Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATMU-da “Məzun günü” keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) keçirilən “Məzun günü”ndə öncə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütöv­lüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükut­la anılıb, Dövlət himni səsləndirilib.

Toplantıda çıxış edən Azərbaycan Turizm və Menecment Universiteti­nin rektoru İlham Mədətov məzunları təbrik edərək onlara ixtisaslı kadr kimi gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, bu il universitetdən məzun olan 457 tələbədən 365 nəfəri bakalavr, 92 nəfəri isə magistr pilləsini bitirib. Rektor məzunlardan 18 nəfərin eyni zamanda Avstriyanın IMC Krems Tətbiqi Elmlər Univer­sitetinin (TEU) də diplomuna sahibləndiyini, ümumilikdə, universitet məzunlarının 278 nəfərinin iki diploma malik olduğunu diqqətə çatdırıb.

Tələbələrlə bir yerdə olmaqdan məmnunluğunu bildirən Dövlət Turizm Agent­liyinin (DTA) sədri Fuad Na­ğıyev pandemiya səbəbindən son 2 ildə bu günün qeyd edilmədiyini, 2022-ci il məzunlarının isə bu günü maskasız və məhdudiyyətsiz keçirdiklərinə görə şanslı olduqlarını qeyd edib. Turiz­min dinamik, sürətlə inkişaf edən, rəqabəti sevən bir sahə olduğunu qeyd edən agentlik sədri ATMU-nun qısa müddətdə Azərbaycanın turizm sənayesi üçün xeyli sayda peşəkarlar yetişdirdiyi­ni vurğulayıb. O, Azərbaycan turizm sənayesində ixtisaslı, təhsilli və bilikli gənclərə eh­tiyac olduğunu qeyd edərək, məzunları mütəmadi olaraq öz üzərlərində işləməyə səsləyib və DTA-nin turizm təhsilli gənclərə hər zaman dəstək göstərdiyini diqqətə çatdırıb.

Tədbirdə Milli Məclisin de­putatları Musa Qasımlı, Rauf Əliyev, Prezident Administra­siyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Məhərrəm Əhmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, IMC Krems Tətbiqi Elmlər Universitetinin baş icraçı direktoru Karl Enn­sfellner, Bakı Turizm Peşə Məktəbinin direktoru Neylufər Kərimova və digər qonaqlar məzunları təbrik ediblər.

“Məzun günü”ndə ATMU və Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universite­tinin beynəlxalq proqram məzunlarına diplomlar təqdim olunub.

Məzunlardan ixtisas, fakültə və universitet birincilərinə plaketlər, 2021/2022-ci tədris ili üzrə universitet birincisinə ATMU-nun “Tələbə Fəxri Kitabı” təqdim edilib.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

2 İyul 2022 01:19 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə