Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı alimə Rusiyanın yüksək ordeni təqdim edilib

“Yamburqun nəbzi” (“Пульс Ямбурга”) qəzetində bu barədə məqalə dərc olunub

Rusiyanın Yeni Urenqoy şəhərində nəşr olunan Yamburqun nəbzi (“Пульс Ямбурга”) qəzetinin 27 iyun 2022-ci il tarixli nömrəsinin birinci səhifəsində Vətən qarşısında xidmətlərinə görə” adlı geniş məqalə dərc edilib. Yazıda qeyd olunur ki, Yamal-Nen Muxtar Dairəsinin qubernatoru Dmitri Artyuxov mahalın inzibati mərkəzi olan Salexard şəhərində görkəmli azərbaycanlı alim Etibar Talıbova bir müddət əvvəl Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin sərəncamı ilə təltif olunduğu II dərəcəli Vətən qarşısında xidmətlərinə görə” ordenini təqdim edibdir.

Yazıda qeyd olunur ki, Etibar Talıbov “Qazprom” Şirkətlər Qrupunun “Yamburq Qaz Hasilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Avtomat­laşdırma İdarəsi”nin aparıcı elektro­nik mühəndisidir. Qırx ildən çoxdur ki, Rusiyanın neft-qaz sənayesi müəssisələrində çalışır və avtomat­laşdırılmış idarəetmə sistemlərinin tətbiqi və istismarı sahəsində nüfuzlu mütəxəssislərdən sayılır.

Etibar Talıbov 1957-ci ildə Azərbaycanın Lerik rayonunun Çay­rud kəndində anadan olmuşdur. 1964–1974-cü illərdə bu kənddəki orta məktəbdə təhsil almışdır. Kənd məktəbini əla qiymətlərlə bitirib elə həmin il Bakıdakı keçmiş Azərbaycan Politexnik İnstitutunun (hazırda Azərbaycan Texniki Universiteti) avto­matika və hesablama fakültəsinə daxil olmuşdur. 1979-cu ildə buranı elektro­nika mühəndisi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

Gənc mütəxəssisin ilk iş yeri Sum­qayıt şəhərindəki “Neftqazavtomat” Elmi-Tədqiqat İstehsalat Birliyi ol­muşdur. Qeyd etmək lazımdır ki, sözügedən birlik keçmiş SSRİ-nin neft və qaz sənayesinin çox sayda zavod­ları üçün atomatlaşdırılımış idarəetmə sistemlərinin istehsalı və tətbiqi üzrə ixtisaslaşdırılmışdı və bu sahədə ən qabaqcıl müəssisələrdən biri hesab olunurdu.

O illərdə “Neftqazavtomat” Elmi-Tədqiqat İstehsalat Birliyi tərəfindən hazırlanmış avtomatik idarəetmə sistemləri SSRİ Qaz Sənayesi Nazirliyi­nin bir çox istehsalat müəssisələrində, o cümlədən “Urenqoy Qaz İstehsalı” MMC-də (hazırda “Qazprom Urenqoy Hasilat” MMC) geniş istifadə edilirdi. “Neftqazavtomat”ın istehsal etdiyi müasir texnoloji avadanlıqların istehsal müəssisələrində tətbiqi və istismarına nəzarət etmək üçün Sibirdə perspektivli gənc mütəxəssislərə böyük ehtiyac vardı.

Məhz bu məqsədlə Etibar Talıbov gənc istedadlı və bacarıqlı kadr kimi Sumqayıtdan Yeni Urenqoy şəhərinə, buradakı “Urenqoy Qaz İstehsalı” MMC-yə göndərildi. O, burada gərgin əmək fəaliyyətinə başladığı ilk gündən yüksək təşəbbüskarlığı və işgüzarlığı ilə fərqləndi, praktik istehsalat fəaliyyəti ilə məşğul olmaqla bərabər, eyni zaman­da, elm sahəsində də ciddi tədqiqatlar apararaq, bir-birindən parlaq uğurlar əldə etdi.

Etibar Talıbov istehsalatdan ayrılmadan 1985-ci ildə “Neftqazavto­mat” Elmi-Tədqiqat İstehsalat Birliyi­nin nəzdindəki qiyabi aspiranturaya daxil olmuş və 1990-cı ildə “Neft-qaz hasilatı obyektləri telekomplekslərinin idarəetmə məntəqələrinin informasiya mübadiləsi vasitələrinin səmərəliliyinin artırılması” mövzusunda namizədlik dissertasiyası yazaraq, uğurla müdafiə etmiş və texniki elmlər namizədi elmi dərəcəsini almışdır.

Bundan sonra Etibar Talıbov yüksək ixtisaslı mütəxəssis kimi “Qazp­rom Yamburq Hasilat” müəssisəsinə yüksək vəzifəyə dəvət olundu. Lakin elmi-nəzəri fəaliyyətini bir an belə da­yandırmadı. Belə ki, həmyerlimiz 2005-ci ildə Azərbaycan Milli Elmlər Aka­demiyasının Kibernetika İnstitutunda (hazırda İdarəetmə Sistemləri İnstitutu adlanır) Rusiyanın qütb ərazilərində təbii qaz yataqlarının istismarı za­manı çeşidli texnoloji prorseslərin idarəedilməsi sahəsində intellektual avtomatlaşdırılmış sistemlərin tətbiqi üzrə doktorluq dissertasiyası müdafiə etdi.

“Yamburqun nəbzi” qəzeti ya­zır ki, Etibar Talıbov neft və qaz sənayesi sahəsində bir neçə kəşf, elmi ixtira və onlarla səmərələşdirici təklifin müəllifidir. Onun təklif etdiyi elmi yeniliklərin istehsalata tətbiqi nəticəsində təkcə “Qazprom Yamburq Hasilat” müəssisəsi son bir neçə ildə yüz milyonlarla Rusiya rublundan çox gəlir əldə etmişdir.

Həmyerlimiz hazırda Rusiyada təbii qazın kəşfi, hasilatı, nəqli və istismarı sahəsində ən yüksək texnologiyaların tətbiqini mənimsəmiş yüksək peşəkar, kreativ düşüncəli mütəxəssislərdən hesab olunur. O, bu sahədə çox sayda innovativ ideyaların və modern tex­nologiyaların tətbiqinə nail olmuşdur. Alimin 100-dən çox elmi əsəri Rusiya və dünyanın nüfuzlu elmi jurnallarında dərc olunmuşdur.

Etibar Talıbov Rusiyanın şimal qütb ərazilərində avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqinin əhəmiyyəti ilə bağlı üç fundamental elmi monoqrafiyanın müəllifidir. Hazırda görkəmli alim “Qazprom” şirkətlər qru­punun qaz emalı müəssisələrində qazın hasilatı, nəqli və emalı proseslərində optimal riyazi idarəetmə modellərinin tətbiqi üzrə geniş tədqiqat işləri aparır.

Yeni Urenqoy şəhərində nəşr olunan qəzetdə həmçinin qeyd olunur ki, Etibar Talıbov çalışdığı kollektivdə böyük hörmət və nüfuza malikdir. İş yoldaşları onu çox sadə, əməksevər və xeyirxah insan kimi tanıyırlar. Rusiyada çoxları onu haqlı olaraq əfsanəvi neftçi, həmyerlimiz Fərman Salmanovun ən layiqli ardıcıllarından biri hesab edirlər. Etibar Talıbov özü isə bu barədə söz düşəndə tam səmimiyyətlə xatirəsinə böyük hörmət etdiyi Fərman Salmanov zirvəsinə yüksəlməyin mümkünsüz olduğunu deyir. Lakin bunu da etiraf edir ki, o, hər zaman “böyük Fərman Salmanovun həmyerlisi” adını ləyaqətlə daşımağa çalışıb.

Təqdirəlayiq haldır ki, hörmətli alim Talıbov Rusiyada böyük layiqincə təmsil etdiyi sevimli Vətəni Azərbaycandakı alim dostları, keçmiş tələbə yoldaşları ilə daim sıx əlaqə saxlayır. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın son illər ərzində əldə etdiyi böyük uğur­lara görə çox sevinir.

Burada bir məqamı qeyd etmək yerinə düşər. Belə ki, uzun illər Ru­siyada yaşayıb-yaradan həmyerlimiz Vətənə gələn kimi bir vaxtlar qucağın­dan pərvazlandığı Lerik rayonunun Çayrud kəndinə tələsir, buradakı doğ­maları, yaxınları ilə görüşür, kənd orta məktəbini ziyarət edir.

Çayrudlular, əlbəttə, həyatda adının mənasını sözü və əməli ilə təsdiq edən, elm və istehsalatda görkəmli nailiyyətlər əldə edən tanınmış həmyerliləri, azərbaycanlı mühəndis alim Etibar Talıbovla fəxr edir, onunla sonsuz qürur duyurlar.

Məsaim ABDULLAYEV,

“Xalq qəzeti”

2 İyul 2022 01:21 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə