Ən son xəbərlər
Azərbaycan cərrahiyyəsindən, cərrahlıq elminin nəzəri və praktik cəhətlərindən söhbət düşəndə, təbii ki, ilk növbədə, göz önünə akademiklərdən Mirəsədulla Mirqasımov, Mustafa bəy Topçubaşov, Fuad Əfəndiyev, Zülfüqar Məmmədov, Böyükkişi Ağayev, həmçinin professorlardan Hüseyn Əliyev, Gülbala Qurbanov, Nurəddin Rzayev... kimi korifey mütəxəssislər gəlir. Onların hər birinin bu sahəyə öz baxışı, fərdi üslubu, dəsti-xətti olsa da, son nəticədə bir məqsədə, bir qayəyə xidmət edirdilər: cərrahi əməliyyata məruz qalan pasiyentlərə düzgün diaqnoz qoyulsun və düzgün əməliyyat aparılsın. Xəstələr ölümün pəncəsindən xilas olmalı, onlara sağlam həyat bəxş edilməlidir.
Cərrahiyyə elminin hər sahəsinin özünəməxsus çətinlikləri var. Lakin döş qəfəsi orqanlarının cərrahiyyəsi həm taktiki və texniki yanaşma cəhətdən, həm də döş boşluğunda yerləşən orqanların həyati vacibliyi baxımından daha mürəkkəb sahə hesab olunur.
Azərbaycanda Mustafa bəy Topçubaşovdan, Fuad Əfəndiyevdən sonra döş boşluğu orqanlarının (ürək istisna olunmaqla) – xüsusilə də, qida borusu, bronxlar, ağciyərlər, plevra, orta divar cərrahiyyəsi ilə hərtərəfli məşğul olaraq onların yolunu uğurla davam etdirən, innovativ texnologiyalarla zənginləşdirən nüfuzlu alimlərdən, virtuoz praktik cərrahlardan biri də bu günlərdə 80 yaşını tamamlamış Azərbaycan Tibb Universitetinin ümumi cərrahlıq kafedrasının məsləhətçi-professoru, Əməkdar həkim Çərkəz Məmiş oğlu Cəfərovdur.
Çərkəz Cəfərov 1942-ci il iyunun 18-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dəmirçi kəndində dünyaya göz açıb. Hələ orta məktəbdə oxuduğu dövrdə kənd tibb məntəqəsində feldşer vəzifəsində çalışan böyük qardaşı onun həkimliyə meyilliyini, iti zehnini, məntiqi təfəkkürünün gücünü, həm də atletik bədən quruluşuna malikliyini, yaxşı mənada inadkarlığını, dönməzliyini görüb və ona cərrah olmağı tövsiyə edib. Bu təklif Çərkəzin ürəyincə olub və daxilindəki gizli hisslərinin qardaşının təklifi ilə üst-üstə düşməsi onu çox məmnun edib.
1965-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra o, 4 nömrəli Bakı şəhər klinik xəstəxanasının döş qəfəsi cərrahlığı şöbəsində əmək fəaliyyətinə başlayıb. Hələ 3-cü kursda oxuyarkən gecələr səhərəcən yuxusuz qalıb cərrahiyyə şöbələrində çalışması, cərrahi xəstələrə tibb qardaşı kimi qulluq göstərməsi, həkimlərin icazəsi ilə müxtəlif növ cərrahi əməliyyatlarda köməkçiliklə məşğul olması ona səbr, təmkin, dözüm xüsusiyyətləri aşılamışdı. O, ATİ-nin kliniki bazasında 4 nömrəli şəhər xəstəxanasının döş qəfəsi cərrahlığı şöbəsində çalışarkən Fuad Əfəndiyevin istedadlı tələbələrindən olan professor Nurəddin Rzayevlə tanış olub. Bir müddət sonra xəstəxananın döş qəfəsi cərrahlığı şöbəsinin, yəni professor N.Rzayevin rəhbərlik etdiyi şöbə Elmi-Tədqiqat Kliniki və Eksperimental Təbabət İnstitutunun (ETKETİ) – indiki akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin tabeliyinə verilməsi ilə əlaqədar olaraq Çərkəz Cəfərov da 1967-ci ildən etibarən fəaliyyətini həmin institutda davam etdirib. O, 1971-1973-cü illərdə Leninqradda (indiki Sankt-Peterburq) Ümumittifaq Elmi-Tədqiqat Pulmonologiya İnstitutunda elmi ezamiyyətdə olub və “Xroniki qeyri-spesifik pnevmoniyaların cərrahi müalicəsinə göstərişlər” mövzusu üzrə namizədlik dissertasiyası müdafiə edərək Bakıya – ETKETİ-yə qayıdıb. 1976-cı ildən həmin institutun döş qəfəsi cərrahlığı şöbəsinin baş elmi işçisi vəzifəsinə seçilib.
1982-ci ildə onun adı ümummilli lider Heydər Əliyevin uzaqgörən müdrik siyasəti, birbaşa təşəbbüsü ilə məqsədli doktoranturaya göndərilən 15 nəfərlik gənc və perspektivli mütəxəssislərin siyahısına salınıb. 1982-1987-ci illərdə İ.A.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutuna elmi ezamiyyətə göndərilib. Ç.Cəfərov 1987-ci ildə orada professor M.U.Perelmanın rəhbərliyi altında “Traxeyanın və onun bifurkasiyasının rezeksiyası və protezlənməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etdikdən sonra Vətənə qayıdıb və ETKETİ-də elmi-praktik fəaliyyətini davam etdirib.
Görkəmli Azərbaycan alimi Çərkəz Cəfərov 1988-1995-ci illərdə ETKETİ-nin döş qəfəsi cərrahlığı şöbəsinin baş elmi işçisi, Bakı Şəhər Səhiyyə İdarəsinin baş mütəxəssis-cərrahı, sonralar isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş cərrahı vəzifələrində geniş diapazonlu, çoxşaxəli işləri yerinə yetirib. Ölkənin əksər regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında təcili cərrahi əməliyyat tələb olunan ağır xəstələrə səyyar cərrahi briqadalar şəklində nicat verib, onları vaxtsız ölümün pəncəsindən xilas edib.
Alim 1995-ci ildə müsabiqə yolu ilə Azərbaycan Tibb Universitetinin ümumi cərrahlıq kafedrasının müdiri vəzifəsinə seçilib və 2017-ci ilə qədər bu vəzifəni böyük uğurla yerinə yetirib. Professor Ç.Cəfərov 2017-ci ildən etibarən həmin kafedranın məsləhətçi-professoru vəzifəsində çalışır. Bu illər ərzində o, tədris planını müasir elmi səviyyədə təkmilləşdirib. Onun rəhbərliyi altında tədrislə yanaşı, kafedrada döş boşluğu orqanlarının açıq və qapalı zədələnmələri, ağciyərin və plevranın qeyri-spesifik irinli, parazitar, şiş xəstəlikləri, orta divarın mediastinitləri, şişləri, xoşxassəli törəmələri, qida borusunun, kardioezofageal keçidin xərçəngi, qida borusunun kimyəvi yanıqlardan sonra və sinir-əzələ mənşəli daralmaları, qaraciyər, öd yolları, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, qarnın ön divarının giqant yırtıqları, peritonitlər, qarın boşluğu orqanlarının açıq və qapalı zədələnmələrinin diaqnostikası və cərrahi müalicəsi ilə əlaqədar təcrübi və elmi-tədqiqat işləri aparılıb. Beləliklə, deyə bilərik ki, professor Ç.Cəfərov cərrahiyyənin əksər sahələrinin professional cərrahlarındandır və möcüzəli əl qabiliyyətinə malikdir. Onu tanıyanların hamısı bir ağızdan deyir ki, “yaxşı cərrah çoxdur, onun kimisi yoxdur”. O, Azərbaycan praktik cərrahiyyəsinin şedevr yaradan mütəxəssislərindəndir.
Professor Çərkəz Cəfərov 20 Yanvar faciəsi, Xocalı soyqırımı, həm birinci, həm də ikinci Qarabağ müharibəsi zamanı ən ağır əməliyyatların icrasında iştirak edərək, fədakarlıq nümunəsi göstərib, yüzlərlə yaralını ölümdən qurtarıb, Vətən, xalq qarşısındakı borcunu yüksək səviyyədə, ləyaqətlə yerinə yetirib.
Kafedrada tədrisin keyfiyyətini yaxşılaşdırmaq üçün, o, 2006-cı ildə elmin müasir səviyyəsinə uyğun yeniliklərə həsr olunmuş “Ümumi cərrahlıq”, 2009-cu ildə “Kliniki və eksperimental cərrahlıq” dərsliklərini çap etdirib. Bu gün həmin kitablardan tələbə və rezidentlər geniş istifadə edirlər.
Professor Çərkəz Cəfərov 300-dən çox elmi əsərin, 3 dərsliyin, 3 monoqrafiyanın, 5 ixtiranın, 3 patentin, 5 səmərəlişdirici təklifin müəllifidir. Onun məsləhəti və rəhbərliyi altında 8 doktorluq, 16 tibb üzrə fəlsəfə doktorluğu dissertasiyası yerinə yetirilib. Hazırladığı tələbələri, yaratdığı mükəmməl cərrahlıq elmi məktəbinin nümayəndələri dünyanın çox ölkəsində fəaliyyət göstərərək Azərbaycana başucalığı gətirirlər.
Çərkəz müəllim cərrahiyyə üzrə bir sıra beynəlxalq və respublika səviyyəli elmi cəmiyyətlərin üzvüdür və müxtəlif xarici ölkələrdə keçirilən elmi forumlarda Azərbaycanı təmsil edib, əldə etdiyi elmi-tədqiqat işlərinin nəticələrinə aid məqalə və tezisləri yüksək reytinqli elmi məcmuələrdə çap olunub.
Alim dövlətimiz tərəfindən “Azərbaycan Respublikasının Əməkdar həkimi” fəxri adına, “Tərəqqi” medalına, eyni zamanda, müxtəlif qurumların mükafatlarına layiq görülüb.
Professor Ç.Cəfərov hazırda öz fəaliyyətini gənclik həvəsi ilə davam etdirir. Ona müraciət edənlərin heç birini naümid qoymur. Əməliyyat zamanı onun təkcə gözləri yox, barmaqlarının uclarındakı reseptorlar da, sanki, ikinci görmə orqanı funksiyasını yerinə yetirir. Görünür, alimin beyin qabığındakı stereoqnoziya mərkəzi o qədər güclü inkişaf edib ki, o, barmaqlarının təması ilə damar və sinirlərin orqanlara görə yerləşdikləri yeri daha sərrast dəqiqliklə müəyyənləşdirə bilir, onları hiss edir, duyur və başlıcası da, heç vaxt nə anatomik, nə də cərrahi səhvə yol verir. Bəlkə də buna görədir ki, o, el arasında “qızıl əlli cərrah” titulu ilə də tanınır.
Professor Çərkəz Cəfərovun 2014-cü ildə Həcc ziyarətində olması, oruc tutub, namaz qılması, öz peşəsinin ecazkar gücü ilə ona pənah gətirənlərə sidq-ürəklə, təmiz qəlblə sonsuz səxavətlilik nümunəsi göstərməsi Allah yolunda yerinə yetirdiyi insanlıq borcunun səmimi təzahürlərindəndir.
Əminliklə demək olar ki, indiki dövrdə Çərkəz müəllim döş qəfəsi cərrahlığının mahir ustası, döş qəfəsi cərrahlığı isə Çərkəz müəllim fenomeninin yaratdığı və yaşatdığı şah əsərlərindəndir.
Müstəsna təvazökarlıq zirvəsi fatehlərindən olan, sadəlik və böyüklük nümunəsinə çevrilən professor Çərkəz Cəfərova Ulu Tanrıdan möhkəm cansağlığı diləyərək, sağlam həyat tərzi arzulamaq dost-tanışın, onun həyat bəxş etdiyi hər bir xəstəsinin müqəddəs niyyətlərindəndir. O, təkcə ayrı-ayrı fərdlərin yox, ümumilikdə, elin, xalqın, millətin rəğbətini qazanmış bir mütəxəssisdir. El məhəbbətini qazanmaq isə, şübhəsiz ki, ən böyük xoşbəxtliklərdəndir.
Vaqif ŞADLİNSKİ,
akademik,
Mübariz ALLAHVERDİYEV,
professor
Köhnə versiyamızdan xəbərləri izlə