Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müzəffər ordumuz şanlı tarix yazır

Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü – 26 İyun bizim üçün həmişə əziz olub, lakin 44 günlük müharibədəki tarixi Zəfərimizdən sonra onu daha dərin məzmunlu, daha anlamlı və yüksək ovqatlı keçiririk.

Şadıq: əcdadlarımızın ruhunu şad etmiş, işğalçılara və dəstəkçi-lərinə tarixi dərs vermişik!

Qürurluyuq: şəhidlərimizin qanı yerdə qalmayıb!

Bayramlaşırıq: Silahlı Qüvvələr Günümüz dünya azərbaycanlılarının əsl bayram kimi qeyd etdiyi bir gündür!

 

31 illik deyil, ən azı, 104 illik tarixcə...

26 iyun – Azərbaycan Respub­likasının Silahlı Qüvvələri Günü öz əsasını 1918-ci ildən alan, milli silahlı qüvvələrin formalaşması prosesi­nin önəmli mərhələlərini ifadə edən əziz gündür. Xalq Cümhuriyyətindən öncə də müstəqil dövlətlərimiz və həmin dövlətlərin orduları olub. Lakin söhbət aid olduğumuz indiki coğrafi­yada minbir zəhmətlə qurulmuş milli dövlətdən, onun ordusundan gedir: Azərbaycan Respublikası məhz Xalq Cümhuriyyətinin varisidir və Cümhuriyyət dövrü sənədli-sübutlu tarixi – daha yaxın tarixi təcəssüm etdirməkdədir.

1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Xalq Cümhuriyyətimiz cəmi 23 ay yaşa­masına baxmayaraq, ölkəmizdə ordu quruculuğu sahəsində önəmli addım­lar ata bilib. Milli hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpu­su yaradılıb. Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu adlandırılması milli silahlı qüvvələrin yaradılması istiqamətində çox vacib (tarixi!) addım oldu. Təəssüf ki, Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə milli ordu quruculuğu prosesi də dayan­dırılıb. Çar Rusiyasında olduğu kimi, SSRİ dövründə də azərbaycanlılar, əsasən qeyri-döyüş təlimləri ilə məşğul olan hərbi bölmələrə – “ra­boçi batalyon”lara göndərilirdi. Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra onun danılmaz xidmətləri sayəsində res­publikamızda hərbi kadrların hazırlan­ması prosesi başlandı.

Heydər Əliyev ölkə rəhbərliyinə gəlməsinin iki ili tamam olmamış – 19 aprel 1971-ci ildə, Azərbaycanda hərbi kadrlar hazırlayan ocağın – görkəmli sərkərdə Cəmşid Naxçıvans­kinin adını daşıyan hərbi məktəbin (indiki liseyin) yaradılmasına nail oldu. Yaradılmasının 50-ci ildönümü ötən il tamam olmuş məktəbin hazırkı şüarı da, yerləşdiyi küçənin adı da, bütövlükdə məramı-məqsədi də dərin anlam və mühüm rəmz daşıyır: “Xətai rayonu, Polad Həşimov küçəsi” ün­vanında yerləşən liseyin şüarı “Bütöv Azərbaycan naminə”dir!

Artıq geniş ictimaiyyətə bəllidir ki, bu liseyin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlan­masına gətirib çıxarıb. Və Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi lisey ordu quruculuğunun əsas bazala­rından birinə çevrilib. Azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Koman­danlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində təhsil almaları, eləcə də, keçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmaları ümummilli lider Heydər Əliyevin titanik səyləri sayəsində mümkün olub.

Heydər Əliyevin hakimiyyətə qayıdışından – 15 iyun 1993-cü ildən sonra, özəlliklə, 24 iyundan (Ali Sovetin sədri olaraq Prezident səlahiyyətlərinin icrasına da başlama­sından) sonra nizami ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1994-cü il mayın 12-də Ermənistanla Azərbaycan arasında atəşkəs haq­qında “Bişkək Protokolu” imzalandı. Məhz bundan sonra Azərbaycanda nizami ordunun formalaşması prosesi daha da sürətli və keyfiyyətli şəkil aldı. Siyasi iradə və uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrimizin maddi-texniki təminatının yaxşılaşdı­rılması, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılması (və döyüş ruhunun yüksəldilməsi) işinə xüsusi diqqət ayrıldı.

Hər il rəsmi dövlət bayramı kimi qeyd edilən 26 İyunun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunması da ümum­milli liderin adı ilə bağlıdır. Məhz Heydər Əliyev 22 may 1998-ci il tarixli fərmanla 1918-ci ildəki əlamətdar günü əsas tutdu və 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu (fərmana qədər həmin gün 9 oktyabrda qeyd edilirdi).

Hər hansı günün bayram edilməsi yaxşı əlamətdir, lakin o anlamlı günə hesabatlı olmaq, Vətənə xidmət mahiyyət və məzmunu daşıyan işlərin görülməsi daha vacibdir. Heydər Əliyev bu anlamda önəmli tarixi təşəbbüslərin, ideyaların müəllifi və onları gerçəkləşdirən lider idi. Ümum­milli lider hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də hərbi akade­miyanın yaradılması haqqında fərman imzaladı. Akademiyanın təsis olun­ması, heç şübhəsiz, hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyətcə yeni inkişaf mərhələsini təşkil etdi. Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı isə Silahlı Qüvvələr üçün kadr hazırlı­ğının təkmilləşdirilməsi məqsədi ilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblərin, uyğun ola­raq, Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılması ilə bağlı oldu.

Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ordu quruculu­ğu müstəqil dövlətimizin prioritetinə çevrildi. Ordu dövlət müstəqilliyimizin, təhlükəsizliyimizin əsas qarantı mis­siyasına layiq şəkildə gücləndirildi. Bu siyasət, mərhum Xalq şairimiz Zəlimxan Yaqubun sözlərini yada salır: “Ordum varsa, yurdum var”! Bəli, sonrakı illər də göstərdi ki, güclü ordu nələrə qadirdir. 2016-cı ilin Aprel döyüşlərini, 2018-ci ilin Günnüt əməliyyatını, 2020-ci ilin iyulunda Tovuzdakı sərhəd toqquşmasını (12- -16 iyul Tovuz döyüşləri), nəhayət, 44 günlük müharibəni vurğulamaq yetərlidir ki, güclü Ordunun ölkə üçün nə demək olduğu daha aydın görün­sün.

Ötən yüzilliyin 90-cı illərinin ortala­rından başlayaraq Azərbaycan Res­publikasının NATO ilə sıx və səmərəli işbirliyi ordu quruculuğu prosesinin təkmil hala gətirilməsinə, silahlı qüvvələrimizin müasirəşdirilməsinə, yeni standartlara uyğunlaşdırılma­sına səbəb oldu. Ümummilli liderin titanik səyləri nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqra­mına, bu işbirliyinin davamı olaraq, “Planlaşdırma və analiz prosesi” proq­ramına (1996-cı il), ardınca “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na (2001-ci il) qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarına, digər ikitərəfli işbirliyi proqramlarına qatılaraq, ən son hərbi yenilikləri mənimsədi. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan, öz standartlarını NATO-nun yüksək stan­dartlarına uyğunlaşdıran Azərbaycan Ordusu, ən mürəkkəb tapşırıqları yerinə yetirməyə qabil güclü, çağdaş orduya çevrildi.

Heç şübhəsiz, ordudan danışırıq­sa, milli müdafiə sənayesindən söz aç­mamaq mümkün deyil. Ümummilli lide­rin atdığı təməllərə əsaslanan siyasət nəticəsində qurulan Müdafiə Sənayesi Nazirliyində çoxlu sayda müdafiə təyinatlı məmulatın istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının önəmli göstəricilərindən sa­yılır. Belə uğurlar Azərbaycana öz or­dusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz və vacib imkanlar yaradıb. Milli Ordunun döyüş qabiliyyətinin, müdafiə qüdrətinin artırılması, eləcə də, maddi-texniki təchizatının yaxşılaşdırılması dövlətin daim diqqət mərkəzindədir. Ümum­milli liderin siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyev Silahlı Qüvvələrimizin maddi-texniki təchizatının yenilənməsinə, hərbi qul­luqçuların sosial müdafiəsinə, onların mənzil təminatının yaxşılaşdırılma­sına, eləcə də, müdafiə sənayesinin inkişaf etdirilməsinə və s. hər zaman özəl diqqət və qayğı ilə yanaşır.

Azərbaycanda son illərdə for­malaşan və dinamik inkişaf edən hərbi sənaye kompleksi hesabına müxtəlif növ zirehli maşınlar, pilot­suz uçuş aparatları, atıcı silahlar və başqa hərbi təyinatlı məhsullar istehsal olunur. Azərbaycan zavod­larında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Silahlı Qüvvələrimizi önəmli dərəcədə təmin etmək gücünə yiyələnib. Bundan başqa, silah və hərbi texnikaların satın alınması, hərbi məhsulların istehsalı ilə bağlı bir sıra ölkələrlə müqavilələr də imzalanıb. Hərbi işbirliyi genişləndirilməkdə olan bir sıra ikitərəfli hərbi əlaqələrin uğuru kimi şərh oluna bilər. Bir sözlə, günün tələblərinə, çağın ən mürəkkəb vəzifələrinə cavab verən, elektron hərbin nailiyyətləri ilə təmin olunmuş güclü ordu quruculuğu Prezident İlham Əliyevin dövlət siyasətinin strateji isiqamətlərindən biridir. Artıq neçə ildir ki, Azərbaycanda hərbi xərclər Ermənistranın hərbi xərcləri ilə deyil, ümumdövlət xərcləri ilə müqayisə olunur. Bu üstünlüyün nəticəsini, təntənəsini görmək üçün uzağa getməyə, ayrı-ayrı faktlar sadalamağa ehtiyac yoxdur. 44 günlük müharibənin gedişatı və əldə olunan tarixi Zəfər çox şeyi ifadə edir.

Qafqazın ən güclüsü...

Bu gün Qafqazda ən çağdaş Silahlı Qüvvələr hesab olunan Azərbaycan Ordusu, dünya orduları sıralamasında da özünəxas (əhali sayı, ərazi və digər xarakterik amillərə əsaslanan) hörmətli yerə sahibdir. Bir sözlə, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin başçılığı ilə ölkəmizin hərbi qüdrətini artıran dövlət siyasətinin şahidiyik. Prezi­dentin özünün dediyi kimi: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumu­zun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir”. – Bu sözlərin ən yaxın aylardakı təntənəsinin təsdiqi kimi komando birliklərinin yaradılmasını vurğula­ya bilərik. 44 günlük müharibədə qazanılan tarixi Zəfər, yaranmış yeni gerçəkliklər ordu quruculuğumuzda da müəyyən islahatları zəruri edib.

İlk komando hərbi hissənin açılışı 24 dekabr 2021-ci ildə Xocavəndin Hadrut (Ağoğlan) qəsəbəsində gerçəkləşdi. Müzəffər Ali Baş Ko­mandan, Prezident İlham Əliyev açılışda nitq söylədi, yeni təyinatlı hərbi hissənin önəminə diqqət çəkdi: “Komando briqadasının yaradılma­sı bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Bir daha demək istəyirəm ki, belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqa­dalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır”.

Bunun ardınca başqa bir yeni­liyin şahidi olduq. Bu, Milli Müdafiə Universitetinin yaradılması ilə bağlıdır. Azərbaycan Ordusunun qardaş Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrinin yüksək standart­larına uyğunlaşdırılması yönündə həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmə təkmilləşdirilir. Bu məqsədlə artıq Milli Müdafiə Universiteti yaradılıb. Milli Müdafiə Universitetinin başlı­ca vəzifələrindən biri Azərbaycan Ordusunda ali hərbi təhsilin bütün səviyyələri və əlavə təhsil proqramları üzrə ixtisaslı kadrlar hazırlamaqdır. Azərbaycan Prezidentinin 5 mart 2022-ci il tarixli fərmanı ilə “Xüsu­si təyinatlı təhsil müəssisələrinin siyahısı”nda dəyişiklik edilib. Silahlı Qüvvələrin Hərbi Akademiyası təhsil müəssisəsi kimi ləğv olunub, onun maddi-texniki bazasında Hərbi Elmi Tədqiqat və Hərbi İdarəetmə adlı iki institut yaradılıb. H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi isə fəaliyyətini H.Əliyev adına Hərbi İnstitut kimi davam etdirəcək. Or­dumuzun Təlim və Tədris Mərkəzi, C.Naxçıvanski adına Hərbi lisey və H.Əliyev adına Hərbi lisey də, yeni yaradılan Milli Müdafiə Universitetinin tərkibinə daxil edilib.

Zəfər qazanan ordu

Yuxarıda da vurğuladığımız kimi, Azərbaycan Ordusu əcdadın hərbi ənənələrini davam və inkişaf etdirərək, günümüzdə dünyanın güclü orduları sırasında özünəxas mövqeyə sahib­dir. Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması, respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi yönündə uğurlu siyasi, diploma­tik iş aparan ölkə Prezidenti İlham Əliyevin başçılığı ilə şanlı ordumuz 44 günlük müharibədə düşmən ordusunu darmadağın edərək, tarixi Zəfərə imza atdı. Fədakar əsgər və zabitlərimizin qəhrəmanlığı hesabına, şəhidlərimizin canı bahasına bütün dünya Azərbaycanın ləyaqətli Zəfərinə şahid oldu. Himnimizdə deyildiyi kimi, “Hüququndan keçən əsgər, hərə bir qəhrəman oldu”! Cəbrayıl, Hadrut (Ağoğlan), Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər, Laçın (və sözügedən rayonların 300-dən çox (mürəkkəb relyefli) yaşayış məntəqəsi) azad edildi.

44 gün ərzində ardıcıl surətdə fərqli qaynaqlardan, dəyişik ünvanlar­dan müxtəlif təzyiq və təhdidin olma­sına baxmayaraq, müzəffər Ali Baş Komandanın timsalında Azərbaycan öz haqq yolundan dönmədi. Tarixi Zəfər ədalətin bərpası, haqqın nazilsə də, üzülməməsinin daha bir parlaq isbatı oldu!

Şanlı odumuzun hərbi qulluqçu­larının qeyri-adi qəhrəmanlıqlarının əbədiləşdirilməsi də bu yazıda yada salmaq istədiyimiz önəmli məqamlardandır. Necə deyərlər, qəhrəmanlığı da bacarırıq, qəhrəmanlığa dəyər verməyi də! Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin təşəbbüsü ilə Vətən müharibəsində şanlı Zəfərlə bağlı Azərbaycan Respublikasının yeni orden və medalları təsis edildi. Yüksək “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal – “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” təsis olunub.

Beynəlxalq etiraf

Aparıcı Qərb mətbu orqanların­da, habelə ABŞ-ın “Milli Müharibə Kolleci”nin (“National War Colle­ge”) və “Seton Hall” Universite­tinin “Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbi”nin analitik nəşrlərində ordumuzun hərbi taktikası öyrənilərkən belə qənaət hasil olub ki, Azərbaycan Ordusunun qarşı­sında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə, onun da heç bir şansı olmayacaqdı. 44 günlük müharibədə tətbiq edilən döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və uyğun ali hərb məktəblərinin proq­ramlarına, dərsliklərinə salınır. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsinin vacibliyini vurğulayır. Şanlı ordumuzla qürur duyuruq!

Bu əziz bayram günlərində əziz şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfalar diləyir, döyüşlərdə iştirak etmiş bütün Vətən oğullarına minnətdarlığımızı bildirirəm!

Qənirə PAŞAYEVA,

 Milli Məclisin Mədəniyyət komitəsinin sədri

1 İyul 2022 00:07 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə