Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vikipediyada 10 il ərzində uydurma tarixi məqalələr yazan çinli qadın ifşa edilib

“Milliyet.com.tr”nin yaydığı xəbərə görə, 200-dən çox məqalə yazan və 100-dən çox məqaləyə əlavələr edən çinli evdar qadın vikipediyada yazdığı saxta məlumatlarla hər kəsi heyrətləndirib.

Bildirilir ki, “Zhemao” təxəllüsündən istifadə edən çinli qadın 10 ildən artıq bu işlə məşğul olub. Çin viki­pediyasında əslində baş verməyən tarixi hadisələrlə bağlı 200-dən çox məqalə dərc etdirən və 100-dən çox məqaləyə əlavələr edən, şərh verən müəllif sonda saytdan qovulub.

Müəyyən edilib ki, çinli qadın onlayn ensiklopediyaya tamamilə uydurulmuş siya­si xadimlər və müharibələr, xüsusən də Rusiya tarixi haq­qında milyonlarla sözlər daxil edib. Zhemao bu yazılarda sikkələrin və yemək qabla­rının arxeoloji tapıntılarının təfərrüatlarını da uydurub. Yazılarda əhatə olunan mövzu­lar slavyan xalqları arasındakı rəqabətdən tutmuş Çin sülaləsi haqqında hekayələrə qədər olub.

Yifan adlı araşdırmaçı sözügedən yazıların anormal olduğunu ilk görənlərdən biri olub. Adıçəkilən istifadəçinin araşdırmalarından sonra yazılanların saxta olduğu üzə çıxıb. İstifadəçi mövzu ilə bağlı açıqlamasında qeyd edib ki, çinli qadının daxil etdiyi məlumatlar ingilis vikipediyasından və hətta rus vikipediyasından daha əhatəli olub: “İngilis-rus vikipediya­sında olmayan simvollar Çin vikipediyasına daxil edilmiş­dir. Bu personajlar real tarixi şəxsiyyətlərlə səhv salınıb. Bu, əsli saxtadan ayırmağı çətinləşdirirdi”.

Vikipediya saxtakarlığı müəyyən edildikdən sonra Zhemao ictimaiyyətdən üzr­xahlıq edib. "Əvvəlcə yazdı­ğım yüz minlərlə sözü silmək istəmədim. Amma sonda milyonlarla sözü silməli oldum. Üstəlik, mənim ucbatımdan akademik dairə dağıldı", – deyə o, qeyd edib. Ali təhsili olmayan, yalnız orta məktəbi bitirdiyini bildirən Zhemao əlavə edib: “Mənim yaratdığım problemi aradan qaldırmaq çətindir, ona görə də ola bilsin ki, daimi qadağa yeganə se­çimdir”.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

2 İyul 2022 01:25 -

Köhnə versiyamızdan xəbərləri izlə