Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir

“Bizim qarşılıqlı fəaliyyətimizin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Xəzər dənizi bizim regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısındakı çıxışında səsləndirdiyi bu sözləri Milli Məclisin deputatı Aydın Hüseynov sammitlə bağlı fikir bildirərkən söylədi.

Dövlət başçımız çıxışında bildirdi ki, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdı­rılması, etibarlı və təhlükəsiz kommuni­kasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradıl­masına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır. Aydın Hü­seynov Prezidentin bu fikrinə də diqqət çəkdi ki, nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır. Nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırıl­ması əməkdaşlığın mühüm istiqamətidir. Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik fəaliyyət nəticəsində imzalan­mış bu sənəd Xəzərin hüquqi statu­sunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq.

Deputat Prezidentin fikrinə isti­nad edərək vurğuladı ki, Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə– hüquqi bazası getdikcə möhkəmlənir. Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qo­runub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb. Həmçinin əməkdaşlıq barədə sazişlərin yeni layihələri üzərində iş başlanıb. Artıq Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər də bağlanıb. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşu­luq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.

Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır. Bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Bunu diqqətə çatdıran dövlət başçımız dedi ki, ölkəmiz Şərq –Qərb və Şimal – Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır: “Biz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəririk. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat poten­sialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Biz Şərq–Qərb və Şimal– Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasını müşahidə edirik. Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanın­dan gələn tranzit yüklərin həcmi artır. Bu limanın tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat – logistika infrast­rukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsi olub”.

Çıxışında bu il Azərbaycanda Şimal– Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin koordinasiya şurasının VIII görüşünün keçirilməsinin də planlaşdırıldığını qeyd edən dövlət başçımız Azərbaycanın Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən, beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görüldüyünü, Zəngəzur dəhlizinin artıq reallığa çevrildiyini vurğuladı.

Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlan­ması və səmərəli istifadəsi üzrə komis­siya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir. Bu fəaliyyətin uğurla nəticələnəcəyinə, Xəzəryanı dövlətlərin qarşısında duran mühüm ümumi məsələlərin həllinə yönəlmiş səylərin birləşdirilməsinə ina­mımız böyükdür.

Hazırladı: Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

2 İyul 2022 00:37 - SİYASƏT
SİYASƏT
17 Avqust 2022 | 00:58
Lider qətiyyəti

Köhnə versiyamızdan xəbərləri izlə