Ən son xəbərlər
Dünən Liviyanın şərqindəki Benqazi əyalətində ümumxalq seçkilərinin keçirilməsini tələb edən və elektrik enerjisinin verilməsində fasilələrə etiraz edən kütlə Tobrukdakı parlament binasına hücum edib. Paytaxt Tripolinin Əl-Şuhada meydanında isə nümayişlər keçirilir. Bu barədə “Anadolu” xəbər verib.
Məlumata görə, parlament binasını yandıran iğtişaşçılar “Neft ölkəsiyik, elektrik kəsintisi istəmirik”, “Fövqəladə hal elan edilsin”, “Təcili seçkilər keçirilsin” şüarları səsləndiriblər. Onlar həm də çörəyin qiymətinin bahalaşmasına, Liviyada hələ də xarici qoşun kontingentinin qalmasına etirazlarını bildiriblər.
Qeyd edək ki, Liviyada ikihakimiyyətlilik və davam edən daxili çəkişmələr sosial-iqtisadi böhranı fəlakət həddinə çatdırıb. Ölkənin iki böyük limanının bağlanması nəticəsində Əs-Sidər və Rəs Nauf terminallarından neft ixracı kəskin azalıb. Münaqişə tərəflərinin BMT-nin Liviya üzrə nümayəndəsinin iştirakı ilə bu yaxınlarda Qahirədə keçirilən görüşündə də kompromis əldə olunmayıb. Eyni zamanda, hələ ötən ilin dekabrında keçirilməli olan ümumxalq seçkilərinin tarixini müəyyən etmək də mümkün olmayıb.
Liviya Milli birlik hökumətinin rəhbəri Abdul Hamid Dbeyba ölkənin şərqindəki Tobruk şəhərində geniş iğtişaşlarla müşayiət olunan kütləvi etiraz aksiyalarının iştirakçılarını dəstəkləyib: “Mən bütün ölkə boyu nümayişçilərə qoşuluram. Hökumət daxil olmaqla, bütün hakimiyyət orqanları getməlidir, bu isə yalnız seçki yolu ilə edilə bilər. Liviya xalqı seçkilərə hansı siyasi qüvvələrin mane olduğunu bilir. Həmin qüvvələr bundan əvvəl büdcənin qəbuluna maneçilik törədib, neft istehsalını və ixracını bloklayıb. Bu da həyat şəraitinin pisləşməsinə səbəb olub”.
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə