Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qardaşlaşmış şəhərlərin əlaqələri möhkəmlənir

Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzi sayılan Sumqayıt dünyada mövcud olan “Qardaşlaşmış şəhərlər” hərəkatında yaxından iştirak edir. Gənclik şəhəri dünyanın 20-ə yaxın şəhəri ilə qardaşlıq və tərəfdaşlıq əlaqələri saxlayır.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndə heyəti dostluq əlaqələri olan Polşanın Belostok şəhərində səfərdə olub və “Şəhər günü”nə həsr olunmuş bayram tədbirlərində iştirak edib. Vurğulanıb ki, Azərbaycan – Polşa diplomatik əlaqələrinin davam etdiyi 30 il ərzində bir sıra sahələrdə mühüm irəliləyişlər əldə edilmişdir. 2013-cü ilin avqust ayında Sumqayıtla Belostok şəhəri arasında dostluq və əməkdaşlıq haqqında Niyyət protokolu imzalanmışdır.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov tədbirdə Belostokun sakinlərini bayram münasibəti ilə təbrik edib və Azərbaycanın sosial-iqtisadi inkişafı, Sumqayıtda son illər həyata keçirilən layihələr haqqında məlumat verib. Görüşdə Belostok şəhərinin meri Tadeuş Truskolyaskiyə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun adından hədiyyələr təqdim olunub. Hər iki şəhərin qarşılıqlı əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Sumqayıtın və Almaniyanın Lüdviqshafen şəhərlərinin dostluq əlaqələri isə düz 45 il əvvəl, 1977-ci ildə, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə yaradılıb və möhkəmlənib. Bu yubileylə əlaqədar Lüdviqshafendə bir sıra maraqlı görüşlər keçirilib. Orada “Şəhər günü” ərəfəsində təşkil olunan tədbirlərdə qeyd edilib ki, şəhərlərin tərəfdaşlıq əlaqələrinin inkişafında Azərbaycan və Almaniya arasındakı dostluq münasibətlərinin müsbət təsiri olub.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun almaniyalı dostlarla əlaqələrin inkişafında xidmətlərinə görə Lüdviqshafen şəhərinin Qızıl medalı ilə təltif olunduğu bildirilib. Həmin mükafatı şəhər meri Yutta Ştaynruk nümayəndə heyətinin rəhbəri Gündüz Əliyevə təqdim edib. Sonra Sumqayıt ictimaiyyəti adından Lüdviqshafen şəhər rəhbərliyinə, Lüdviqshefen şəhəri adından isə Sumqayıt nümayəndələrinə xatirə hədiyyələri verilib.

Bayram tədbirləri konsert proqramları ilə yekunlaşıb.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin bölgə müxbiri

1 İyul 2022 00:18 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə