Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ceyhun Bayramov İraq Parlamentinin sədr müavini ilə görüşüb

İyulun 1-də Xarici Işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İraq Respublikası Nümayəndələr Şurasının (Parlament) sədr müavini Şaxvan Abdullah Əhmədin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüş zamanı tərəflər Azərbaycan ilə İraq arasında ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə edib və ölkələrimizin bütün sahələrdə əməkdaşlığı genişləndirmək əzmində olduğunu vurğulayıblar.

Nazir Ceyhun Bayramov Azərbaycanın İraq ilə əlaqələrin inkişa­fına önəm verdiyini qeyd edib. İki ölkə arasında münasibətlərin tarixi, mədəni və dini bağlar üzərində inkişaf etdiyini vurğulayaraq, həm ikitərəfli, həm də çoxtərəfli çərçivələrdə əməkdaşlığın həyata keçirildiyini qeyd edib. İraqın hər zaman beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına göstərdiyi dəstək minnətdarlıqla qeyd edilib.

İkitərəfli münasibətlərimizin inki­şafında parlamentlərarası əlaqələrin önəmini qeyd edən nazir Ceyhun Bayramov, İraq parlamentini təmsil edən yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimizin parlamentləri arasında və ümumilikdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.

Səmimi qəbula görə minnətdarlığını bildirən İraq parlamentinin sədr müavini Şaxvan Abdullah Əhməd ölkələrimiz arasında mövcud olan müsbət əlaqələri qeyd edərək, Azərbaycanın İraqa göstərdiyi dəstəyi, o cümlədən Azərbaycan tərəfindən göstərilən huma­nitar yardımı məmnunluqla qeyd edib. Ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərin inkişafının hər iki ölkənin marağına uyğun olduğu və parlamentlərarası dostluq qruplarının bu inkişafa töhfə verdiyi qeyd edilib.

Tərəflər, həmçinin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi perspektivləri, o cümlədən iqtisadi, humanitar, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları üzrə fikir mübadiləsi aparıblar.

2 İyul 2022 00:06 - SİYASƏT
SİYASƏT
17 Avqust 2022 | 00:58
Lider qətiyyəti

Köhnə versiyamızdan xəbərləri izlə