Ən son xəbərlər
İşğalçı ölkənin Azərbaycan ərazisində törətdiyi vəhşiliklər barədə söz açan dövlət başçımız bildirib ki, on minlərlə insan azad olunmuş ərazilərə səfər edib. Onların arasında xarici siyasətçilər, parlamentlərin sədrləri və üzvləri, ekspertlər və sadə vətəndaşlar da var. Məscidlərimizin təhqir olunmasını, mədəni abidələrimizə qarşı törədilən vəhşilikləri hamı görüb. Təəssüf ki, ermənilərin bu vəhşiliklərinə qarşı etinasızlıq nümayiş etdirilib.
İşğal dövründə keçmişimizdən, ulu əcdadlarımızdan bizə miras qalan tarixi, mədəni abidələrimiz, memarlıq abidələrimiz və müqəddəs dini inanc yerlərimiz olan məscidlər, türbələr, qəbiristanlıqlar, dünyanın ən qədim yaşayış məskənlərindən olan Azıx mağarası, Tağlar mağarası və digər nadir maddi və mənəvi mədəniyyət nümunələri erməni vandalizminin qurbanına çevrilmişdir. Bu isə təkcə xalqımızın deyil, ümumilikdə, bəşəriyyətin mənəvi irsinə qarşı qəsd, dünya mədəni sivilizasiyasına vurulan ağır zərbələr kimi Haaqa Konvensiyası, həmçinin UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının tələblərinin kobud şəkildə pozulmasıdır. Beynəlxalq hüquq normalarını həyasızcasına tapdalayan Ermənistan otuz ilə yaxın dövrdə zəngin tarixi, mədəni irsimizə xas memarlıq və arxeoloji abidələrimizi işğal altında saxlayaraq, hərbi cinayət törətməklə onları kütləvi şəkildə məhv edib və ya saxta tarix yaratmaq xülyası ilə saxtalaşdırmağa səy göstəriblər.
Ağdamın xarabalıqlarını görən bir jurnalist – Qafqaz üzrə tanınmış mütəxəssis, britaniyalı Tomas de Vaal bu şəhərdə ermənilər tərəfindən törədilmiş dağıntıları II Dünya müharibəsində amerikalıların darmadağın etdikləri yapon şəhərləri Xirosima və Naqasaki ilə müqayisə edərək, Ağdamı “kiçik Xirosima” adlandırmışdı.
Ermənistan rəhbərliyi azərbaycanlıların tərk etdiyi dədə-baba yurdlarında soydaşlarımıza məxsus bütün tarixi izləri silməklə yanaşı, xalqımızın, ümumilikdə isə bütün müsəlmanların heysiyyatına toxunmaq məqsədilə bəzi məscidlərdən hətta donuz və mal-qara üçün saxlanc yeri kimi də istifadə ediblər.
Prezident İlham Əliyev bu xüsusda deyib: “Bizim tarixi-dini abidələrimiz Ermənistan tərəfindən dağıdılıb. Dini abidələrimiz təhqir edilib. İşğal edilmiş ərazilərdə məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və bəzi məscidlərdə hətta onlar heyvan saxlayıblar. Bu çirkin əməlləri əks etdirən bir çox video və foto sənədlər, sübutlar vardır. Onları internetdə tapmaq olar”. Tarixi irsimizə vurulan bu zərbələri dünya birliyi hələ də ağır sükut və susqunluqla seyr etməkdədir.
Dövlət başçımız torpaqlarımız işğaldan azad olunduqdan az müddət keçdikdən sonra dəfələrlə bu ərazilərə səfər edib və həmin vandallığın şahidi olub. Səfərlər zamanı ölkə başçımız işğaldan azad edilmiş ərazilərimizin ictimaiyyət nümayəndələri ilə görüşüb, gələcəkdə yenidən qurulacaq şəhər və kəndlərimizin görüntüsü barədə onların da təkliflərini dinləyib.
İşğaldan azad edilmiş rayonlarda bərpa-quruculuq işləri bu günlər sürətlə davam edirilir. Bu regionların mədəni mühiti tədricən formalaşdırılacaq, yeni mədəniyyət evləri, sərgi salonları, muzeylər, kitabxanalar kinoteatrlar yaradılacaq. Biz bu nümunəni Zəngilan rayonunda inşa edilən “ağıllı kənd” in simasında görürük.
Heydər Əliyev Mərkəzində “İşğaldan azad edilmiş ərazilərdə mədəni irs abidələrinin bərpası üzrə layihələr: hədəflər, çağırışlar, xüsusiyyətlər, perspektivlər” mövzusunda keçirilən dəyirmi masada çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov bildirib ki, otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan ərazilərimiz müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edildikdən sonra bu torpaqlarda quruculuq-bərpa işləri başlanıb. Bölgədə infrastruktur layihələri ilə yanaşı, tarixi və mədəniyyət abidələrinin inventarlaşdırılması, mühafizəsi, o cümlədən, bərpası istiqamətində genişmiqyaslı işlər həyata keçirilir.
Fond ötən müddət ərzində artıq bir sıra mədəniyyət abidələrinin bərpasını başa çatdırıb. Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işləri yekunlaşıb. Kompleksdə işlər Heydər Əliyev Fondu tərəfindən 2021-ci ilin mart ayından başlayıb və abidə tarixi görkəminə uyğun olaraq bərpa edilib. Həmçinin böyük Azərbaycan şairi Molla Pənah Vaqifin büstü, dahi bəstəkar Üzeyir Hacıbəylinin heykəli yenidən Şuşa şəhərində ucaldılıb.
Mədəniyyət paytaxtımız Şuşa şəhərində digər abidələrin bərpası da diqqət mərkəzindədir. Şuşa rayonunun xüsusi nümayəndəsi Aydın Kərimov bildirib ki, dövlət başçısının tapşırığına əsasən, şəhərin tarixi görkəminin bərpası üzrə qısa müddət ərzində xeyli işlər görülüb. Şəhərin tarixi abidələr yerləşən hissələri zonalara ayrılıb. A.Kərimov deyib: “Təkcə Şuşa şəhərində 150-dən çox tarixi abidə mövcuddur. Bu abidələrin hər birinin bərpası bizim üçün xüsusi önəm daşıyır. Prezident İlham Əliyevin Şuşanın mədəniyyət paytaxtı elan edilməsi barədə sərəncam imzalaması şəhərin xüsusi əhəmiyyətə malik olduğunu bir daha göstərir. Buna görə də Şuşanın bərpası və yenidənqurması xüsusi həssaslıqla aparılır”.
İşğaldan azad edilmış ərazilərdə bərpa olunan abidələr təkcə Azərbaycanın deyil, bütün dünyanın mənəvi sərvətidir. Ona görə də bu sərvətin qorunub gələcək nəsillərə çatdırılması bizim mənəvi borcumuzdur.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə