Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qazinin şəhid oğlu

Məhəmməd İsmayılzadə 1996-cı ilin iyununda ölkəmizin dilbər guşəsi Naxçıvanda Birinci Qarabağ müharibəsi qazisi Füzuli kişinin ailəsində dünyaya göz açmışdı. Ailənin yeganə oğul payı idi Məhəmməd... Dünyaya gəlişi ilə Miranə anaya sonsuz həyat eşqi, sevgi bəxş etmişdi. Məhəmməd ailəsi üçün elə dünya boyda sevinc idi... 1997- ci ildən ailə Bakıda yaşayırdı.

Məhəmməd İsmayılzadənin həyat yoluna qısaca nəzər yetirək. 2014-cü ildə Suraxanı rayonundakı 317 nömrəli məktəbi bitirdikdən sonra Naxçıvan şəhərində hərbi xidmət keçib. Xidməti borcunu ləyaqətlə yerinə yetirməsi xüsusi təyinatlı dəstənin komandirinin diqqətini cəlb edib və o, baş kəşfiyyatçı kimi hərbi xidmətini davam etdirib. Bir neçə dəfə fəxri fərmanla təltif olunub. Məhəmmədin ən böyük arzusu xaricdə təhsil almaq idi və bu məqsədlə də 2019-cu ildə Türkiyənin Kütahya Dumlupınar Universitetinə qəbul olunub. Müharibənin baş­landığını eşidən kimi, təhsilini yarımçıq qoyub Bakıya qayıdıb. Ertəsi gün hərbi komissarlığa müraciət edib, könüllü cəbhəyə getmək istədiyni bildirib. 2020- ci il sentyabrın 29-da cəbhəyə yola düşən Məhəmməd bir neçə gün Füzuli rayonunda kəşfiyyatçı kimi fəaliyyət göstərib. O, hərbi xidmətdə olan zaman kəşfiyyatın sirlərini öyrənmiş, bu sahədə təcrübəli hərbçi kimi yetişmişdi.

Döyüş yoldaşları deyirlər ki, Məhəmməd öz arzusu ilə ön cəbhədə həmlə taboruna qoşulub. O, əl pulemyotundan istifadə edərək döyüşçü yoldaşlarını qoruyur, təhlükələrin qarşısını alır, düşməni ağır itkilərə məruz qoyurdu. Döyüş yol­daşları deyirlər ki, Məhəmməd hamıdan irəlidə, əlində pulemyot, gözünü belə qırpmadan böyük cəsarətlə düşmənin üzərinə gedirdi. Sonuncu dəfə atası ilə telefonda danışan zaman böyük əminliklə “Ata, biz işğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq. Biz tarix yazacağıq”, – deyib.

Məhəmmədin atası Füzuli İsmayılov deyir ki, oğlum mənim yarımçıq qalmış yolumu davam etdirirdi. O, tarixi Qələbə qazanılmasın­da şücaət göstərdi. Ataların yarımçıq qalmış işlərini oğullar davam etdirdilər. Ataların zorən üzləşdikləri məğlubiyyətlərin əvəzini oğullar çıxdılar. Birinci Qarabağ müharibəsi veteranı Füzuli ilə İkinci Qarabağ müharibəsi şəhidi oğul Məhəmmədin döyüş yolları oxşardı. Füzu­li kişi ötən əsrin 90-cı illərində Həştərxanda gəmidə işləyirdi. Birinci Qarabağ müharibəsi zamanı Vətənin müdafiəsi üçün bir an belə düşünmədən Bakıya gəlir və könüllü cəbhəyə yazılır. Döyüş yolu 1992-ci ilin əvvəllərində Ağdərə rayonundan başlayır. Vətənin hər qarış torpağı uğrunda böyük igidliklə mübarizə aparsalar da, sonda məğlub olublar. Həmin vaxt nizami ordumuz yox idi. Orduya qeyri-peşəkarlar rəhbərlik edirdilər. Ona görə də orduda pərakəndəlik var idi. Füzuli kişi deyir ki, çoxlu sayda igid oğullarımız gözümün qaba­ğında şəhid oldu. Onların əksəriyyəti dostlarım idi. Yaxın dostlarımdan biri, Azərbaycanın Milli Qəhrəmanı Siyavuş Həsənovla birgə bir neçə dəfə düşmən mühasirəsini yarmış, dəfələrlə mi­naya düşmüşdük. Müharibənin odu-alovu içində başımıza olmazın fəlakətlər gəlmişdi. Şəhidlərin nəşini döyüş meydanından çıxarmaq böyük müsibət idi. Bilməzdim ki, 30 ildən sonra oğlum da şəhid olacaq.

Ataların edə bilmədiklərini oğullar etdi. Onlar ataların arzusunu yerinə yetirdilər. Torpaqla­rımızı düşməndən azad etdilər, Azərbaycanı dünyaya qalib ölkə kimi tanıtdırdılar.

Məhəmməd və onun kimi Azərbaycanın minlərlə igid övladı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın çoxəsrlik tarixinin ən şanlı səhifəsini yazdı! Onlar Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda canlarını qurban verdilər. 44 gün davam edən Vətən müharibəsi otuzillik işğala son qoyulması və düşmənin təslim olması ilə nəticələndi.

Məhəmməd İsmayılzadə 2020-ci il oktyabrın 25-də Füzuli rayonunda şəhidlik zirvəsinə uca­lıb. Ölümündən sonra Azərbaycan Respublika­sının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Ko­mandanı İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunması­na görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. Vətən sağ olsun! Ordumuz var olsun!

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

1 İyul 2022 00:16 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə