Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gədəbəydə təbii fəlakətdən ziyan çəkənlərə dəstək böyükdür

Təbii fəlakət elə bir hadisədir ki, “çağırılmamış qonaq” kimi birdən başının üstünü alır. Amma qonaqdan fərqli olaraq o özü ilə bəla gətirir, evlərə, yollara, körpülərə, təsərrüfatlara ziyan vurur. Adamların illər boyu zəhmətlə, əziyyətlə ərsəyə gətirdiklərini amansızcasına qabağına qatıb aparır, dağıntılar törədir...

Dağ rayonu olan Gədəbəydə insanlar təbii fəlakətlərlə daha tez-tez üz-üzə gəlməli olurlar. Amma nə qədər əvvəlcədən qabaqlayıcı tədbirlər həyata keçirilsə də, əksər hallarda çaylar məcrasından çıxır, güclü yağışların yağması, dolu düşməsi bir sıra fəlakətlər törədir.

Amma bu çətin anlarda insanların bir yerə toplaşması, daha çox ziyan çəkən ev sahiblərinə ürək-dirək verməsi və kömək əlini uzatması, dağlmış yolları, körpüləri bərpa etmək barədə düşü­nüb konkret tədbirlər görməsi tezliklə olanları, keçənləri unutdurur. Bir də ki, belə çətin anlarda rayon rəhbərliyinin adamların səsinə səs verməsi, onların yanında olması, hər birini dinləməsi, vəziyyəti nizama salmaq üçün əməli köməklik göstərməsi ağrı-acını xeyli yüngülləşdirir...

Rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev icra aparatının bir sıra məsul işçiləri, ağsaqqallarla birlikdə Sarıhasanlı kəndinə gələndə adam­ların necə sevindiyini başa düşmək olardı. Kənd sakinləri özləri deyirdilər ki, vacib deyil dağıdılmış nəyisə elə həmin anda, necə deyərlər, sehrli çubuqla ilə düzəltsinlər. Vacib odur ki, dövlət heç nəyə biganə qalmır, onun nümayəndələri ən çətin anlarda vətəndaşın yanındadır, onların problemlərinə laqeyd deyil.

Bu kəndə yağan yağışlar bir sıra fəsadlar törədib. Güclü yağışdan sonra yaranan sel yolu-rizi yuyub aparıb. Ən pisi isə çayın digər tərəfinə çəkilən piyada keçidinin tamamilə sıradan çıxmasıdır. Onun yenidən bərpası ilə bağlı sakinlərin müraciətlərinə yerində baxan N.Nağıyev qaldırılan məsələyə həssaslıqla yanaşılacağını və problemin qısa vaxt ərzində həll olunacağını bildirib. Əlaqədar təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, rayon rəhbərliyi təbii fəlakətdən ziyan çəkən kəndlərin hər birində olmuş, adamlarla söhbət etmiş, vəziyyətin nizama salınması üçün konkret tədbirlər görmüşdür.

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

2 İyul 2022 01:12 - EKOLOGİYA
EKOLOGİYA
4 Avqust 2022 | 17:51
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə