Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Norveç Ukraynaya 1 milyard avro yardım edəcək

Bu il fevralın 24-də Rusiyanın Ukraynaya hücumundan sonra bir çox Qərb dövlətləri Ukraynaya nəzərəçarpan dərəcədə hərbi və maliyyə yardımları göstərirlər. Belə dövlətlərdən biri də Norveç Krallığıdır.

Dünən Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Norveçin Baş naziri Yonas Qahr Stere ilə birgə keçirdiyi mətbuat konfransında deyib: “Norveçin Ukraynaya 1 milyard avro dəyərində yeni dəstək paketinə görə minnətdarıq. Belə çətin bir zamanda bunu çox yüksək qiymətləndiririk”.

Yonas Qahr Stere öz növbəsində bu faktı təsdiq edib və əlavə edib ki, Norveç 2022-ci ilin sonuna qədər və 2023-cü ilə qədər Ukraynaya dəstək üçün 1 milyard avro ayırmağı öhdəsinə götürüb.

Ukraynanın dövlət başçısı mətbuat konfransında Rusiya- Ukrayna cəbhəsindəki mövcud durumdan da danışıb: “Ukray­naya qarşı apardığı genişmiqyaslı müharibənin dörd ayında Rusiya artıq 3 minə yaxın raketdən istifadə edib. Rusiyanın hərəkətlərinin bu cür qəddarlığı yalnız tərəfdaşlarımızın Uk­raynaya dəstək verməklə bağlı qərarlarının nə qədər düzgün olduğunu vurğulayır. Əvvəla, bu, müdafiə dəstəyidir. Dünyanın heç bir dövləti bu vəziyyətdə tək qalmamalıdır”.

Ukrayna Prezidenti onu da xatırladıb ki, bu il iyulun 1-də Rusiya Ordusu Odessa vilayətinin Sergeevka kəndindəki adi yaşayış binasına növbəti dəfə amansız raket zərbəsi endirib. V.Zelenski əlavə edib ki, ikisi uşaq olmaqla, 19 nəfərin öldüyü, 30-dan çox insanın yaralandığı məlumdur.

Bəli, Ukraynada amansız silahlı qarşıdurmalar davam edir və savaşın nə vaxt bitəcəyi məlum deyil. Bir çox ekspertlər düşünürlər ki, müharibə nəinki aylarla, hətta illərlə uzana bilər.

Mahmud QƏRİBOV,

“Xalq qəzeti”

3 İyul 2022 01:10 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə