Ən son xəbərlər
Finlandiya yaxın vaxtlarda terror təşkilatlarının fəaliyyətini dayandırmaq sahəsində Türkiyə ilə əməkdaşlığa başlayacaq. Bu barədə ölkənin XİN başçısı Pekka Haavistö “Anadolu” agentliyinə müsahibəsində bəyan edib.
Agentliyin verdiyi məlumata görə, nazir bildirib ki, tezliklə Türkiyə tərəfindən müəyyən edilmiş şəxslər və qruplarla bağlı bütün əlavə məlumatların verilməsi sahəsində əməkdaşlıq qurulacaq: “Helsinki artıq PKK, YPG-PYD və FETÖ kimi terror təşkilatlarını dəstəkləmədiyi barədə Ankaranı məlumatlandırıb”.
O deyib ki, PKK terror qruplaşması NATO-nun Madrid sammitində Türkiyə ilə danışıqlarda müzakirə edilən əsas məsələ olub: “Biz bu barədə Türkiyə ilə çox danışdıq. Bizim PKK ilə bağlı ümumi baxışlarımız var. Bu, Finlandiyada, eləcə də İsveçdə qadağan olunmuş terror təşkilatıdır. Əlbəttə, biz gələcəkdə PKK-ya qarşı addımlar atmağa hazırıq və bununla bağlı Türkiyədən istənilən informasiyanı qəbul etməyə açığıq”.
XİN başçısı qeyd edib ki, Finlandiya və İsveç Türkiyə ilə imzalanmış üçtərəfli memorandumla PKK-nın Suriya qanadı olan YPG terror təşkilatını dəstəkləməmək barədə öhdəlik götürüb.
İsveçin Baş naziri Maqdalena Andersson da bəyan edib ki, ölkəsi Türkiyə ilə imzalanmış razılaşmaya sadiqdir: “Biz Türkiyə ilə razılaşmanı yüz faiz dəstəkləyirik. Əlbəttə, razılaşmada qeyd olunanlar yerinə yetiriləcək. Türkiyə əvvəllər də ekstradisiya ilə bağlı müraciət edirdi və biz bunlara müxtəlif cür baxırdıq. Bəzən deportasiya haqda qərar qəbul edir, bir çox hallarda bunu etmirdik. İndi isə razılaşmanın arxasında dururuq”.
Bu barədə hökumət başçısı SVD qəzetinə müsahibəsində bildirib.
ABŞ isə dünən 2013-cü ildə Türkiyənin Reyhanlı şəhərində qanlı terror aktının təşkilatçısı olmaqda şübhəli bilinən Mehmet Gəzəri Türkiyəyə təhvil verib. Türkiyə DİN-dən bildirilib ki, Reyhanlı faciəsini planlaşdırmış Yusuf Nazik istintaq zamanı bu barədə tapşırığı Gəzərdən aldığını deyib.
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə