Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kəlbəcərin baş planı xoş gələcək müjdəsidir

Biz Kəlbəcəri bir güllə atılmadan azad etdik, öz doğma diyarımızı qaytardıq və bu gün Kəlbəcərdə quruculuq işləri gedir. Mən ikinci dəfədir Kəlbəcərə gəlirəm və bu gün də bir çox tədbirlər var. Kəlbəcərin infrastrukturu, elektrik təchizatı, su təchizatı, evlərin tikilməsi artıq buna start ve­rilir. Əlbəttə ki, biz, ilk növbədə, hərbi təyinatlı yolları inşa etməliydik və bunu etdik. Bu gün bu hərbi hissənin açılması bir daha göstərir ki, biz istədiyimizə nail olacağıq Qaraba­ğı və Şərqi Zəngəzuru bərpa edəcəyik.

İlham ƏLİYEV

 Azərbaycan Respublikasının Prezidenti

 

Amansız müharibə ulu dağların qoynunda yerləşən Kəlbəcəri də əlimizdən almışdı. O uca yerlərə də həsrət qalmışdıq. Hələ 1996-cı ildə ulu öndər Heydər Əliyev kəlbəcərlilərlə görüşündə demişdi: “Kəlbəcər Azərbaycanın çox dəyərli bir guşəsidir. Həm təbiətinə, dağlarına, meşələrinə, çaylarına, bulaqlarına, qayalarına görə, həm də orada olan çox qiymətli yeraltı sulara, mərmər yataqlarına, qızıl yataqlarına, başqa əlvan metalların yataqlarına görə çox qiymətli bir yerdir... Biz qoymayacağıq ki, torpağımızın bir qarışı da qəsbkarların əlində qalsın”.

Elə də oldu. Ümummilli liderin layiqli davamçısı, Prezident İlham Əliyevin böyük sərkərdəlik məharəti, diplomatik uğuru sayəsində digər ərazilərimiz kimi, Kəlbəcər də qəsbkarların əlindən alındı.

Düz 27 il yarımlıq ayrılıqdan son­ra rəşadətli Azərbaycan Ordusu bizi doğma yurd yerlərimizə qovuşdurdu. 2020-ci il noyabrın 10-da imzalanan sülh müqaviləsinə əsasən, noyabrın 25-də Ermənistan silahlı birləşmələri Kəlbəcər rayonunu boşaldaraq öz həqiqi sahiblərinə təhvil verməyə məcbur oldular.

Bir gün gülə-gülə qayıdacaqdır

Ağlaya-ağlaya köçən Kəlbəcər!

–deyən el şairi Sücaətin də, Məmməd Aslanın da, Bəhmən Vətənoğlunun da ruhları bu gün şaddır. Artıq Kəlbəcərin üzü gülür.

Böyük qələbədən ilyarım vaxt ötür. Dünya qalib Azərbaycanın zəfərini də, bu zəfərin ardınca gələn bərpa-quruculuq işlərini, Qaraba­ğı və Şərqi Zəngəzuru dirçəltmək əzmini də yüksək dəyərləndirir, regionda məhz bizim diktə etdiyimiz reallıqları qəbul edir. Geriyə yol yox­dur. Yalnız irəli – daha uca zirvələrə doğru gedirik. Üçrəngli, ay-ulduzlu Dövlət Bayrağımız xüsusi yaraşıq verdiyi o doğma zirvələrdə inamla dalğalanır.

Arabir sərhəd zonasında erməni silahlı qüvvələrinin tör-töküntülərinin Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutmaları isə revanşistlərin mənasız əsəbiliyinin təzahürüdür. Onlar Azərbaycan Müdafiə Nazirli­yinin bölmələri tərəfindən adekvat cavab tədbirləri ilə dərhal susdurulur və itki verə-verə qaçıb gizlənirlər. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altında olmaqla, işğaldan azad edilmiş ərazilərimizin hər qa­rışına sahibliyimiz birmənalı olaraq daha da güclənib.

Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə qəti surətdə bildirib ki, heç bir təxribat bizi quruculuq yolundan döndərə bilməz, azərbaycanlıların əzəli-əbədi torpaqlara – Qaraba­ğa və ona bitişik rayonlara kütləvi qayıdışı qarşısıalınmaz prosesdir və əbədilik olacaq. Digər rayonlarla bərabər, Kəlbəcərin dirçəldilməsinə dövlət səviyyəsində xüsusi önəm verilməsi dağlar diyarının əvvəlki şöhrətini tezliklə özünə qaytarmaq, onu beynəlxalq turizmin gözəl məkanı kimi bərpa etmək məramını sərgiləyir.

Ərazilərin bərpasına verilən önəmin göstəricisidir ki, dövlətimizin başçısı böyük qələbədən ötən müddətdə azad edilmiş rayonlarımıza çoxsaylı səfərlər edib. Əgər əvvəllər cənab İlham Əliyev ən əziz günlərdə qaçqın və məcburi köçkün soydaş­larımızın yanında olmağa üstünlük verirdisə, indi, şanlı müharibədən sonra əlamətdar tarixləri, hətta özünün doğum günlərini belə işğaldan azad olunmuş rayonlarda keçirir. Elə ötən həftə Azərbaycan Silahlı Qüvvələri Günündə yenidən o müqəddəs yerlərdə əsgər və zabitlərimizlə görüşüb. Kəlbəcər rayonuna səfəri çərçivəsində ko­mando hərbi hissəsinə döyüş bay­rağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib. Prezidentin oradakı çıxışı zama­nı dediyi bu sözlər hər birimizin qəlbini qürurla döyündürüb: “Biz bütün dünyaya göstərdik ki, həm ruhən, həm fiziki cəhətdən, həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm də Vətənə olan sevgi və məhəbbət nöqteyi-nəzərindən böyük xalqıq”.

Cənab İlham Əliyevin hərbi şəhərciyin ərazisində uzunömürlü­lük rəmzi olan çinar ağacı əkməsi, şəhidlərin xatirəsinə ucaldılan abidə-kompleksini və “Dəmir yumruq” abidəsini ziyarət etməsi, əslində, dünyaya bir mesaj idi ki, Qarabağ Azərbaycandır və nida!

“Şiş ucları buludlarla döyüşən” dağların qoynunda bərpa layihələrinin icrasının geniş vüsət alması əsl qeyrət məsələsidir. Sərhədlərin yeni yaradılan hərbi hissələrlə möhkəmləndirilməsi dinc quruculuq işlərinin güvənliyini xeyli artırıb. Bildiyimiz kimi, hələ ötən il pilot layihələr kimi bu rayonun arıçılıq və heyvandarlıqla məşğul olan bir qrup sakininin doğma yurdlarına gəlişi təmin edilib və onlar öz təsərrüfatlarını yaradaraq işə başlayıblar. Yaxın perspektivin əsas hədəflərindən biri elə bölgədə aqrar sahəni inkişaf etdirməkdir. Buranın yaylaqları isə qoyunçuluğun inkişafına xidmət edəcək. Qızıl, civə kimi yeraltı sərvətlərin, mərmərin çıxarılması və emalı sənayesinin təşkili, xalçaçılığın genişləndirilməsi də ölkə iqtisadiyyatına böyük fayda gətirəcək.

Azərbaycan Prezidenti iyunun 26-da Kəlbəcər – Laçın avtomobil yolunun tikintisi ilə bağlı görülən işlərlə tanış olub. Dövlətimizin baş­çısına görülən işlər barədə məlumat verilib. Bildirilib ki, Kəlbəcər və Laçın rayonlarını birləşdirən bu avtomobil yolu 2-4 hərəkət zolaqlı olmaqla, 1-ci və 2-ci texniki dərəcəyə uyğun inşa edilir. Hazırda yolun müəyyən hissələrində qazma-dolğu işləri icra olunur, yeni torpaq yatağı inşa edilir. Bundan başqa, düzbucaqlı və dairəvi suötürücü boruların, həmçinin su kanallarının tikintisi, drenaj işləri və daş divarın inşası aparılır. Qeyd olunub ki, layihə üzrə yol boyunca tikintisi nəzərdə tutulan avtomobil tunellərindən ikisində qazma prosesi davam etdirilir, birinin isə giriş və çıxış hissələrində işlərə başlanılıb.

Prezidenti İlham Əliyev Kəlbəcər şəhərinin baş planı ilə tanış olub, İş­ğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyub. Bildirilib ki, Kəlbəcər şəhərinin baş planının hazırlanması zamanı onun özünəməxsus siması­nın formalaşdırılması üçün ərazinin coğrafi yerləşməsinə, quruluşuna uyğun olaraq, müxtəlif memarlıq ənənələri də araşdırılıb, tətbiq edilə biləcək nümunələrlə bağlı təkliflər verilib. Baş planın konseptual əsasını sağlamlıq və dağ turizmi imkanları­nın inkişafı, təbiətlə vəhdətdə yaşıl şəhər mühitinin yaradılması təşkil edir. Şəhərin mərkəzi hissəsində çoxmənzilli binalar, ətraflara doğru isə həyətyanı sahəsi olan fərdi evlər inşa olunacaq. Növbəti 20 il ərzində Kəlbəcər şəhərinin ərazisinin 237 hektara, əhalisinin sayının isə 17 min nəfərə çatacağı proqnozlaşdırılır. Heyranlıq yaradan genişəhatəli və çoxşaxəli işlərdir.

Dövlət başçısı səfər zamanı Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, “İstisu” mineral su za­vodunun və “İstisu” sanatoriyasının təməllərini qoyub. “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub. Əslində, elə bu quruculuq səylərinin təməlində işığa, suya, savaba canatma amalı özünü göstərir. Bütün səylər tezliklə gerçəkləşəcək Böyük Qayıdış mis­siyasına xidmət edir. Prezidentimiz tarix yazır. Xalqımız bu məramı əməli işlərlə həyata keçirir. Gözü götürməyənlərin isə gözlərinə qa­ranlıq çökür.

Qəsbkarların vəhşi qəbilə təfəkkürü burada hər addımda özünü göstərir. İnsanlığa sığmayan hərəkətlərə heç bir izah haqq qa­zandırmır. Zəfər və İşğal muzeylərini layihələndirən “ACN” şirkətinin nümayəndələri ilə görüşündə Prezident bu barədə fikirlərini bir daha təkrarlayıb: ”Biz onlara qarşı heç bir pis iş görməmişik. Biz etnik təmizləməyə məruz qalmışıq. Onlar bizim torpağımıza gəldilər, hər şeyi dağıtdılar və getmədilər. Kəlbəcəri tərk etmək üçün onlara vaxt verəndə nə etdilər? Evləri yandırmağa, ağacları kəsməyə başladılar və 32 su elektrik stansiyasını dağıtdılar. Təsəvvürünüzə gətirirsinizmi?”

Bu gün Kəlbəcər özünün su aydınlığına qovuşur. Burada suların gündəlik istismar ehtiyatının (7393 kubmetrin) 58 faizi Kəlbəcərin payına düşür. Ümumiyyətlə, azadlığa qovuş­muş ərazilərimizdə 120-dək müxtəlif tərkibli mineral su yataqları var. Turş­su, İstisu, Bağırsaq, İlıqsu, Minkənd sularının müalicəvi əhəmiyyəti bö­yükdür. Onlar da bərpa olunacaq və yenidən istehsalına başlanacaq. Ulu öndər vaxtilə bu misilsiz məkanlar barədə özəl fikirlərini sevə-sevə bildirmişdi: ”Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o İstisuyu.... Biz onlarsız yaşaya bilmərik.Təsəvvür də edə bilmərik". Budur, biz həmin doğ­ma məkanlardayıq. Fədakar insanlar qurub-yaradır, gözəllikləri bacarıqla cilalayırlar.

