Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Xəzərə dostluq, təhlükəsizlik, sülh və əməkdaşlıq dənizi kimi baxır

Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən, BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Aşqabad, 29 iyun 2022-ci il

 

Azərbaycan dövlətinin xarici siyasətinin mühüm tərkib hissələrindən biri region ölkələri ilə münasibətlərin yüksək səviyyədə qurulmasına nail olmaqdır. Bu məqsədlə də ləyaqətli sülhə, ədalətli tərəfdaşlığa, bərabərhüquqlu əməkdaşlığa, mehriban qonşuluğa, təhlükəsiz birgəyaşayış prinsiplərinə daim xüsusi önəm veririk.

Ulu öndər Heydər Əliyev xatırladırdı ki, biz təkcə sərhəd qonşularımızla və ya türkdilli ölkələrlə deyil, eləcə də, Xəzəryanı ölkələr və postsovet məkanındakı dövlətlərlə əməkdaşlığın genişləndirilməsinə çalışacağıq. Çünki bizim iqtisadiyyatımız, ilk növbədə, bu ölkələrin iqtisadiyyatı ilə bağlı olmuşdur.

Artıq hamının bəyəndiyi və etiraf etdiyi faktdır ki, Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, xarici siyasətin bu istiqamətində də ulu öndərin siyasi kursunu mükəmməl şəkildə və yaradıcılıqla davam etdirir. Dövlət başçımızın iyunun 29-da reallaş­dırdığı Aşqabad səfəri də məhz həmin arqumentin təsdiqi kimi qəbul edilir.

“Xəzər beşliyi”nin Aşqabad sam­miti barədə çox yazıldığına və danı­şıldığına görə bu yazıda ancaq həmin formatın regional təhlükəsizliyə verdiyi töhfələrdən danışmaq istəyirəm.

1991-ci ildə Sovet İttifaqı dağılana qədər Xəzər SSRİ və İran arasında bölüşdürülmüşdü. Regionda yeni ölkələrin yaranması isə vəziyyəti xeyli mürəkkəbləşdirirdi. Xəzərə dəniz kimi baxıldığı təqdirdə, okeanla əlaqəsi olmayan bu hövzə Beynəlxalq Dəniz Qanununa, yəni Birləşmiş Millətlər Təşkilatının Dəniz Qanununa tabe ola­caqdı. Həmin məcburi sənəd ölkələrin dünya okeanından necə istifadə edə biləcəyi ilə bağlı qaydaları müəyyən edir. Yəni Xəzəri dəniz kimi tanısaydıq, sahilyanı ölkələrlə yanaşı başqaları da burada resurs axtara bilərdilər. Xəzərə göl kimi yanaşdıqda isə, onun sahəsi beş sahilyanı ölkə arasında bərabər bö­lünmüş olardı. 2018-ci ilin avqustunda Qazaxıstanın Aktau şəhərində Xəzərin statusu barədə imzalanmış konvensiya bu mübahisəni həll etmək üçün bir yol xəritəsi rolunu oynayırdı. Belə ki, həmin konvensiya Xəzərə “xüsusi hüquqi status” verir. Yəni o, nə dəniz, nə də göl kimi təyin edilir. Odur ki, bu sənədə əsasən, yerüstü su ümumi istifadə olu­nacaq, yəni ərazi sularından kənarda bütün sahilyanı ölkələrə giriş azadlığı verilir. Təbii sərvətlərlə zəngin olan dəniz dibi isə bölünür.

“Xəzər beşliyi” arasında bu mükəmməl sənədin ərsəyə gəlməsinə görə qazaxıstanlı siyasətçilər ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyini, Türkmənistan rəhbərliyi isə Prezident İlham Əliyevin prinsipiallığını xüsusi qeyd edirlər.

Bu da əsassız deyil. Çünki Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının Zirvə Görüşündə məsələyə böyük inamla münasibət bildirmiş­di: “Bizi birləşdirən Xəzər dostluq, əməkdaşlıq dənizidir. Mən əminəm ki, Xəzəryanı ölkələrin dövlət başçı­larının növbəti zirvə görüşü Xəzərdə sülhün, təhlükəsizliyin təmin edilməsi, əməkdaşlığın dərinləşməsi üçün mü­hüm addım olacaqdır. Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi istiqamətində çox fəal işlər gedir, ekspert qrupları işləyir. Ümid edirəm ki, gələcək dövrlərdə bu istiqamətdə əməli nəticələr əldə olunacaqdır. Bu günə qədər Xəzərin hüquqi statusu­nun müəyyən edilməməsi aramız­da olan dostluq əlaqələrinə heç bir təsir göstərmədi. Münasibətlərimiz çoxşaxəlidir. Əlbəttə, biz çox istərdik ki, Xəzərin hüquqi statusu tezliklə öz həllini tapsın və bu istiqamətdə səylərimizi davam etdirəcəyik”.

Bəli, dövlət başçıları bu istiqamətdə səylərini davam etdirdilər və nəticədə yuxarıda qeyd etdiyimiz mükəmməl sənəd ərsəyə gəldi.

Prezident İlham Əliyev 2014-cü il sentyabrın 29-da Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxanda keçirilən IV Sammitində Bakı Sam­mitinin sənədlərini xatırladaraq de­mişdi: “Bakı Sammitinin yekunlarına əsasən imzalanan “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” qaçaqmalçılığa, brakonyerliyə, qanunsuz miqrasi­yaya, insan alverinə, mütəşəkkil cinayətkarlığa və terrorizmə qarşı mübarizə sahəsində sərhəd xidmətləri və digər dövlət qurumları arasında əməkdaşlığın və qarşılıqlı fəaliyyətin mühüm mexanizmini yaratdı. Ötən dövrdə Xəzər dənizində əməkdaşlığın hüquqi bazasının möhkəmləndirilməsi üzrə xeyli iş görülüb. Tərəflər “Xəzər dənizində fövqəladə halların qa­baqlanması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş”in razılaşdırılması­nı başa çatdırıb, imzalanması üçün təklif ediblər. Xəzəryanı dövlətlərin bu sahədə əməkdaşlığının və qarşılıqlı fəaliyyətinin möhkəmlənməsi Xəzərdə daha səmərəli və təhlükəsiz fəaliyyətə xidmət edəcək”.

Dövlət başçımız xatırladır ki, biz Bakı Sammitində qəbul edilmiş uzlaşdı­rılmış qərara sadiqliyimizi təsdiqləyərək, sahilyanı dövlətin suverenliyinin şamil edildiyi su məkanı da daxil olmaqla 25 dəniz mili ölçüsünü əsas götürərək milli zonanın eninin müvafiq şəkildə razılaş­dırılmasına tərəfdarıq. Biz dənizin dibi­nin həmhüdud sahələrinin bölgüsündə əsas norma kimi hamılıqla tanınmış orta xətt prinsipini toxunulmaz hesab edir, dənizçilik, Xəzər dənizindən digər dənizlərə sərbəst gediş-gəliş və tranzit məsələlərinə böyük əhəmiyyət veririk.

Yəni başda İlham Əliyev olmaqla Azərbaycan dövləti istənilən məsələni sülh yolu ilə, danışıqlar prosesiylə həll etmək istədiyinə görə dövlətimiz daim bir-birindən üstün nailiyyətlərə imza atır.

Xatırladaq ki, Xəzərin hüquqi statusunun ilkin müddəaları Peterburq (1723), Rəşt (1731), Gülüstan (1813), Türkmənçay (1828) müqavilələrində öz əksini tapmışdır. Lakin həmin sənədlərdə də hüquqi baxımdan “status” anlayışı olmamışdır. Bu müqavilələrlə Rusiyaya Xəzərdə böyük imtiyazlar verilirdi. Xəzərin hüquqi sta­tusuna daha çox diqqət ayıran sənəd 1921-ci il fevralın 26-da Moskvada imzalanmış Rusiya – İran müqaviləsi olmuşdur.

1970-ci ildə isə ilk dəfə olaraq Xəzər dənizinin SSRİ-yə məxsus hissəsinin sektorlara bölünməsi məsələsi müzakirə edilməyə başlanmış və SSRİ-nin Neft Sənayesi Nazirliyi tərəfindən həyata keçirilmişdir. Bu bölgüyə əsasən Xəzər dənizi müvafiq olaraq Rusiya, Qazaxıs­tan, Azərbaycan, Türkmənistan, habelə, SSRİ-nin quru sərhədi ilə müəyyən edilən İran sektoruna bölünmüşdür. Bu bölgü zamanı Xəzərin hüquqi, coğrafi vəziyyətindən irəli gələn, beynəlxalq-hüquqi təcrübədə hamı tərəfindən qəbul edilmiş orta xətt prinsipi əsas götürül­müşdür.

Sonda xatırladaq ki, dövlət baş­çımız “beşliyin” Aşqabad sammitində regional sülh, sabitlik və təhlükəsizlik məsələlərini növbəti dəfə qabartmış­dır: “Qeyd etməyə şadam ki, bizim qarşılıqlı fəaliyyətimizin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınma­sı, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Xəzər dənizi bizim regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mü­hüm tərkib hissəsidir”.

Bəli, artıq hamının qəbul etdiyi faktdır ki, nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mü­hüm istiqamətidir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır. Bunun isə bir adı var: Regional təhlükəsizliyə, sülhə və sabitliyə verilən töhfələr.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

2 İyul 2022 00:30 - SİYASƏT
SİYASƏT
17 Avqust 2022 | 00:58
Lider qətiyyəti

Köhnə versiyamızdan xəbərləri izlə