Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şamaxı rayonu Kələxana türbələr kompleksində arxeoloji tədqiqatlar

Axtarışlar, tapıntılar

Son illər Azərbaycan dövlətinin hərtərəfli qayğısı və dəstəyi sayəsində respublikamızın demək olar ki, bütün guşələrində tarix və mədəniyyət abidələrinin mühafizəsi, tədqiqi, konservasiyası və təbliği istiqamətində çox mühüm layihələr həyata keçrilməkdədir. Bu cəhətdən Şamaxı rayonunda görülən işləri xüsusi olaraq qeyd etmək olar.

Heydər Əliyev Fondunun dəstəyilə rayonun Dəmirçi kəndində arxeologiya muzeyinin açılması, avropalı mütəxəssislərin iştirakı ilə Şahxəndan türbəsinin konservasiyası və ətrafının abad­laşdırılması, Pirsaat ziyarətgah kompleksində aparılan bərpa, təmir və abadlıq işləri, orta əsrlərdə Şirvanda təşəkkül tapan, daha sonra isə nəinki Türk və İslam dünyasında, eləcə də bütün Avrasiya coğrafiyasında geniş ya­yılmış olan xəlvətilik sufi təliminin banisı Pir Ömər Avaxıli Şirvaninin türbəsinin aşkar edilərək tədqiqini müsbət nümunə kimi təqdir və təbliğ etməyə dəyər. Minnətdarlıq hissi ilə onu da qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şamaxı rayonu­na səfərləri çərçivəsində Dəmirçi arxeoloji muzeyində, Şahxəndan türbəsində, Pirsaat və Pir Ömər Sultan ziyarətgahlarında olmaları, həmin abidələrdə aparılmaqda olan təmir, bərpa, konservasiya və tədqiqat işləri ilə bağlı zəruri tövsiyə və göstəriş vermələri ölkə ictimaiyyəti tərəfindən dərin rəğbət hissi ilə qarşılanmaqla yanaşı, gələcəkdə bu sahədə görüləsi işlərin davamlı olaraq, həm də daha geniş miqyasda aparılması­na əhəmiyyətli təkan vermişdir.

İki aydır ki, Şamaxı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə AMEA-nın Arxeologiya, Etnoq­rafiya və Antropologiya İnstitutu tərəfindən rayon ərazisindəki Kələxana türbələr kompleksi ərazisində arxeoloji tədqiqatlar aparılmaqdadır. Xatırladaq ki, Şamaxı şəhərindən 9 kilometr cənubda yerləşən, 4,6 hektar ərazini əhatə edən 9 türbədən ibarət Kələxana türbələr komp­leksinin xronoloji baxımdan XVII əsrin ortalarına aid olduğu ehtimal edilir. Maraqlıdır ki, tədqiqatçıların bir qismi Şirvan-Abşeron me­marlığının parlaq nümunəsi olan Kələxana türbələrinin eyni vaxtda və eyni memar-usta tərəfindən inşa olunduğunu ehtimal edir.

Səkkizgüşəli formada olan prizma formalı bu türbələrin hamısı mədən daşından istifadə olunmaqla inşa edilmiş, portalla­rının kənarları isə nəfis işlənmiş daş çərçivələrlə haşiyələnmişdir. Kələxana türbələrinin hamısının içərisi kvadrat formalı ağlay daşla döşənib. Döşəmələrin mərkəzi hissəsində isə sanki kətil funksi­yası daşıyan, təqribən 35-40 sm hündürlüyü olan kvadrat formalı daşlar qeydə alınıb. Türbələrdən hamısının giriş hissəsində oyma üsulu ilə müəyyən təsvirlər işlənib. Maraqlıdır ki, onlardan yalnız biri­nin üzərində kitabə var. Kitabədə həmin türbənin hicri tarixlə 1074-cü ildə (miladi tarixlə 1663/1664) sərkar Əmir Əli oğlu Əbdüləzim tərəfindən inşa edildiyi, oradakı məzarda isə Çigər şeyxlərindən olan şeyx İsrafilin nəslindən olan, yüksək tanrı tərəfindən bağışlanmış şeyx İbrahim oğlu Əmir Əhmədin dəfn edildiyi qeyd olunub.

Kələxana türbələri haqqın­da ilk məlumat Holland rəssamı Kornelius de Bruinin XVIII əsrin əvvəllərinə aid kitabında yer alıb. XIX əsrin əvvəllərində rus tədqiqatçısı V.M.Sısoyev ərazidə olub və türbələr barədə müəyyən məlumat nəşr etdi­rib. Sovet hakimiyyəti illərində akademik Ə.V. Salamzadə Kələxana türbələrinin memarlıq xüsusiyyətlərinin tədqiqi ilə məşğul olub və bir neçə məqalə nəşr etdirib.

Məlumat üçün onu da qeyd edək ki, Kələxana türbələr kompleksi ətrafındakı məzarlıqda üzərində kitabələri olan çoxsaylı qəbirlər vardır. Həmin qəbirüstü sənduqələrdən bir neçəsi ötən əsrin ortalarında Bakıya apa­rılmışdır və hazırda Qız qalası qarşısındakı meydanda nümayiş etdirilməkdədir. Xatırladaq ki, Kələxanaya aid sənduqə qəbirlərin bir hissəsi hələ keçən əsrin 50-70-ci illərində görkəmli epiqraf alim M. Nemət tərəfindən qismən araşdırılmışdır. Lakin bütün bun­lara rəğmən Kələxana türbələr kompleksinin tarixi, onların təyinatı və fəaliyyəti ilə bağlı bir çox suallara elmi cəhətdən aydınlıq gətirilməsinə ehtiyac vardır. Bu baxımdan türbələr kompleksinə daxil ərazidə torpaq altında qalmış olan digər tikinti qalıqlarının da aşkara çıxarılaraq tədqiq olunma­sı, onların təyinatı və memarlıq xüsusiyyətlərinin öyrənilməsi aktuallıq kəsb edir.

Kələxana türbələr kompleksinə aid türbələrdən 5-nin ətrafı hasarla əhatələnib. Hamısının giriş qapısı şərq tərəfdəndir. Ətrafı hasarla əhatə olunan türbələrin önündə isə həm də xüsusi portal-girişi var.

Kələxana türbələr kompleksində tədqiqatlara ilkin olaraq cənub istiqamətdən birinci olan ətrafı hasarlı türbədən baş­lanıldı. Əvvəlcə türbənin içərisi və ətrafı tör-töküntüdən təmizləndi. Yerli sakinlərin dediyinə görə, son vaxtlaradək Şamaxı şəhərindən və ətraf kəndlərindən olan in­sanlar həmin türbəni pir olaraq ziyarət edir və orada qurban­lar kəsirmişlər. Qazıntı davam etdirilərkən həmin türbənin cənub tərəfində ağlay daşlardan ibarət döşəmə aşkar olundu. Ola bilsin ki, məhz həmin döşəmə üzərində qurban kəsmə mərasimi icra olunub. Oradan həmçinin üzərində oyma üsulu ilə işlənmiş kitabələrə aid fraqmentlər də aşkar olundu. Bununla paralel olaraq ərazidəki torpağa batmış 8 ədəd daş sənduqənin ətrafı təmizləndi. Daha sonra türbələr kompleksindən cənubda bulaqüstü ərazidə olan və yalnız bəzi yerüstü əlamətləri görünən tikinti qalıqlarının öyrənilməsinə başla­nıldı və orada 400 kvadratmetrdən artıq sahəyə malik ictimai bina qalıqları qeydə alındı.

Ərazidə iş davam etdirilərkən orada iki qatdan ibarət çoxotaq­lı bina qalığı olduğu müəyyən edildi. Binanın alt qatı 7.5 və 12.3 kvadratmetr sahəsi olan iki otaqdan ibarətdir. Həmin otaqla­rın döşəməsi yonulmuş kvadrat formalı daş piltələrlə səliqə ilə döşənib. Otaqlara daxil olmaq üçün bir neçə pillədən ibarət xüsusi pilləkən olub. Hər iki otağın giriş qapısı şərq istiqamətindən olmaqla tağvari formadadır. Otaq­ların hər birinin divarlarında qarşı-qarşıya olmaqla 4 ədəd taxça var. Görünür, həmin taxçalar otaqları işıqlandırmaq məqsədilə çıraqlar qoyulması üçün nəzərdə tutu­lub. Qazıntı prosesində ərazidən tapılmış bir neçə ədəd gil çıraq da məhz bu cür düşünməyə əsas verir.

Binanın üst qatı 67 kvadrat­metr sahəyə malik üç otaqdan ibarətdir. Həmin otaqlardan ikisi iç-içədir. Otaqlardan hər birinin içərisində ocaq yeri qeydə alınıb. Maraqlıdır ki, binanın üst qatının, habelə həyəti əhatə edən və hasar olduğu ehtimal olunan divarlar həm içəri, həm də xarici tərəfdən səliqə ilə yonulmuş kvadrat formalı üzlük daşlarla üzlənmişdir.

Tədqiqatlar davam etdirilərkən tikinti ərazisində xeyli sayda kitabə fraqmentləri, şirli və şirsiz keramika nümunələri və bir neçə ədəd sikkə tapılmışdır. Əfsuslar olsun ki, son yüzilliklər ərzində ətrafda yaşayan ermənilər tərəfindən Kələxana türbələrindən ikisi tam olaraq dağıdılıb, hasar­la əhatələnmiş türbələrdən isə üçünün portal-girişi sökülərək materialından şəxsi evlərin və hasarların tikintisində istifadə edilib. Ekspedisiya heyəti çoxsaylı dəlil və sübutlar əsasında belə bir nəticəyə gəlmişdir ki, Kələxana türbələr kompleksinə daxil olan abidələrdə müşahidə olunan dağıntılar, xüsusən də oradakı çox mühüm elmi əhəmiyyət kəsb edən daş kitabələrin məhv edilməsi, sındırılaraq, parça-parça edilərək oxunmaz hala gətirilməsi, xeyli qisminin isə ümumiyyətlə yox edilməsi Rusiya və İran arasında imzalanmış 1828-ci il Türkmənçay sülh müqaviləsinin şərtlərinə uyğun olaraq ermənilərin ya­xınlıqdakı Kələxana kəndində məskunlaşdırılmasından sonra­kı dönəmdə, həm də məqsədli surətdə həyata keçirilmişdir. Türbələr kompleksi ərazisindəki çoxsaylı qəbirüstü sənduqələrin xeyli qisminin sındırılması, üzərindəki yazı, simvol və təsvirlərin məhv edilməsi, bir qisminin isə ərazidən aparılaraq kənar yerlərə tullanması faktları da erməni vəhşiliyinin, tarixi-mədəni irsə vandal münasibətin ifadəsi kimi izah olunmalıdır.

Deyilənlərə onu da əlavə edək ki, sovet hakimiyyəti dönəmində, daha doğrusu, ötən əsrin 50-ci illərində Kələxana türbələrinin ikisində müəyyən təmir və bərpa işləri görülmüşdür. Əfsuslar olsun ki, bu zaman da qeyri-peşəkar yanaşma ucbatından abidələrin ilkin görkəminə çox ciddi xələl gətirilmişdir. Təəccüb və təəssüf doğuran haldır ki, “təmir” zamanı oradakı xeyli sayda daş kitabələr sındırılaraq, hissə-hissəyə parçalanaraq aradaşı qısmində türbələrin hasar divarının içinə yerləşdirilərək üzəri də üzlük daşlarla ört-basdır edilmişdir. Çox ehtimal ki, bu da həmin vaxt təmir-bərpa işlərinə cəlb olun­muş erməni ustalar tərəfindən bilərəkdən həyata keçirilmiş daha bir vandal əməlin göstəricisidir.

Xatırladaq ki, indiyədək Kələxana türbələrində kimlərin və ya neçə nəfərin dəfn olunması ilə bağlı müxtəlif fikirlər yazılıb, səsləndirilib. Bu məsələyə aydınlıq gətirilməsi məqsədilə ekspedi­siya heyəti tərəfindən Kələxana türbələrinin 3-nün içərisində tədqiqatlara başlanılıb və onla­rın hər birinin içərisində ətrafı yonulmuş ağlay daşlarla səliqə ilə hörülmüş məzarda bir nəfərin İslam qaydaları ilə dəfn olunduğu müəyyən edilmişdir. Daha sonra isə qəbirlərin üstü səliqə ilə yonul­muş əhlət daşları ilə qapanmış­dır. Tədqiqatın bu mərhələsində tərəfimizdən antropoloq və krimi­nalist mütəxəssislər də dəvət olun­muşdur. Düşünürük ki, qəbirlərdən götürülmüş nümunələrin müvafiq laboratoriyalarda araşdırılaraq incələnməsi də elmi baxımdan əhəmiyyətli ola bilər. Bu işdə Türkiyədən olan həmkarlarımıza güvənirik. Çünki Kələxana türbələri tək Azərbaycanın deyil, bütövlükdə türk dünyasının ortaq dəyəridir.

Hazırda ərazidə arxeoloji tədqiqatlar davam etdirilməkdədir. Bununla paralel olaraq aşkar olunmuş kitabələrin mütəxəssislər tərəfindən incələnməsi, sikkə nümunələrinin təmizlənərək təyin olunması, binaların memar­lıq xüsusiyyətlərinin dərindən və hərtərəfli öyrənilməsi işləri də davam etdirilməkdədir. He­sab edirik ki, aparılmaqda olan kompleks tədqiqatlar bütövlükdə Kələxana türbələr kompleksinin və orada aşkar olunmuş möhtəşəm tikinti qalıqlarının dövrünü, təyinatını və Azərbaycanın Orta əsrlər tarixindəki yerini müəyyən etmək baxımından əhəmiyyətli elmi nəticələr əldə olunması ilə əlamətdar olacaqdır.

Qafar CƏBİYEV,

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Kələxana (Şamaxı rayonu) arxeoloji ekspedisiyasının rəisi, tarix elmləri doktoru, professor

26 İyun 2022 00:00 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə