Ən son xəbərlər
Azərbaycanın şəhər və kəndləri son illər öz simasını tamamilə dəyişmiş, mədəni yaşayış məskənlərinə çevrilmişlər. “Regionların sosial-iqtisadi inkişafı” Dövlət proqramlarının uğurla həyata keçirilməsi və sistemli şəkildə davam etdirilməsi regionlarda kənd təsərrüfatının, sənayenin, sahibkarlığın inkişafına güclü təkan vermişdir.
Bu gün ölkənin bütün ərazilərində tikinti-quruculuq, bərpa işləri uğurla davam etdirilir. Nəinki paytaxtımız Bakı şəhəri, eləcə də digər şəhər və rayonlarımız öz gözəlliyi ilə qonaqlarımızı cəlb edir, onlarda xoş duyğular oyadır. Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi, yenidən qurulması, həm də yeni imkanlar yaradır. Bu gün Bakı şəhəri misilsiz memarlığı, park və xiyabanları ilə irs və müasirliyin ahəngdarlığını özündə əks etdirməklə dünyanın ən gözəl şəhərlərindən biridir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı II sessiyasındakı çıxışında ölkədə gedən tikinti-abadlıq, quruculuq işlərinə diqqəti cəlb etməklə, həm də son 30 il ərzində erməni faşistləri tərəfindən işğal altında olan ərazilərimizdəki şəhər və kəndlərimizin tamamilə məhv edildiyini, mədəni-dini, tarixi abidələrimizin yer üzündən silindiyini, meşələrimizin qırıldığını, çaylarımızın zəhərləndiyini qeyd etmiş, Ağdamın, Füzulinin tamamilə dağıdıldığını bildirmişdir.
Ancaq müharibədən sonra dayanıqlı şəhər inkişafı daha böyük önəm kəsb edir. Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılmasını həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyasını tətbiq edir.
Azərbaycan işğaldan azad edilmiş Füzuli şəhərində səkkiz aydan az müddətə hava limanı inşa edib istifadəyə vermişdir. Zəngilan və Laçın rayonlarında daha iki hava limanının tikintisi davam edir. Azad edilmiş bəzi şəhərlərin baş planı hazırdır. Şuşa şəhəri sürətlə yenidən qurulur. Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş yeni şəhər inşa edilir. Ağdam sənaye parkı artıq fəaliyyət göstərir. Zəngilanda, Füzulidə, Ağdamda yeni məktəb, xəstəxana, yaşayış evləri ucaldılmaqdadır. Ərazilərdə müasir yollar, körpülər, tunellər salınır, infrastruktur tamamilə yenilənir. Yeni elektrik stansiyaları, su anbarları yaradılır, torpaqlar əkin dövriyyəsinə daxil edilir.
Prezidentimiz xatırlatmışdır ki, müharibədə məğlub olmasına baxmayaraq, Ermənistan tərəfi yenə də sülhə gəlmək, düşmənçiliyə son qoymaq fikrində deyil. Azərbaycan öz ərazilərini bərpa edib quruculuq işləri gördüyü halda, erməni millətçiləri yenə də müharibə etmək fikrindən əl çəkmirlər. Ancaq onlar yanılırlar. Azərbaycanın bugünkü inkişafı, güclü ordusu qarşısında heç bir qüvvə tab gətirə bilməz. Prezidentimiz bildirib ki, biz sülh tərəfdarıyıq, lazım gəlsə, hər an başqa vasitələrə də əl ata bilərik.
Ermənistan bu barədə düşünməli və sülhə gəlməli, qəbul etdiyi öhdəlikləri yerinə yetirməlidir.
Tahir RZAYEV,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri
Köhnə versiyamızdan xəbərləri izlə