Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA-nın Humanitar Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib.

Bu barədə AMEA-dan məlumat verilib.

Bildirilib ki, tədbiri AMEA-nın vitse-prezidenti, Humanitar Elmlər Bölməsinin Elmi şurasının sədri akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələlər barədə məlumat verib.

İsa Həbibbəyli Azərbaycanın opera müğənnisi, Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, professor Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədov) anadan olmasının 125 illiyi ilə əlaqədar Humanitar Elmlər Bölməsinin qərarına əsasən tədbirlər planının icra olunduğunu diqqətə çatdırıb.

İclasda AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Muğamşünaslıq şöbəsinin müdiri professor Sevil Fərhadovanın “Bülbülün yaradıcılıq yolu Şərq və Avropa mədəniyyətlərinin sintezinin məhsulu kimi” mövzusunda məruzəsi dinlənilib, dahi sənətkarın ifasında Üzeyir Hacıbəylinin “Sənsiz” romansı səsləndirilib.

Azərbaycan dramaturgiyasının banisi, ictimai xadim Mirzə Fətəli Axundzadənin anadan olmasının 210 illiyinin qeyd edilməsi haqqında Humanitar Elmlər Bölməsinin Elmi şurasının tədbirlər planı müzakirəyə çıxarılıb. Tədbirlər planına əsasən görkəmli ədibin yubileyi münasibətilə elmi seminarın (Şəki Regional Elmi Mərkəzi, Humanitar Elmlər Bölməsi) və konfransın (Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu) keçirilməsi nəzərdə tutulur. Həmçinin Mirzə Fətəli Axundzadənin şəxsi arxivi, yaradıcılığında folklor motivləri və mifologizmlər, əlifba, orfoqrafiya, dram və nəşr dili məsələləri və digər mövzularda tədbirlərin təşkil edilməsi qərara alınıb. “Mirzə Fətəli Axundzadə ensiklopediyası”nın, “Mirzə Fətəli Axundzadə. Həyatı və yaradıcılığı” (“Sənətkarın elmi pasportu” seriyasından) kitabının hazırlanıb nəşr edilməsi, görkəmli dramaturqun əsərləri, haqqında yazılmış kitablardan ibarət sərginin təşkili barədə elmi-tədqiqat müəssisələrinə müvafiq tapşırıqlar verilib.

İsa Həbibbəyli oktyabrın 24-də dahi şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 140 illiyinin tamam olduğunu xatırladıb. Hüseyn Cavidin həyat və yaradıcılığının tədqiqi və təbliği istiqamətində AMEA-nın Hüseyn Cavidin ev-muzeyində, eləcə də bölmənin digər elmi müəssisələrində görülən işlər barədə ətraflı məlumat verib.

İclasda Hüseyn Cavidin 140 illiyi münasibətilə Humanitar Elmlər Bölməsinin tədbirlər planına dair elmi şura üzvləri ilə müzakirələr aparılıb. Ədibin yubileyi ilə bağlı müxtəlif konfrans və tədbirlərin keçirilməsi, ensiklopediya və monoqrafiyaların, “Hüseyn Cavidin ev-muzeyinin izahlı kataloqu”nun (3 cilddə), AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının xüsusi buraxılışının hazırlanması və bu barədə bölmənin tədbirlər planının təsdiq edilməsi haqqında qərar qəbul edilib.

AMEA-nın müxbir üzvü Azadə Rüstəmovanın anadan olmasının 90 illik yubileyi ilə əlaqədar AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb. Bu münasibətlə “Elm fədaisi. Azadə Rüstəmova – 90” (nəşrə hazırlayanı filologiya elmləri doktoru, professor Fəridə Əzizova) kollektiv məqalələr və xatirələr toplusunun hazırlanıb nəşr edilməsi və təqdimat mərasiminin keçirilməsi barədə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna müvafiq tapşırıqlar verilib.

Akademik İsa Həbibbəyli bölmənin elmi müəssisələrində türk xalqları ədəbiyyatının tədqiq edilməsi istiqamətində görülən işlərdən bəhs edib, 2022-ci ilin sentyabr ayının 27-də qazax ədəbiyyatının görkəmli nümayəndəsi Muxtar Auezovun anadan olmasının 125 illiyi ilə əlaqədar müvafiq tapşırıqlar verib. Həmçinin humanitar sahədə fəaliyyət göstərən tanınmış alimlərin yubileylərinin bölmənin elmi şuralarının iclaslarında nəzərə alınması barədə tövsiyələrini bildirib.

Elmi şuranın iclasında bir sıra kadr məsələlərinə baxılıb.

28 İyun 2022 12:48 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə