Ən son xəbərlər
Kəlbəcər rayonundakı “İstisu” mineral qaynaqları müalicəvi əhəmiyyətinə görə bütün dünyada məşhurdur. SSRİ dönəmində burada ittifaq miqyaslı “İstusu” kurort-sanatoriya kompleksi yaradılmış, “İstusu” doldurma müəssisəsi fəaliyyət göstərmişdi. Erməni vandalları 27 illik işğal dövründə eyni adlı abad qəsəbə ilə yanaşı, hər iki obyekti də talan edib dağıtmışlar. Bütün bunlar xalqımızı 3 onillik müddətində bu nadir şəfa qaynağından uzaq salmış, törədilmiş vəhşiliklər illər boyu hamımızın qəlb ağrısına çevrilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər və Laçın rayonlarına budəfəki səfəri zamanı “İstisu” doldurma zavodunun və “İstisu” İstirahət-Müalicə Kompleksinin təməllərini qoymaqla bizi illərdən bəri göynədən bu ağrıya da məlhəm qoydu. Həmin mərasimdə dövlət başçısına məlumat verildi ki, Kəlbəcərin İstisu kəndinin məşhur mineral suyu olan “İstisu” bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriya yaradılıb. 34 hektar ərazidə salınması nəzərdə tutulan yeni “İstisu” İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottecin tikilməsi də planlaşdırılır. İşğal dövründə yararsız hala salınan sanatoriya yeni simada tam bərpa olunacaq və əvvəlki şöhrəti qaytarılacaq.
Prezident İlham Əliyev bildirdi ki, İstisu qəsəbəsinin inkişafı ilə bağlı artıq konkret addımlar atılır. İlk növbədə, yeni su zavodunun tikintisi nəzərdə tutulur: “Bu gün mən bu su zavodunun təməlini qoydum. Vaxtilə məşhur olan “İstisu” mineral suyu yenidən buraxılacaq, istehsal olunacaq, Azərbaycanda istehlak olunacaq və ixrac ediləcək. Eyni zamanda, arxada gördüyünüz “İstisu” sanatoriyasının dağıntılarıdır. Bu dağıntılar erməni faşizminin təzahürüdür. Onlar binalarımızı, məscidlərimizi, məktəblərimizi, şəhər və kəndlərimizi dağıdıblar. Bu sanatoriyanı da dağıdıblar. Amma bir müddətdən sonra burada yeni gözəl mehmanxana və müalicə mərkəzi yaradılacaq. Mən hesab edirəm ki, bu, çox vacibdir. Çünki “İstisu” sanatoriyası və İstisu suyu bu bölgənin rəmzi, Kəlbəcərin təbii sərvəti idi. Bu gün biz - bu torpaqların sahibləri vaxtilə əlimizdən alınmış bütün sərvətləri özümüzə qaytarmışıq”.
Nəhayət, Kəlbəcərin “İstisu” sanatoriyasının tikintisinə başlanması insanların sağlamlığında və regionun beynəlxalq turizm məkanına çevrilməsində mühüm rol oynayacaqdır. 1996-cı il aprelin 1-də ümummilli lider Heydər Əliyev Prezident sarayında Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 3-cü ildönümü ilə əlaqədar rayon sakinlərinin nümayəndələri ilə görüşərək giriş nitqində üzaqgörənliklə, müdrikliklə demişdir: “Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olub. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar”.
Ulu öndər Heydər Əliyevin üzaqgörən arzu və istəyi 24 il 6 aydan sonra gerçəkləşdi. 25 noyabr 2020-ci ildə Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəmir yumruğu, apardığı qətyyətli siyasətin nəticəsi olaraq 27 ildən sonra Ermənistan silahlı birləşmələri və həmin ərazilərdə qeyri-qanuni məskunlaşmış ermənilər məcburi şəkildə Kəlbəcər rayonunu bir güllə də belə atılmadan tərk etdilər. Azərbaycanın Silahlı Qüvvələri rayona daxil olub, nəzarəti ələ aldılar. Amma çarəsiz qalıb məğlubiyyətlə barışa bilməyən erməni ordusu və əhalisi bölgədə Azərbaycana qarşı qisasçılıq fəaliyyətlərini yenə də acgözlük və həyasızlıqla davam etdirərək ekoloji terror həyata keçirdilər, evlərlə yanaşı, meşələri yandırdılar, su elektrik stansiyalarını partlatdılar, müxtəlif ərazilərdə piyada və tank əleyhinə küllü miqdarda minalar basdırdılar, yolları dağıtdılar. Həmin ərazilərdə iki jurnalistin və bir vətəndaşımızın minaya düşüb faciəli surətdə şəhid olmaları erməni quldurlarının amansızlığını bir daha dünyaya göstərdi.
Qədim Azərbaycan torpağı olan Kəlbəcər inzibati rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur və Azərbaycan rayonları arasında ərazisinin böyüklüyünə görə birinci yerdə durur. Rayonda 3 aprel 1993-cü ildə Ermənistan qəsbkarları tərəfindən işğal olunana qədər, mərkəzi Kəlbəcər şəhəri olmaqla 1 qəsəbə, 147 yaşayış məntəqəsi olmuşdur. Rayon əhalisi ermənilər tərəfdən işğal olunandan sonra Azərbaycanın 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində 10 noyabr 2020-ci ilə qədər qaçqınlıq şəraitində yaşamışdır. İşğal zamanı Kəlbəcərdən 53,3 min nəfər adam qovulmuş, 50 dinc əhali öldürülmüş, 20 nəfər isə əsir götürülmüş və itkin düşmüşdür.
Hazırda Kəlbəcər rayonunun ərazisi 3054 kvadratkilometr, əhalisinin sayı 77 min nəfərdir, o cümlədən şəhər əhalisl 11 min 766 nəfər, kənd əhalisi 65 min 237 nəfərdir. Rayon kiçik Qafqaz dağlarının mərkəzində, Tərtər çayının hövzəsində yerləşib, qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Kəlbəcər rayonu təbii resurs potensialına görə Azərbaycanın ən zəngin rayonu hesab edilir.
Əhalinin sağlamlığının və onların istirahətinin təşkil edilməsi üçün bu rayona dünya şöhrəti qazandırmış 53 çıxımlı Bağırsaq, Yuxarı İstisu, Aşağı İstisu, Keşdək və s. kimi ümuni istismar ehtiyatları gündə 3 min 93 kubmetr olan termal və mineral su yataqları mövcuddur. Keçmiş Sovetlər dövründə salınmış sanatoriya kompleksində keçmiş SSRİ-nin müxtəlif bölgələrindən mövsüm ərzində 50 min nəfərdən çox insan öz sağlamlıqlarını bərpa etdirmişdir.
“İstisu” sanatoriya kompleksinin tikintisi 1925-ci ildən sonra Azərbaycan hökumətinin diqqət mərkəzində olmuşdur. Hələ 1926-cı ildə Respublika Ali İqtisad Soveti İstisudakı su mənbələrində istirahət-müalicə tikintiləri aparılması barədə qərar qəbul etmişdir. Sonralar bu məsələ Azərbaycan KP MK-nın Birinci katibi Mircəfər Bağırovun şəxsi diqqət mərkəzində olmuşdur. 1928-ci ildə isə ittifaq əhəmiyyətli olan bu kompleksin əhəmiyyətini nəzərə alaraq, “İstisu”sanatoriyasının tikilməsi, bura yolların çəkilməsi haqqında sovetlərin qurultayında məsələ qaldırılmış, M.Bağırovun məruzəsində buna xeyli yer ayırmışdır. 30-cu illərin sonlarında M.Bağırovun özü “İstisu”da olmuş, tikintinin gedişatı ilə maraqlanmışdır.
“İstisu”da keçən əsrin 80-cı illərində sutkada 3 min litr mineral su doldurma zavodu tikilib istifadəyə verilmişdir. Ancaq o dövrdə çıxan suyun cəmi 10 faizindən istifadə edilirdi. Çox əfsuslar olsun ki, 3 aprel 1993-cü ildə Kəlbəcər rayonu Ermənistan qəsbkarları tərəfindən işğal olunandan sonra sanatoriya kompleksi darmadağın edilmişdir. 1997-ci ildən ermənilər xarici investorların maliyyə yardımı ilə Kəlbəcərin termal sularını öz brendləri kimi “Cermuk” adı ilə Avropa ölkələrinə, o cümlədən ABŞ-a yüksək qiymətə satmış, milyonlarla dollar valyuta qazanmışlar.
“İstisu” kompleksi ilə rayon mərkəzi arasında məsafə 25 kilometr olub, dəniz səviyyəsindən 2 min 225 metr yüksəklikdə yerləşir. “İstisu”yun mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlmişdir. “İstisu” mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibi, karbon qazı, hidrokarbonat-xlorid-sulfat-natrium ionlarından tərkibinə, böyük ehtiyatlarına görə xüsusilə fərqlənir.
“İstisu” dünya əhəmiyyətli müalicəvi mineral suyu bir çox xəstəliklərin dərmanıdır. Həzm sistemi, qaraciyər, öd kisəsi, həmçinin maddələr mübadiləsinin pozulmasından yaranan xəstəliklərin müalicəsində istifadə olunur. Sovetlər dövründə “İstisu” sanatoriyasında dəfələrlə istirahət edən və müalicə kursu keçən təbabət alimi Saday Zeynalov söyləyir ki, “İstisu”yun müalicəvi təsir qüvvəsi dünyada mövcud olan bir-çox müalicəvi suların təsir qüvvəsindən yüksəkdir. Qastritin, mədə yarasının, öd kisəsinin, qara ciyər iltihabı, oynaq xəstəliklərinin və s. müalicəsində Kəlbəcərin İstisuyu çox faydalıdır.
Kimyəvi tərkibinə görə “İstisu” dünyada ən mühüm əhəmiyyətə malikdir. Bir litr suda mineralların cəmi miqdarı 7 qrama çatır. “İstisu” sanatoriya kompleksi 12 bulağın əsasında fəaliyyət göstərmişdir. Bu bulaqlardan biri 8-10 metrədək hündürlükdə fəvvarə vurur. Yüksək radioaktivlik, böyük miqdarda karbon 2-oksidin miqdari, 60o C temperaturda olması, müxtəlif elementlərin mövcudluğu və s. bu suların balonoloji təsirini artırır. Belə tərkibli suya yer üzündə nadir hallarda rast gəlinir.
Məşhur kimyaçı alim E.E.Karstenskiy vaxtilə Kəlbəcərin ərazisindəki termal və mineral suları tədqiq etdikdən sonra “İstisu”yun müalicəvi əhəmiyyətinin “Karlovı Varı”dan daha yüksək olmasını qeyd etmiş və bu suların dünya üçün əhəmiyyətli su olduğunu göstərmişdir. Bu sularla insanların həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkündür. “Karlovı Varı” sularının müalicəsinin əsasını soyuq və isti bulaqlar (30 - 60o C) təşkil edir. Termal bulaqları kimyəvi tərkibi eynidir, fərqi yalnız xəstələrin həkim məsləhəti ilə suyu müxtəlif temperaturlarda qəbul etməsidir.
İnsan bədəninin 70 faizi, beynin isə 80 faizi sudan ibarət olmasına görə, suyu içdiyimiz zaman bütün bədən təmizlənir. Həkimlərin əsas tövsiyələrinə görə içilən termal su mədəaltı vəzi, qaraciyər və s. kimi daxili orqanları təmizləyir, xolesterol və yağların konsentrasiyasını azaldır və hər şeydən əvvəl mexaniki olaraq orqanizmin bütün zərərli bakteriyalarını təmizləyir.
“İstisu” sanatoriya kompleksinin əhalinin sağlamlığının və istirahətinin təşkilində əhəmiyyətini nəzərə alaraq Kəlbəcər rayonunda ilkin olaraq “İstisu” kompleksinin yenidən bərpa edilməsi Azərbaycan Respublikası ücün ən önəmli məsələlərdən biri kimi həyata keçirilməlidir. Burada “İstisu”yun suyunun yenidən qablaşdırılaraq respublikanın bütün bölgələrinə və xarici ölkələrə ixrac etməklə Azərbaycan hər il milyonlarla valyuta əldə edəcəkdir.
Azərbaycan dünyanin 10-na qədər ölkəsindən, o cümlədən ən çox Rusiya, Gürcüstan, Macarstan və s. ölkələrdən 2019-cu ildə 39 min 314,1 min ABŞ dollarlına 4 min 998,5 min dekalitr (1 dkl = 10 litr) qazlı və mineral su almışdır.
Ancaq onu qeyd etmək istərdik ki, çox böyük potensiala malik olan “İstisu” mineral bulaqları hər il 3 milyard 963 min litr su çıxır. Vaxtı ilə sudoldurma sexləri ildə bunun cəmi 22 min litrindən istifadə edirdi. Yerdə qalan 3 milyard 941 milyon litrdən artıq su çaylara axıb gedir. Əziz oxucu Siz özünüz hesablayın və görün ki, Azərbaycan hər il xarici ölkələrdən hər bir litr suyu 1,5 AZN-ə alırsa, onda hər il istifadə edə bilmədiyimiz “İstisu”-ya görə 5-6 milyard vəsait itiririk.
Onu da qeyd edək ki. “İstisu”yun Tərər çayı ilə axan hissəsi çay boyu yerləşən rayonların əkin sahələrini şoranlaşdırır və gələcəkdə bunun da qarşısını almaq üçün tədbirlər görülməlidir. Həm də hədər yerə axıdılan “İstisu”dan ayrılan duzlardan xammal mənbəyi kimi xalq təsərrüfatının müxtəlif sahələrində istifadə etmək olar.
Neron BABAXANOV,
İsmayıl ƏLİYEV,
Bakı Dövlət Universitetinin professorları
Köhnə versiyamızdan xəbərləri izlə