Ən son xəbərlər
Bu günlərdə İspaniyanın paytaxtı Madriddə NATO ölkələri dövlət və hökumət başçılarının növbəti sammiti başa çatıb. Tədbirin yekunları ilə bağlı mətbuat konfransı keçirən Baş katib Yens Stoltenberq bildirib ki, müttəfiqlər yeni Strateji Konsepsiya sənədini qəbul ediblər. Məqsəd bütün müttəfiqləri müdafiə etməkdir. 2010-cu ildə Rusiya NATO-nun xarici tərəfdaşı olduğu halda, yeni konsepsiyada birbaşa təhlükə olaraq qeyd edilib. Finlandiya və İsveçin üzvlüyə daxil olması qapıların açıq olduğunu göstərir.
Baş katib Ukraynadakı müharibə haqqında daha geniş danışaraq deyib ki, “müharibə nə qədər davam etsə də, NATO Ukraynanın yanında olacaq. Liderlər Ukraynaya çox güclü dəstək mesajı verdilər. Ukraynaya daha çox hərbi sursat, silah və ağır texnika göndəriləcək. Ukrayna alyansa arxalana bilər. NATO Ukrayna üçün hərtərəfli dəstək paketi elan edib. Sovet texnikasından NATO texnikasına keçid təmin ediləcək”.
Siyasi ekspertlər sammitdə baş vermiş ən mühüm hadisə kimi Türkiyənin Finlandiya və İsveçin alyansa üzvlüyünə yaşıl işıq yandırmasını qeyd edirlər. Artıq məlum olduğu kimi, NATO toplantısında Finlandiya və İsveçin təşkilata üzvlük üçün müraciətlərinə baxılacağı gözlənilirdi. Lakin Türkiyə hər iki ölkəni terroru dəstəkləməkdə ittiham edərək onların alyansa daxil olmasına imkan vermirdi.
Doğrudur, sammitə qədərki müddətdə Ankara, Helsinki və Stokholm arasında danışıqlar aparılmışdı. Bu dialoqda NATO-nun Baş katibi Yens Stoltenberq də fəal iştirak etmiş, tərəflərin razılığa gəlməsi üçün əlindən gələni etmişdi. Lakin bütün cəhdlər fayda verməmişdi.
Nəhayət, Madrid sammitində Türkiyə Finlandiya və İsveçin alyansa qoşulması üçün yaratdığı maneəni aradan qaldırdı və bununla da Helsinki və Stokholmun NATO üzvlüyünə yolu açıldı. Üzv ölkələrin dövlət və hökumət başçıları onları öz sıralarına qəbul etdilər.
Türkiyənin qısa zamanda mövqeyini dəyişməsini ekspertlər tarixi dönüş kimi qiymətləndirirlər. Ancaq bu razılaşma Türkiyə, İsveç və Finlandiya liderlərinin, eləcə də NATO-nun Baş katibi Stoltenberqin iştirakı ilə keçirilmiş dördtərəfli danışıqlar nəticəsində əldə olundu.
Finlandiya Prezidenti Sauli Niiniste açıqlama verərək bəyan etdi: “Xarici işlər nazirlərimiz Türkiyənin Finlandiya və İsveçin NATO üzvü olmağa dəvətini dəstəklədiyini təsdiqləyən üçtərəfli memorandum imzalayıblar. NATO-ya daxil olmağımız üçün konkret addımlar müttəfiqlər tərəfindən yaxın iki gün ərzində razılaşdırılacaq”.
Razılaşmanı böyük sevinclə qarşılamış Böyük Britaniyanın Baş naziri Boris Conson özünün twitter hesabında yazdı: “NATO sammitinin başlanması ilə bağlı fantastik xəbər. İsveç və Finlandiyanın üzvlüyü bizim parlaq birliyimizi daha güclü və təhlükəsiz edəcək".
ABŞ Prezidenti Cozef Bayden də İsveç, Finlandiya və Türkiyəni Şimali Avropa ölkələrinin NATO-ya üzvlüyü ilə bağlı razılıq əldə etməsi münasibətilə təbrik edib. Bu barədə ABŞ Prezidenti də özünün twitter səhifəsində yazıb.
"Finlandiya, İsveç və Türkiyəni üçtərəfli memorandumun imzalanması münasibətilə təbrik edirik – bu, NATO-nun Finlandiya və İsveçi alyansa qoşulmağa dəvət etməsi üçün əsas addımdır ki, bu da bizim ittifaqımızı gücləndirəcək və kollektiv təhlükəsizliyimizi artıracaq. Bu, NATO sammiti üçün əla başlanğıcdır", – deyə Bayden qeyd edib.
Stoltenberq isə bildirib ki, "artıq qapılarımız açıqdır - Finlandiya və İsveç NATO-ya daxil olacaq. Alyansı təşkil edən 30 dövlətin liderləri İsveç və Rusiya ilə 1300 kilometr sərhədi olan Finlandiyanı NATO-ya üzv olmağa rəsmən dəvət edəcəklər”.
Türkiyənin əsas tələbi isə bu iki Skandinaviya ölkəsinin öz ərazilərində PKK və onun Suriya qanadı olan YPG-PYD yaraqlılarına dəstəyi dayandırması və Türkiyəyə müəyyən silah növlərinin satışına qoyduqları qadağaların götürülməsi idi. Helsinki və Stokholmun Türkiyənin tələblərini qəbul edərək Ankara ilə üçtərəfli memorandum imzalaması məsələnin həllini tezləşdirdi.
Bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sammitin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, bütün NATO ölkələri terrorizmə qarşı vahid və qəti mövqe tutmalı, bu bəlaya qarşı mübarizədə əməkdaşlığı genişləndirməlidir: “NATO-nun terrorizmin bütün formalarına qarşı mübarizədə qətiyyət göstərməsi çox vacibdir. Özü də bu qətiyyət kağız üzərində qalmamalı, real fəaliyyətdə görünməlidir”.
Türkiyə lideri xatırladıb ki, ölkəsi 40 ildir PKK terror təşkilatının separatçıları ilə mübarizə aparır: “Türkiyənin minlərlə oğlu və qızı terrorçularla mübarizədə həlak olub. Bizim gözləməyə nə səbrimiz, nə də vaxtımız qalıb. Prosesin uzanmasına imkan verməyəcəyik”.
Onun sözlərinə görə, ölkəsinin NATO-ya daxil olmaq istəyən Finlandiya və İsveçlə bağlı mövqeyi terrorizm məsələsinin Türkiyənin “qırmızı xətti” olduğunun göstəricisidir: “İsveç və Finlandiya ilə imzalanmış üçtərəfli memorandum isə Türkiyənin və türk xalqının sadə olmayan danışıqlar prosesi nəticəsində diplomatik qələbəsidir”.
Prezident deyib ki, əldə olunmuş razılaşma çərçivəsində İsveç 73 terrorçunu Türkiyəyə təhvil verəcəyini vəd edib. Ankara isə üçtərəfli memorandumun müddəalarının reallaşdırılmasını diqqətlə izləyəcək və işin gedişinə uyğun olaraq gələcək addımlarını atacaq: “Əgər Skandinaviya ölkələrinin ərizələri Türkiyə parlamenti tərəfindən bəyənilməsə, onların NATO-ya qəbulu başa çatmayacaq. Ona görə də Finlandiya və İsveç öhdəliklərinə əməl etməlidir. Bu ölkələr PKK, YPG və FETÖ terrorçuları üçün qapılarını bağlamalıdır. Milli qanunvericiliyə müvafiq dəyişikliklər də edilməlidir. Əgər sözlərinə əməl etməsələr, onda inciməsinlər. Biz lazımi addımları atacağıq. Əgər bu sözlərə əməl olunmasa, o zaman məsələ Türkiyə parlamentində müzakirəyə çıxarılmayacaq”.
Ərdoğan Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 parkının modernləşdirilməsi məsələsinə də toxunub. Türkiyə lideri deyib: “Prezident Co Bayden Türkiyəyə F-16 təyyarələrinin verilməsi ilə bağlı səmimi səylərini əsirgəməyəcək. Bayden öz mövqeyində əmindir. Ümid edirəm ki, nəticələr Türkiyə-ABŞ dostluğu və həmrəyliyinə uyğun olacaq. Tezliklə Türkiyə nümayəndələrini bununla bağlı Vaşinqtona göndərəcəyəm”.
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə