Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirusun yeni altnövləri Avropada dominant ola bilər

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülleteninə istinadla deyə bilərik ki, koronavirusa yeni yoluxma hallarının və ölüm faktlarının sayı əvvəlki 7 günlə müqayisədə, müvafiq surətdə 18 faiz və 3 faiz artıb. Ötən həftə ərzində dünyada 4,5 milyondan çox adam koronavirus infeksiyasına yoluxub, 8,5 mindən çox adam vəfat edib.

Yeni yoluxma halları ən çox Şərqi Aralıq dənizi bölgəsində (47 faiz), Avro­pada (33 faiz) və Cənub – Şərqi Asiyada (32 faiz) qeydə alınıb. Bununla bərabər, Afrikada yeni xəstələnmə hallarının sayı nəzərəçarpacaq dərəcədə (39 faiz) aza­lıb. Şərqi Aralıq dənizi bölgəsində ölüm hallarının sayı 22 faiz, Cənub –Şərqi Asiyada 15 faiz və Amerikada 11 faiz artıb. Eyni zamanda bu göstərici Qərbi Sakit Okean regionunda 6, Avropada 5, Afrikada 1 faiz azalıb. Həftə ərzində isə ən çox yoluxma halları ABŞ-da qeydə alınıb (701 min 855). Sonrakı yerləri Almaniya (504 min 655), Braziliya (349 min 791), İtaliya (340 min 12) və Çin (333 min 926) tutur. Qeyd edək ki, yeddi gün ərzində ən çox ölənlər də ABŞ-da qeydə alınıb (1997). İnformasiya bülletenində göstərilir ki, sonrakı yerləri Braziliya (1313), Çin (925), Rusiya (429) və İtaliya (355) tutur.

Ötən ilin sonunda yayılmağa baş­layan koronavirusun “Omicron” variantı Azərbaycan da daxil, bir çox ölkədə dominant ştamma çevrilsə də, çox keçmədən yoluxmaların sayında azal­malar müşahidə edildi. Amma bu sahə üzrə tədqiqat işlərini davam etdirən elm adamları, infeksionist və immunoloqlar etiraf edirlər ki, virusun son mutasiyası bu vəziyyəti yenidən dəyişə bilər. Buna “Omicron”un BA.4 və BA.5 altnövlərinin yayılması barədə xəbərlər əsas verir. Bu xəbərin cəmiyyəti narahat etməməsi mümkün deyil.

Azərbaycanda koronavirusun yeni dalğası ilə bağlı bu və digər suallara cavab tapmağa çalışan mütəxəssislər bildirirlər ki, öncə “Omicron”un BA.4 və BA.5 altnövləri haqqında məlumat verilməsi məqsədəuyğundur. Qeyd edirlər ki, ilk ortaya çıxdığı gündən bəri koronavirus mutasiyaya uğrayaraq dəyişir və onun yeni genetik variantları əmələ gəlir. Vaxtilə – “Omicron”dan öncə koronavirusun “Alfa”, “Delta” və “Beta” variantları yaranmışdı. Hazırda isə diqqəti özünə çəkən, “Omicron” vari­antı ilə bağlı olan virusun BA.4 və BA.5 altnövləridir. İlkin məlumatlara görə, onlar əvvəlki BA.2-dən daha yoluxucu­dur və yeni altnövlərin immun sistemi tərəfindən tanınması daha çətindir.

Mütəxəssislərin fikrincə, virusa qarşı istifadə edilən mövcud vaksinlər 100 faizlik təsirə malik olmasalar da, hələ də ən yaxşı qorunma üsuludur. Çünki virusa yoluxmalar zamanı peyvəndlər ağırlaşma riskini azaldır. Həkimlərin bildirdiklərinə görə, maksimum qorun­ma əldə etmək üçün tövsiyə olunan sayda peyvənd dozalarını almaq vacibdir. Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 766 min 538, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 354 min 566, ikinci mərhələ üzrə 4 milyon 853 min 792, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 308 min 903, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 249 min 277-dir. Eyni zamanda, gigiyena qaydalarına əməl etmək kimi tələblər qüvvədə qalır.

Avropa səhiyyə qurumlarının bildirdiklərinə görə, BA.4 və BA.5 variantlarının əvvəlki BA.1 və BA.2 ilə müqayisədə daha şiddətli olduğuna dair heç bir sübut yoxdur. Amma, son araşdırmalardan birinə əsasən, yeni altnövlərin “Alfa” və “Delta” variantla­rında olduğu kimi, ağciyər hüceyrələrini zədələməyə üstünlük verdiyi deyilir. Bunu Tokio Universitetinin tədqiqatçısı Kei Sato-nun həmkarları ilə birlikdə keçirdiyi araşdırmanın ilkin nəticələri göstərir. Bu isə virusun, potensial cəhətdən, daha təhlükəli olduğuna işarə ola bilər. Hərçənd ki, son müşahidələr hadisələrin sayında artımı göstərsə də, ağırlaşma və ölüm halları ilə bağlı vəziyyətin dəyişməz qaldığı müşahidə edilir.

Operativ qərargahın məlumatına görə, iyulun 1-dək ölkəmizdə ümumilikdə 793 min 273 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 368 nəfər müalicə olunaraq sağalıb, 9 min 717 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 188 nəfərdir.

Yeni altnövlər olan BA.4 və BA.5 bundan əvvəlki BA.2 ilə müqayisədə daha yüksək ötürücülük nümayiş etdirir. Bu barədə “Nature” elmi jurnalında dərc olunan araşdırmanın nəticələri göstərilir. “Science” dərgisində dərc edilən daha bir araşdırma bu tapıntıları təsdiqləyir. Məqalədə yazılanlara görə, “Omicron” güclü immun reaksiyası yaratmır. Bu da o deməkdir ki, infeksiyadan sağal­mış insanlar tez bir zamanda yenidən yoluxa bilərlər.

Qeyd edək ki, koronavirusun muta­siyaya uğramış BA.4 və BA.5 altnövləri ilk dəfə Cənubi Afrikada müəyyən edilib. Daha sonra yoluxma halları Avropa­da aşkarlanıb. İyun ayının əvvəlində yoluxmalar Rusiyada da qeydə alınıb. İngiltərə və Şimali İrlandiyada yolux­maların bir həftə ərzində 43 faiz artdığı məlum olub. Bu artımı Britaniya Milli Statistika İdarəsinin açıqladığı rəqəmlər təsdiqləyir.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin proq­nozuna əsasən, koronavirus infeksi­yasının yenə yayılması BA.4 və BA.5 altnövlərinin Avropa İttifaqı boyunca dominant növ olacağını göstərir. Bu, həmçinin yaxın həftələrdə COVID – 19-a yoluxma hadisələrinin artması ilə nəticələnə bilər.

Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

3 İyul 2022 01:14 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə