Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

NATO: yeni konsepsiya, yeni hədəflər

 Bu il iyunun 28-dən 30-dək İspaniyanın paytaxtı Madrid şəhərində NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının növbəti sammiti keçirilib. Tədbirdə gərgin müzakirələrdən sonra alyansın yeni konsepsiyası qəbul olunub.

Məlumdur ki, 73 il əvvəl yaradılan Şimali Atlantika Alyansı hər bir növbəti sammitində özünün əsas vəzifələrini müəyyən edir və onların icrası üçün səy və qüvvələrini səfərbər edir. Bu dəfə də alyansın qarşısında duran vəzifələri özündə ehtiva edən yeni konsepsiya qəbul edilib.

Bu konsepsiyanı əvvəlki sənədlərdən fərqləndirən əsas cəhət budur ki, Rusiya Çin ilə birlikdə dünyanın ən güclü hərbi qurumunun əsas rəqibləri kimi dəyərləndirilib. NATO sammitində ilk dəfə olaraq Moskva və Pekinin Avropanın təhlükəsizliyinə, Qərb maraqlarına və dəyərlərinə qarşı yaratdığı təhlükələr müzakirə predmeti olub.

 

Rusiyanın NATO-nun qəzəbinə tuş gələcəyi gözlənilən idi. Belə ki, NATO-nun Madriddə keçirilən sammiti olduqca kritik bir dövrə təsadüf edirdi. Ekspertlər Rusiyanın Ukraynaya təcavüzünü 11 sentyabr 2001-ci ildəki terror hadisəsindən sonra, Qərbə vurulan ən böyük strateji zərbə kimi qiymətləndirirlər.

Moskva isə, əksinə, NATO-nun Şərqə doğru genişlənməklə, Rusiyanın milli təhlükəsizliyinə ciddi təhdidlər törətdiyini iddia edir. Rusiya rəsmiləri ən yüksək səviyyədə adekvat tədbirlər görəcəkləri barədə xəbərdarlıq ediblər.

Bəllidir ki, NATO Avropanı Rusiyanın sonrakı təcavüzündən qorumağa qadir olan yeganə hərbi ittifaqdır. Görünən budur ki, alyans indi öz üzərinə düşən məsuliyyətin fərqindədir və bu istiqamətdə müvafiq addımlar atmaq niyyətindədir.

NATO hazırda əvvəlki illərdən fərli olaraq daha qətiyyətli və daha fəal görünür. Sual oluna bilər: buna səbəb nədir? Bu suala cavab verməzdən əvvəl bir məsələni qeyd etmək lazımdır. Təxminən üç il əvvəl Fransa Prezidenti Makron NATO-nu “ölmüş beyin” adlandırmışdı. Həqiqətən, o dönəmdə alyansa ümidlər azalırdı.

Ancaq Rusiya tankları Ukrayna sərhədini keçdiyi andan etibarən Qərb buna vahid mövqedən, dərhal və sərt reaksiya verdi. NATO dərhal öz şərq sərhədlərini möhkəmləndirmək və modern silahlarla təchiz etmək üçün aktiv fəaliyyətə keçdi.

Madrid sammiti ərəfəsində NATO-nun Baş katibi Yens Stoltenberq “alyansın çəkindirmə və müdafiəsi siyasətində əsaslı dəyişiklik” edildi­yini – qurumun şərq sərhədlərində müdafiənin gücləndiriləcəyini və çevik reaksiya qüvvələrinin sayının 300 min nəfərə çatdırılacağını açıqla­mışdı. Sammit bu barədə müvafiq qərar qəbul edib.

Hazırda alyans hibrid müharibələrdən tut­muş Balkanlarda sabitliyin pozulması, kiber­hücumlar, kosmosun hərbiləşdirilməsi və Çinin artan hərbi gücü kimi çox sayda problemlərlə üz-üzədir. ABŞ çağdaş zamanın bu ciddi ça­ğırışlarına adekvat cavab vermək üçün NATO üzrə müttəfiqlərini ətrafına toplayır.

Lakin NATO-ya daxil olan nüvə silahına malik üç böyük dövlət – ABŞ, Böyük Britaniya və Fransa Rusiya ilə birbaşa vuruşmaq istəmir. Qərbdə hesab edirlər ki, bu, böyük fəlakətə çevrilə bilər. Bu, çox dəhşətli və qorxunc sse­naridir.

Moskva özünün təhlükəsizliyi ilə bağlı “zarafat”ları sevmir. Prezident Putin dəfələrlə Qərbə xatırladıb ki, Rusiyanın nəhəng nüvə arsenalı var və hətta kiçik bir transsərhəd toq­quşması belə vəziyyətin nəzarətdən çıxmasına gətirib çıxara bilər.

Beləliklə, alyans üçün son dörd ayın ən böyük problemi özü müharibəyə qoşulmadan Ukraynaya Rusiyanın hücumundan müdafiə olunmağa kömək etməkdir. Hələlik, Moskva böyük miqdarda canlı qüvvə itkisi və maddi ziyan bahasına olsa da, Ukraynanın şərqində – əsasən rusdilli bölgə olan Donbasda qalib gəlir. Gözlənilən budur ki, 2014-cü ildə Krımı ilhaq et­miş Rusiya bu ərazini də eyni qaydada özündə saxlamağa çalışacaq.

Moskva artıq Rusiya Federasiyasının qanuni ərazisi hesab etdiyi torpaqları geri almaq üçün çalışan ukraynalılar silahlandırılmaqda davam edəcəkmi? Kreml bəyan edib ki, Qərb silahla­rından Rusiya ərazisinə zərbələr endirilməsi qırmızı xəttin keçilməsi deməkdir və bu, dünya müharibəsi risklərini kəskin şəkildə artıracaq.

Rusiya yalnız Donbasa girsəydi, Ukraynaya üç tərəfdən hücum etməsəydi, bəlkə də Qərbin buna reaksiyasında belə qeyri-adi birlik ya­ranmayacaqdı. Avropa İttifaqının altı paketdən ibarət sanksiyaları Rusiya iqtisadiyyatına ağır zərbə vurur, üstəlik, Almaniya Rusiya qazını ölkənin şimalına gətirəcək milyardlarla dollarlıq “Şimal axını-2” layihəsindən də imtina edib.

Ancaq alyansın daxilində Rusiyanın nə vax­ta qədər cəzalandırılması və Qərb iqtisadiyyatı­nın hara qədər dözə biləcəyilə bağlı fikir ayrılığı var. Mövqelərdəki fərqlər Madrid sammitində də üzə çıxıb. Almaniya vəd etdiyi silah tədarükünü gecikdirməkdə ittiham olunur, Macarıstan isə Rusiya neftindən imtina etməklə bağlı tələbləri rədd edir.

Moskvanın ən çox təhdid etdiyi Polşa, Litva, Latviya və Estoniya maksimum sərt xətt seçilməsini və öz sərhədlərində daha çox NATO qüvvəsinin toplanmasını istəyir. Potensial olaraq bu bölgə NATO ilə Rusiya arasındakı münaqişənin əsas mərkəzinə çevrilə bilər. Bu ay Litva Aİ-nin sanksiyaları altındakı bəzi malların öz ərazisindən Kalininqrada – Ru­siyanın Baltikyanı eksklavına göndərilməsini əngəllədikdən sonra Rusiya “praktiki cavab tədbirləriylə” hədələyib.

Estoniyanın Baş naziri Kaja Kallassa NATO-nu tənqid edərək bildirib ki, alyans Rusiyanın sərhədi keçərək hücum etməsi vəziyyətinə hazır deyil. Mövcud strategiyaya görə, NATO yalnız Rusiya hücum edəndən sonra Estoniya ərazisini geri almağa çalışmalıdır. “Onlar bizi yer üzündən silə bilərlər”, – deyə Kallas şikayət edibdir.

Rusiyanın suveren ölkəyə genişmiqyaslı hücumundan ciddi dərəcədə narahat olan Finlandiya və İsveç indiyəqədərki neytral mövqelərindən imtina edərək NATO-ya üzv olmaq qərarına gəliblər. Alyans onlara böyük həvəslə qucaq açıb. Bu ölkələrin quruma qəbul edilməsi Baltik dənizini faktiki olaraq “NATO gölü”nə çevirir.

Hazırda qarşı-qarşıya gələn tərəflər si­lahlanmaya kulli miqdarda vəsait xərcləyirlər. Rusiyanın xərcləri günbəgün artır. Moskva müdafiəyə özünün ümumi daxili məhsulundan 4,1 faiz pul xərcləyir. Rusiya iqtisadiyyatı buna nə qədər dözəcək? Bu suala konkret cavab vermək çətindir.

Məlumdur ki, NATO üzvləri illik ÜDM-in iki faizini müdafiə xərclərinə yönəltməyə borcludur­lar, amma bu göstərici ölkələr üzrə dəyişir. Stok­holm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun son məlumatlarına görə, ABŞ müdafiəyə 3,5 faiz, Britaniya 2,2 faiz, Almaniya 1,3 faiz, İtaliya, Kanada, İspaniya və Hollandiya isə 2 faizdən xeyli az vəsait xərcləyir.

Görünən budur ki, Qərblə Rusiya ara­sında yenidən “soyuq müharibə” küləkləri əsməyə başlayıb. Qərbdə yüksək çinli hərbçilər xəbərdarlıq edirlər ki, indi NATO öz təhlükəsizliyini gücləndirməsə, Rusiyanın növbəti təcavüzünün qiyməti ölçülməz dərəcədə baha olacaq.

Məsaim ABDULLAYEV,

“Xalq qəzeti”

2 İyul 2022 01:16 - SİYASƏT
SİYASƏT
17 Avqust 2022 | 00:58
Lider qətiyyəti

Köhnə versiyamızdan xəbərləri izlə