“Kəlbəcər” adının ilkin mənası “çay üstündə qala”dır. “İstisu” sanatoriyasının təməlqoyma mərasimində qeyd olunub ki, ilk dəfə 1928-ci ildə burada eyniadlı sana­toriya tikilmiş, lakin işğal dövründə yararsız hala salınmışdı. 34 hektar ərazidə yaradılması nəzərdə tutu­lan yeni “İstisu” İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Şəfa ocağının təməlini qoyduqdan sonra Prezident İlham Əliyev çıxış edərək bildirib ki, ötən il burada bu dağıntı­larla tanış olub və göstəriş verib ki, İstisu qəsəbəsində yeni mehman­xana inşa edilsin, müalicə mərkəzi yaradılsın. Çünki vaxtilə sovet dövründə minlərlə insan gəlib bura­da dincəlib, öz sağlamlığını bərpa edib, bu gözəl təbiətdən zövq alıb. Bərpa ilk növbədə ona görə vacibdir ki,“İstisu” sanatoriyası və İstisu suyu bu bölgənin rəmzi, Kəlbəcərin təbii sərvətidir. Bunlarsız bərpa işləri ya­rımçıq təsir bağışlayar. Dövlət baş­çısı bütün infrastruktur layihələrinin uğurla icra edildiyini vurğulayıb. Yolların çəkilməsinin, tunellərin, körpülərin inşasının önəmini qeyd edib, enerji təchizatına diqqət çəkib: “Keçən il 4 su elektrik stansiyası istifadəyə verilib. Bu il isə 5 su elektrik stansiyasının istifadəyə verilməsi təmin ediləcək. Həmin 4 stansiya artıq işləyir və ümumi enerji gücümüzü artırır, bərpaolunan enerji növlərinin həcminin artırılmasına xidmət göstərir”.

Təməli qoyulan “İstisu” mineral su zavodunda gündə 327 min, ildə isə 95 milyon butulka mineral su istehsal olunacaq. Suyun mənbəyi ilə bağlı isə 200 metr dərinlikdə yeni quyu qazılıb. Çıxışda istilik 60-65 C dərəcəyə bərabərdir . Bulağın suyu kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə seçilir. Laborator analizlər göstərib ki, mine­ralların miqdarı 6,7 qrama çatan bir litr suyun tərkibi litium, brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium, dəmir və digər kimyəvi maddələrlə zəngindir. Bu sudan mədə-bağırsaq, qaraciyər, öd kisəsi və sair xəstəliklərin müalicəsində istifadə edilir.

Prezident İlham Əliyev Kəlbəcərin baş planından danışaraq deyib ki, nəzərdə tutulduğuna görə, şəhər təbiətə sıx inteqrasiya oluna­caq. Baş plan məhz bu təbii gözəlliyi ehtiva edir. “Artıq ilin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Göstəriş vermişəm ki, Kəlbəcərdə mütləq aşıq mərkəzi və lazım olan digər tikililər inşa edil­sin. Bu, ancaq Kəlbəcər şəhərinin Baş planıdır. Kəlbəcər rayonunun inkişafı ilə bağlı isə bizdə konsepsi­ya artıq hazırdır. Kəndlərin yenidən qurulması konsepsiyamız hazırdır və biz bunu icra edəcəyik”.

Bütövlükdə, Kəlbəcərin inki­şaf konsepsiyası onun əsrarəngiz bölgəyə çevrilməsini təmin edəcək. Dövlət başçısı bu rayonda hərtərəfli iş görüldüyünü diqqətə çatdıraraq bildirib ki, buraya infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər daxildir. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalayıb qurtarmaq mümkün deyil. Bu isə o deməkdir ki, biz bu torpaqların əsl sahibləriyik. Tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qururuq. Artıq yeni həyatın təzahürləri görünməkdədir. Bütün bu işlərin həcmi bir daha xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, biz bu torpaqların sahibiyik, buraya qayıtmışıq və burada əbədi yaşayacağıq.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”

2 İyul 2022 00:34 - SİYASƏT
SİYASƏT
17 Avqust 2022 | 00:58
Lider qətiyyəti

Köhnə versiyamızdan xəbərləri izlə