müəllifidir.

Qarşıdakı beynəlxalq məclisin önəmindən danışan Əli bəy dedi:

– Qarabağ zəfəri ilə canlanan Türk dünyası indi tarixin önəmli bir dövrünü yaşamaqda­dır və günü-gündən güclənən türk birliyinin varlığını təsdiqləyir. İndi dünyanın hər yerində bu birliyin inkişaf tendensiyası, uğurları geniş müzakirə mövzusudur. Həm ayrı-ayrı dövlət qurumları, həm qeyri-hökumət təşkilatları bu yöndə çoxsaylı tədbirlər keçirir, mövzunun aktuallığını gündəmdə saxlayırlar. Bu ilin oktyabırında Türkiyənin Ərzincan şəhərində keçiriləcək Beynəlxalq Türk Dünyası Simpoziu­mu bu sahədə yeni bir addım olacaq. Türkiyənin sonuncu Baş naziri və Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın himayəsi, Türkiyə Mədəniyyət və Turizm Nazir­liyinin təşkilatçılığı və Ərzincan Binəli Yıldırım Universitetinin ev sahibliyi ilə keçirilən sempo­zium həm əhatə dairəsinə, həm siyasi çəkisinə görə türk birlik tariximizin yeni səhifəsi olacağı­na əminəm.

– Bu ideyanın ortaya çıxması haqqında danışın...

– Simpoziumun Təşkilat Komitəsinin sədri, layihə icraçısı dəyərli həmkarım professor Abdulqadir Gülün də dediyi kimi, Beynəlxalq Türk Dünyası Sempoziumu ideyası uzun bir araşdırma nəticəsində ortaya çıxdı. Bu tədbirin sərhədləri, məzmunu və məqsədləri sıradan bir sempozium tədbiri deyil, çox-çox böyük və müqəddəs məqsədlərə xidmət etmək amalı daşıyır. Bu fəaliyyətdə Türk Dünyasının bu günü və gələcəyi ilə bağlı təkliflər irəli sürmək hədəflənir. Sempoziumda ilk növbədə Türk Dünyasındakı problemlərin müəyyənləşdirilməsi, daha sonra isə həlli diqqət mərkəzində olacaq. Başqa sözlə, daha təsirli və həll yolu tapılan ideyalara çatmaq əsas məqsəddir. Bu yol dövlətlərimiz tərəfindən qurulub. Türk Dövlətləri Təşkilatı və ya keçmiş adı ilə desək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 3 oktyabr 2009-cu ildə Naxçıvanda imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında qu­rulmuş olan beynəlxalq təşkilatdır. Özbəkistan 14 sentyabr 2019-cu ildə də Türk Şurasına üzv qəbul edilmişdir. 2018-ci ilin sonlarından bu yana Macarıstan və Türkmənistan birliyə müşahidəçi dövlət kimi daxil olması birliyin möhkəmlənməsində uğurlu addım olmuşdur.

– Tədbirin gündəliyi ciddi maraq doğurur.

– Proqramda bir-birindən asılı olma­yan və tam bir birliyə nail ola bilməyən fondların, dərnəklərin, birliklərin, qeyri-hökumət təşkilatlarının və ya şəxslərin fərdi fəaliyyətlərinin sistemli və rasional əsasda bir araya gətirilməsi hədəflənir. Unudulmamalıdır ki, sistemləşdirilə bilməyən bilik və fəallıq xaos yaradır. Bu problemin öhdəsindən ancaq Türk Dövlətləri Təşkilatının və xalqın ağsaqqallarının rəhbərliyi və dəstəyi ilə nail olmaq olar. Sim­poziumun nəticəsi olaraq Türk Dünyası üçün problemlərin təsbitini və həll təkliflərini özündə əks etdirən hesabat və ya manifest hazırlana­caq və bu mətn müvafiq dövlət qurumlarına və Türk Dövlətləri Təşkilatına təqdim ediləcək.

– Beynəlxalq simpoziumun işinə bütün türk dünyasını cəlb etmək mümkün olacaq­mı?

– Türkiyə, Şimalı Kipr, Qazaxıstan, Qırğı­zıstan, Azərbaycan, Özbəkistan, Türkmənistan, Başqırdıstan, Bolqarıstan, Yunanıstan, Gürcüs­tan, İran, Polşa, Macarıstan, İraq, Makedoniya, Monteneqro, Albaniya, Bosniya və Herseqovi­na, Almaniya, ABŞ, Cənubi Koreya, Yaponiya Monqolustan, Çexiya, Rusiya - Tatarıstan, Xakasya, Qaqauziya, Tiva, Altay, Saxa (Yaku­tiya), kimi ölkələrdən ümumilikdə 500 nəfərin iştirakı planlanır. Layihə proqramı və məqsədləri baxımından hər hansı bir fəaliyyətin təqlidi və ya davamı deyil. Bu baxımdan etik dəyərlərə bağlı, orijinal düşüncələri ehtiva edən ciddi bir layihədir. Məqsədi universitetimizə, şəhərimizə, ölkəmizə və Türk Dünyasına fayda verməkdir. Simpoziumun məqsədlərinin həyata keçirilməsi Türk millətinin gücü və iradəsi daxilindədir.

– Təşkilatı işlərinizin gedişi haqqında nə deyərdiniz?

– Simpoziumun hazırlanması prosesinə çox­saylı insan qatılıb, fəaliyyətimiz gecə-gündüz bilmədən davam edir. Üzvü olduğum təşkilat komitəsi adından onların hər birinə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bu prosesdə bizə dəstək olan simpoziumun elm və məsləhət şurasına, katibliyə, xüsusən də hər sahədə əməyini əsirgəməyən rektorumuza, bələdiyyə sədrimizə, valimizə, deputatlarımıza və dəstəyi olan hər kəsə kömək və təşviqlərinə görə ayrı-ayrılıqda təşəkkür etmək istərdim. TİKA və YTB prezidentlərinə, Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoya təşəkkür və minnətdarlığımı bildirirəm. Bu insanların hər biri tutuqları mövqeyindən asılı olmayaraq sempozium proqramının həyata keçirilməsi üçün çox güclü iradə nümayiş etdirməkdədilər, layihəyə bütün imkanları ilə dəstək verirlər.

– Sonda oxucularımıza sözünüz...

– Simpozimun işinə bütün Türk dünyası cəlb olunub. Azərbaycandan da ictimaiyyətin yaxşı tanıdığı elm adamları bu sırada yer alır. Akademik İsa Həbibbəylinin, professor Ağalar Abbasbəylinin, Füzuli Bayatın və başqalarının təmsil olunduqları qurumlar əminəm ki, sim­poziumun işinə xüsusi dəyər verəcəkdir. Yeri gəlmişkən, Türkiyənin sabiq Baş naziri və Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırıma ehtiramımı bildirmək istərdim. Belə mötəbər insanlar və onların təşəbbüsü ilə dövlətlərimiz bu önəmli layihəni təşviq etməsəydilər o, yaddaşlarda ancaq ideya olaraq qalacaqdı.

– Müsahibə üçün sağ olun. Bu önəmli layihəyə uğurlar diləyir, qarşıdakı simpoziu­mun ölkələrimizə və bütün Türk Dünyasına xeyirli olmasını arzu edirik.

Namiq QƏDİMOĞLU,

“Xalq qəzeti”

3 İyul 2022 01:16 - MÜSAHİBƏ
MÜSAHİBƏ
19 İyul 2022 | 02:12
İrəvanda qalan irsimiz

Köhnə versiyamızdan xəbərləri izlə