Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT: Əfqanıstanda 1,2 milyon qız orta təhsilini davam etdirə bilmir

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçelet bildirib ki, Əfqanıstanda 1,2 milyon orta məktəb şagirdi Taliban rəhbərliyi ələ keçirdikdən sonra məktəblərinə gedə bilməyib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

 

BMT İnsan Hüquqları Şurasının 50-ci Sessiyası çərçivəsində “Əfqanıstanda qadın və qızların hüquqları” mövzusunda keçirilən xüsusi sessiyada çıxış edən Baçelet ölkədə qadınların vəziyyəti ilə bağlı son hadisələri dəyərləndirib. Baçe­let qeyd edib ki, Əfqanıstandakı iqtisadi geriləmə səbəbindən qadınların rəhbərlik etdiyi ev təsərrüfatlarının 90 faizi aclıq və ya qida çatışmazlığına məruz qalır. Bütün peşələrdə qadınlara qarşı zorakı­lığın artdığını vurğulayan Baçelet, onlara qarşı tətbiq edilən geyim və hərəkət məhdudiyyətlərinin psixoloji xəstəliklərə səbəb olduğunu vurğulayıb. O qeyd edib ki, ölkə iqtisadiyyatı çökməyə məruz qaldığından, işsiz qadınların sayı kəskin şəkildə artıb və qadınların idarə etdiyi bir çox müəssisə bağlanıb.

Taliban müvəqqəti hökumətinin verdiyi vədlərə baxmayaraq qa­dınların təhsil hüquqlarına qoyulan məhdudiyyətlərin davam etdiyini qeyd edən Baçelet bildirib ki, hazırda ölkədə 1 milyon 200 min qız orta təhsilini da­vam etdirə bilmir.

Konkret dəyişikliklər edilmədikcə Əfqanıstanda qadınları daha qaranlıq gələcək gözlədiyini qeyd edən Baçelet Taliban müvəqqəti hökumətini “qadınla­rın çağırışlarını eşitməyə və konstruktiv dialoq mühiti yaratmağa” və “qızların orta təhsillərini davam etdirməyə” çağı­rıb.

Rövşən TOĞRUL,

“Xalq qəzeti”

3 İyul 2022 01:08 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə