Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsveçin Baş naziri: Türkiyə ilə razılaşmanın arxasındayıq

İsveçin Baş naziri Maqdalena Andersson SVD qəzetinə açıqlamasında bildirib ki, onun ölkəsi sözünə əməl edərək Türkiyə ilə razılaşmanın arxasında dayanacaq.

 

Baş nazir, həmçinin vurğulayıb ki, Türkiyənin daha əvvəl də ekstradisiya tələbləri vardı: “Əlbəttə ki, razılaşmada nə varsa, ediləcək. Türkiyə daha əvvəl ekstradisiya tələbləri etmişdi, biz də bununla məşğul olmuşuq. Bəzən depor­tasiya etmişik, çox vaxt da olmayıb. An­laşmanın yüz faiz arxasındayıq”, – deyə Maqdalena Andersson qeyd edib.

Daha əvvəl isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, İsveçlə imzalanan anlaşma memoran­dumu başlanğıcdır, dəvətdir. Türkiyə liderinin fikrincə, İsveç və Finlandiya əvvəlcə öz öhdəliklərini mütləq yerinə yetirməlidir. Ekspertlər düşünürlər ki, hər iki ölkə Türkiyəyə vəd etdiyi öhdəliklərə əməl etmək əzmindədir.

Bu arada qlobal mediada İsveçin 73 terrorçunu Türkiyəyə ekstradisiya etməyə söz verdiyi barədə məlumatlar yayılıb. Bu fakt artıq ən yüksək səviyyədə təsdiqlənib. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid Sammitindən sonra keçirilən mətbuat konfransı zamanı qeyd edib ki, İsveçlə 60 terrorçunun Türkiyəyə göndərilməsi məsələsi müzakirə olunub.

Xatırladaq ki, bu il fevralın 24-də Rusiyanın Ukraynaya hücumundan sonra İsveç və Finlandiya NATO-ya üzv olmaq niyyətini bildirmişdilər. Rəsmi Ankara əvvəlcə buna müsbət yanaşmamış, lakin hər iki ölkə ilə terrorçulara qarşı mübarizə aparacaqları ilə bağlı rəsmi öhdəliklər götürəndən və bu barədə razılaşma imzalanandan sonra, onların alyansa üzv olmalarına mane olmamışdır.

Mahmud QƏRİBOV,

“Xalq qəzeti”

2 İyul 2022 01:24 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə