Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Parisdə “Şuşa İli”nə və Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr edilmiş konsert təşkil olunub

Ölkəmizin Fransadakı səfirliyinin və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının(ADFA) birgə təşkilatçılığı ilə Parisdə “Şuşa İli”nə, eləcə də Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr edilmiş konsert olub.

AZƏRTAC xəbər verir ki, Fransada akkreditə olmuş diplomatların, incəsənət nümayəndələrinin, Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələrinin qatıldığı tədbirdə “Şuşa İli” və Fikrət Əmirov haqqında məlumat verilib.

Səfir Rəhman Mustafayev çıxış edərək Şuşa şəhərinin xalqımızın tarixi və mədəniyyətindəki xüsusi yeri haqqında danışıb. Bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun sayəsində erməni işğalından azad olunmuş Şuşa Qarabağın incisi, Azərbaycanın mədəniyyət paytaxtıdır. Səfir vurğulayıb ki, bu il 270 illiyi qeyd olunan Şuşa bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayıb. Azərbaycanın musiqi beşiyi, Qarabağın tacı olan Şuşa hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz hissəsidir. Şuşa Azərbaycan xalq musiqisinin inkişafında və formalaşmasında müstəsna xidmətləri olmuş bəstəkar və xanəndələr yetişdirib.

Həmçinin səfir R. Mustafayev bu il anadan olmasının 100 illiyi qeyd olunan, Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirov haqqında məlumat verib. Onun mədəni sərvətlər xəzinəmizə böyük töhfələr verdiyini deyib.

Sonra Nyu-Yorkda yaşayan həmyerlimiz, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı, pianoçu Nərgiz Əliyarova çıxış edib və Şuşanın ona çox əziz olduğunu bildirib. Buaxşamkı konsertini Şuşa şəhərinə, eləcə də Vətən uğrunda canlarını qurban vermiş Azərbaycan oğullarına həsr etdiyini deyib. N. Əliyarova Qara Qarayevin, Fikrət Əmirovun, Cövdət Hacıyevin, Vaqif Mustafazadənin, Faiq Sucəddinovun, Firəngiz Əlizadənin, Lalə Cəfərovanın, eləcə də Frederik Şopenin, Klod Debüsinin əsərlərini pianoda ifa edib. N. Əliyarova hər bir bəstəkar və əsər haqqında dinləyicilərə məlumat verib.

 
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

1 İyul 2022 09:30 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
14 Avqust 2022 | 00:05
Şuşanın bazarları
13 Avqust 2022 | 09:00
Səsin sehri

Köhnə versiyamızdan xəbərləri izlə