Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Yaşat” Fondu öz vəzifəsinin öhdəsindən layiqincə gəlir

İkinci Qarabağ müharibəsi Azərbaycanın Ermənistan üzərində şanlı qələbəsi ilə başa çatdı, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Amma bütün müharibələrdə olduğu kimi, 44 günlük Vətən müharibəsində də şəhidsiz, qazisiz ötüşə bilmədik. 30 ildən bəri qəddar düşmənin işğalı altında qalmış, demək olar ki, son daşına qədər sökülüb dağıdılmış Qarabağ torpaqları uğ­runda igid oğullarımız canlarından keçdilər, yaralandılar.

Müharibədən sonra Azərbaycan Prezi­denti İlham Əliyev ərazi bütövlümüz uğrun­da döyüşmüş bütün əsgər və zabitlərimizi Vətənin ən ali mükafatları ilə təltif etdi. Eyni zamanda, şəhid ailələrinə çoxlu güzəştlər müəyyən edildi. Qazilərimizin müalicəsi üçün ciddi addımlar atıldı. Belə addımlardan biri də “Yaşat” Fondunun yaradılması oldu. Azərbaycan Prezidentinin 2020-ci il 8 dekabr tarixli fərmanı ilə “Azərbaycan Respublikası­nın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydası” təsdiq olundu.

Fərmanda qeyd edildiyi kimi, fondun əsas məqsədi qazilərimizin, eləcə də şəhid ailələrinin sosial müdafiəsi sahəsində dövlətin həyata keçirdiyi tədbirlərə əlavə dəstək verməkdir.

“Yaşat” Fondunun vəsaitləri fiziki və hü­quqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), eləcə də qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. Fondun vəsaitinin toplanması və ondan təyinatı üzrə istifadə edilməsi məqsədilə bank hesabı açılır. Fondun vəsaiti Azərbaycan manatı və xarici valyutalarla formalaşdırılır.

Prezidentin fərmanında bildirilir ki, fondun vəsaitindən şəhid ailəsi statusu alanadək və ya əlilliyi müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması, müalicə və psixo­loji dəstək xərclərinin ödənilməsi, təhsil alma­sına, habelə əlavə təhsilinə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialının inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi, məişət şəraitinin yaxşılaşdırılma­sı kimi istiqamətlərdə istifadə olunur.

Ümumiyyətlə, Azərbaycanın ərazi bütöv­lüyü uğrunda döyüşlərdə iştirak etmiş bütün şəxslər daim dövlətin diqqət mərkəzindədir və hər cür qayğı ilə əhatə olunublar. Bu məsələ şəxsən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətindədir. Vətən uğrunda şəhid olmuş, yaralanmış oğullarımızn adları həmişə xalqımız tərəfindən də uca tutulur.

Bu gün qazilərimizin istər ölkə daxilində, istərsə də xarici ölkələrdə ən yüksək səviyyədə müalicə olunması üçün “Yaşat” Fondu tərəfindən də kifayət qədər dəstək göstərilir. Davamlı olaraq həmin kateqo­riyadan olan insanlarla görüşlər keçirilir, onlara hər cür yardım göstərilir. Müraciətlər əsasında hər bir keçmiş döyüşçüyə lazımi dəstək verilir.

23 iyun 2022-ci ilədək fondun hesabına 73 781 435 manat vəsait daxil olub. Ölkədə 2927 şəhidin ailə üzvləri, habelə 5599 yaralı olmaqla, ümumilikdə, 17 minədək şəxslə görüş keçirilib və onların ehtiyacları qeydə alınıb. Fond tərəfindən müraciətlərin böyük bir qismi öhdəliyə götürülüb. Reallaşmış ödəniş sayı 21 848 olub. İndiyədək müvafiq istiqamətlərə 61 114 757 manat məbləğində vəsait xərclənib. Bunun yarıdan çoxu məişət şəraitinin yaxşılaşmasına, qalan qismi isə təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafına, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanmasına, müalicə və psi­xoloji dəstəyə xərclənən vəsaitlərdir. Təkcə məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı 10 215 müraciət təmin edilib.

Fondun mühüm tədbirlərindən biri də “Onlar bizə əmanət” layihəsidir. Vətən müharibəsinin başlandığı 2020-ci il sent­yabrın 27-dən sonra dünyaya gələn 102 şəhid övladının zəruri xərclərinin qarşı­lanması məqsədilə maddi yardımlar edilib və həmin uşaqların hərəsinin adına 5000 manat məbləğində depozit hesabı açılıb. Təbii ki, fondun fəaliyyəti bununla bitmir. Bu fəaliyyət haqqı olan bütün vətəndaşlarımızı əhatə edir və zənnimizcə, fond öz vəzifəsinin öhdəsindən layiqincə gəlir.

Şəmistan ƏLİZAMANLI,

ehtiyatda olan mayor,

“Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri

2 İyul 2022 01:18 - SİYASƏT
SİYASƏT
17 Avqust 2022 | 00:58
Lider qətiyyəti

Köhnə versiyamızdan xəbərləri izlə