Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kitabxanada Birinci Qarabağ müharibəsi şəhidi Məhəmməd Rüstəmovun xatirəsi anılıb

Yasamal rayon MKS-nin Xurşidbanu Natəvan adına 4 nömrəli kitabxana filialında Birinci Qarabağ müharibəsi şəhidi, əslən Cəbrayıldan olan şəhid Rüstəmov Məhəmməd Xasay oğlun xatirəsinə həsr edilən “Şəhidliyə gedən yol” adlı tədbir keçirilib.

Kitabxanadan verilən məlumata görə, əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Kitabxananın direktoru, şəhid Vüsal Babayevin həyat yoldaşı Aynur Babayeva qonaqları salamlayıb, şəhidlərin xatirəsinin daim yad olunduğunu vurğulayıb. Kitabxananın əməkdaşı İradə Hüseynova şəhidin döyüş yolundan daşıb, Elmira Aslanxanlının “Qarabağ Azərbaycandır” şeirini təqdim edib.

Kitabxana nəzdində fəaliyyət göstərən Səməd Vurğun Poeziya Ocağının rəhbəri Zərəngiz Mansurova dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğısından söhbət açıb, bacısı, Ordunun könüllü döyüşçüsü Vəfa Dəmirçioğlunun xatirəsinə həsr etdiyi “Şəhidim, baş Qəhrəmanım” şeirini oxuyub.

Şair-publisist, əslən Cəbrayıldan olan Elmira Aslanxanlı yurdun dağını, daşını da qanları, canları bahasına azad edən şəhidlərimizin tarix yazdıqlarını vurğulayıb, Vətən şəhidlərinə həsr etdiyi “Vətənimin şəhidləri” kitabını kitabxanaya təqdim edib.

Cəbrayıl rayon Yeni Azərbaycan Partiyasının sədri Arif Fərzəliyev vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində böyük Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi xalqımızı qürurlandırdı: “Prezident, Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə otuz il həsrətində qaldığımız ərazilərimiz erməni işğalından azad edildi. Biz artıq azad olunmuş doğma torpaqlarımıza qovuşmuşuq. Bizi dədə-baba yurdlarımıza qaytardığı üçün Ali Baş Komandanımıza və Məhəmməd kimi Vətən uğrunda canlarından keçən şəhidlərimizə minnətdarlığımı bildirirəm”.

Cəbrayıl rayon Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Səbuhi Hüseynov, Rayon Diyarşünaslıq Muzeyinin direktoru Aytən Fətullayeva, Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Orxan Məmmədov, rayonun Şükürbəyli ərazisinin nümayəndəsi Mehdi Məmmədov, Milli Məclisin rayon üzrə deputatı Ceyhun Məmmədovun köməkçisi Rəşad Quliyev, 44 gönlük Vətən müharibəsində şəhid olan Mahmud Cavadovun anası Səkinə İbrahimova, şəhidin yaxınları, döyüş dostları, ailə üzvləri xatirələrini bölüşüblər.

Bildirilib ki, Rüstəmov Məhəmməd Xasay oğlu 1969-cu il avqustun 18-də Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olub. O, 1992-ci ildə Dövlət Sərhəd Xidmətinin Cəbrayıl rayonunun Xələfli kəndi ərazisində hərbi qulluqda olub. Xocalı faciəsindən sonra öz xahişi ilə Qarabağ ərazisində Ağdərə, Daşbaşı və Sur ərazilərində həqiqi xidmətdə edib. Onun sonuncu döyüşü iyulun 3-də Xocavəndin Quşçular kəndində olub. Məhəmməd canından çox sevdiyi Vətən torpağı uğrunda şəhadətə çatıb.

Tədbirdə Cəbrayıl rayon uşaq musiqi məktəbinin kollektivi və rayonun Mehdi Mehdizadə adına tam orta məktəbinin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.

Sonda şəhidin anası Qızbəs Rüstəmova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

2 İyul 2022 12:26 -

Köhnə versiyamızdan xəbərləri izlə