Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ekoloji terrorun fəsadları aradan qaldırılacaq

Biz erməniləri törətdikləri vəhşiliklərə görə bütün dünyada ifşa edəcəyik. O cümlədən xarici şirkətləri, hansılar ki, bizim təbii yataqlarımızı istismar ediblər. Qızıl yataqlarımızı, digər yataqlarımızı qanunsuz istismar edən xarici şirkətlər hesab edirlər ki, bizdən yaxa qurtaracaqlar? Yox! Biz onları məhkəməyə gətirəcəyik, onları biabır edəcəyik. Oxçuçay suyunu sarı rəngə boyayan “Cronimet” şirkəti gəlsin o zibilini təmizləsin. Yoxsa hesab edirlər ki, vaxt keçdi və biz hər şeyi unutduq. Biz heç nəyi unutmamışıq və unutmayacağıq.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

İşğal zamanı erməni vandalları Azərbaycan ərazilərində olan təbii sərvətləri talan etmiş, qızıl, civə, mis, qurğuşun, sink, kömür və s. daxil olmaqla 163 faydalı qazıntı yatağı, həmçinin meşə örtüyü, nadir ağaclar qanunsuz istismara məruz qalmışdır.

Ümumi sahəsi 8000 hektar­dan çox olan palıd, ardıc, fıstıq, vələs, şam, göyrüc və qozdan ibarət qiymətli və çoxillik sıx meşələrdən ibarət bənzərsiz bir ekosistemin məhv edilməsi ende­mik biomüxtəlifliyə ən ağır zərbə olmuşdur. Bu isə Ermənistanın qoşulduğu ekologiya və ətraf mühitlə bağlı beynəlxalq konvensi­yaların, o cümlədən, “Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi” haqqında BMT Konvensiyasının pozulması deməkdir. Ekspertlərin bildirdiklərinə görə, ağ fos­for tipli bombalardan istifadə etməklə törədilən yanğınların söndürülməsi, eləcə də təbii yol­larla sönməsi mümkün deyil.

Ermənistan işğal etdiyi tor­paqlarımızda dünya dövlətlərinin gözü önündə beynəlxalq hüquq prinsiplərinə, BMT və ATƏT-in qərar və qətnamələrinə məhəl qoymamışdır. İşğalçı dövlətin apardığı qeyri-qanuni iqtisadi fəaliyyət 1949-cu ildə qəbul edilmiş “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haq­qında” Cenevrə Konvensiya­sının, habelə insan hüquqları sahəsində mövcud beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozmuşdur. İşğal etdiyi ərazilərdə erməni işğalçılarının canlı təbiətə və bəşəriyyətə qarşı yönəlmiş əməlləri barədə Avropa Vəhşi Təbiətin və Təbii Ətraf Mühitin Mühafizəsi üzrə Bern Konvensiyasının baş katibinə, Biomüxtəliflik üzrə Konvensiyanın icraçı katibinə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinə, Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi üzrə Beynəlxalq Birliyin prezidentinə rəsmi müraciətlər edilmiş, beynəlxalq təşkilatların diqqətinə bu istiqamətdə təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyi çatdırılsa da, talançı Ermənistan çirkin əməllərindən əl çəkməmişdir.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini, Əlaqələndirmə Qərargahının katibliyinin müdiri Nüsrət Süleymanov bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, digər bir istiqamət işğaldan azad edilən ərazilərdə ermənilərin təbiətə vurduqları ziyanın aradan qaldırılması ilə bağlıdır: “Bilirsiniz ki, təbiətimizə erməni vandalları tərəfindən ciddi ziyan vurulub, meşələrimiz məhv edilib. Bununla əlaqədar olaraq ekoloji məsələlərlə bağlı fəaliyyət göstərən işçi qrup müəyyən fəaliyyətlər həyata keçirib. Dövlət başçısı "Bəsitçay" Dövlət Qoruğu­nun bərpa olunması ilə əlaqədar müvafiq sərəncam imzalayıb. Bununla yanaşı, qeyd etmək istərdim ki, işğaldan azad olun­muş ərazilərdə 2022–2026-cı illəri əhatə edən meşə bərpa tədbirlərini nəzərdə tutan tədbirlər planı artıq təsdiq olunub".

Onun sözlərinə görə, bu tədbirlər planına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi ra­yonlarında 30 min hektar ərazidə meşələrin bərpası nəzərdə tutulur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və ADA-nın birgə təşkilatçılığı ilə “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqti­sadi zonalarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzu­sunda Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinq keçi­rilib.

Həmin brifinqdə Ekologiya və təbii sərvətlər nazirinin müa­vini Vüqar Kərimov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev, məşhur foto­jurnalist və tədqiqatçı Reza De­qati, Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və Kommunikasiya Departamentinin müdiri Aybəniz İsmayılova, IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov, su üzrə mütəxəssis, “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyin sədri Rövşən Abbasov təqdimatlar ediblər.

Azərbaycandakı diplo­matik korpusun 70-dən çox nümayəndəsinin iştirak etdiyi brifinqdə çıxış edən nazir müavini Vüqar Kərimov Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında Ermənistan tərəfindən törədilmiş ekoloji cinayətlərdən bəhs edərək ətraf mühitə vurulan ziyan barədə iştirakçıları məlumatlandırıb və ərazilərin ekoloji bərpası istiqamətində işlərin aparıldığını bildirib.

Nazir müavini tədbirdə iştirak edən Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinə təmsil etdikləri ölkələrin hökumət və vətəndaş cəmiyyəti institutlarını, Şərqi Zəngəzur və Qarabağın təbiətinin qiymətləndirilməsi və bərpası istiqamətində həyata keçiriləcək layihələrdə yaxından iştirak etməyə dəvət edib.

İşğal olunmuş ərazilərdə ətraf mühitə vurulmuş ziyanın aradan qaldırılması, ekoloji tarazlığın bərpası məqsədilə Qarabağ Dirçəliş Fondu ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı, “Paşa Holding” MMC, “Paşa Bank” ASC, “Kapital Bank” ASC, “Paşa Həyat Sığorta” ASC, ”Paşa Sığorta” ASC, “Paşa İnvest­ments” MMC, “Competo” MMC, “Agro Dairy” MMC, “Azərbaycan Supermarket” MMC, “Paşa Travel” və “Universal Pro” MMC dəstəyi ilə həyata keçirilən “Zəfərdən – Dirçəlişə” adlı layihə çərçivəsində Zəngilanda ağacəkmə aksiyası davam edir.

Layihənin məqsədi ekoloji tarazlığın bərpası, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən Qarabağ bölgəsinin və ümumilikdə ölkəmizin florasının biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir. Layihə çərçivəsində Zəngilan şəhərinin girişində 30 hektar ərazidə 30 min ağacın – əsasən, yerli iqlim şəraitinə uyğun Eldar şamı, həmişəyaşıl sərv, göyrüş... ağaclarının və Şərq çinarının əkilməsi nəzərdə tutulur.

Aksiyanın ilkin mərhələsində ərazinin torpaq-iqlim şəraitinə uyğun 1000 ədəd müxtəlif növ ağac əkilib. Bu layihənin 2022-ci ilin payızında yekunlaşdırılması planlaşdırılır.

Layihə çərçivəsində daya­nıqlı meşə massivinin salınması məqsədilə ərazidə görülən bütün işlər meşəbərpa tələblərinə uyğun şəkildə aparılır. Enerji təminatı və suvarma sisteminin qurulması, ərazidə müntəzəm müşahidələr aparmaqla əkilmiş sahəyə mütəmadi qulluq edilməsi kimi məsələlərə xüsusi diqqət ayrılır.

Qeyd edək ki, ağacəkmə aksiyası işğaldan azad olun­muş ərazilərdə ekoloji tarazlığın və təbiət obyektlərinin bərpası üzrə birgə tədbirlərin həyata keçirilməsi ilə regionda dayanıqlı məskunlaşmaya və inkişafa töhfə vermək, əlverişli həyat şəraitinin yaradılmasına dair tədbirləri ölkə daxilində və xaricində təşviq etmək məqsədilə Qarabağ Dirçəliş Fondu ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında imza­lanan əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilən ilk layihədir. Layihə işğaldan azad olunmuş digər ərazilərdə də da­vam etdiriləcək.

Memorandum çərçivəsində ekoloji tarazlığın bərpası, ya­şıllığın artırılması, heyvan və quş növlərinin reabilitasiya edilərək təbiətə qaytarılması kimi layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, işğal dövründə Azərbaycanın 261 min hektar meşə fondu sahəsi Ermənistanın vandalizm cinayətlərinə məruz qalıb. Bu dövrdə düşmən regionun təbii sərvətlərini talan edib, bu ərazilərdə mütəmadi olaraq yan­ğınlar törədib, bununla da Qara­bağın flora və faunasına, bölgənin ekoloji durumuna bərpa edilməsi çətin olan zərər vurub.

Qeyd edək ki, salınacaq meşə massivinin inkişaf prose­sini müşahidə etmək məqsədilə mütəmadi olaraq dron, foto və videoçəkilişlər aparılacaq və görüntülər fondun saytında yerləşdiriləcək.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

30 İyun 2022 06:35 - EKOLOGİYA
EKOLOGİYA
15 Avqust 2022 | 17:39
Sabahın hava proqnozu
13 Avqust 2022 | 19:26
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə