Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Meymunçiçəyi ölkəmizdə aşkarlanmasa da, ehtiyatı əldən verməməliyik

İlk dəfə Afrikada qeydə alınan və dünyada sürətlə yayılan meymunçiçəyi xəstəliyi Böyük Britaniya, ABŞ, Belçika, Fransa, Almaniya, İtaliya, Portuqaliya, İspaniya, İsveç, Danimarka, Kanada, Avstraliya, İsrail, İsveçrə, Avstriya, Sloveniya, Türkiyə və digər bir sıra ölkələrdə aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, bugünədək dünyanın 39 ölkəsində meymunçiçəyi xəstəliyinə 1600 təsdiqlənmiş, eləcə də 1500 təsdiqlənməmiş yoluxma halı aşkar edilib. Xəstəliyin daha çox rast gəlindiyi Britaniyanın səhiyyə rəsmiləri yoluxmaların kəskin artacağını proqnozlaşdırıblar.

İnsanları maarifləndirmək məqsədilə mütəxəssislər bildirirlər ki, xəstəliyə yoluxan şəxslərlə yaxın təmasda olanlar 21 gün ərzində özlərini təcrid etməli, işdən uzaq durmalıdır­lar. İmmuniteti zəif olan şəxslər, hamilə qadınlar və 12 yaşdan kiçik uşaqlar belə insanlarla təmasdan çəkinməlidir. Mövzu ilə bağlı infeksionistlərin fikri belədir ki, meymunçiçəyi vi­rusu suçiçəyi virusu ilə demək olar ki, eyni simptomlara malikdir. Suçiçəyində olduğu kimi bu virusda da qızdırma, başağrısı, şişkinlik, belağrısı, zəiflik kimi simptomlar özünü büruzə verir. Bir, bəzən isə iki, üç gün davam edən qızdırma­dan sonra tədricən səpkilər yaranır. Suçiçəyi xəstəliyini yayan virus havada 1–2 saat yaşaya bilir, çox sürətli çoxalma xüsusiyyətinə malikdir.

Meymunçiçəyi virusu da eynilə belədir. İnfeksiya, əsasən xəstə ilə birbaşa təmas, yəni xəstə insanla və ya heyvanla bədən və ya onların əşyalarına təmas, orqanizmdən xaric olan bütün ifrazat, virusun mövcud olduğu əşyalara təmas və hətta cinsi əlaqə yolu ilə yayılır. Virus cansız mühitdə uzun müddət yaşamaq qabiliyyətinə malik olduğu üçün xəstə insanın əşyalarına toxunan zaman da yoluxma baş verə bilər. İnfek­siya ilk olaraq yuxarı tənəffüs sisteminə nüfuz edərək limfa vəzilərində çoxalmağa başla­yır. Suçiçəyində olduğu kimi meymunçiçəyində də xəstəliyin əlamətləri bəzən 4 – 8, bəzən isə 10 gün sonra özünü biruzə verir. Xəstəliyə ilk səpki baş­layandan, suluqlanma və yara qabıq bağlayanadək, yəni 6 – 8 gün ərzində digər insanlar da yoluxa bilər.

Səpkilər əvvəl üzdə müşahidə olunur, tədricən bədənin digər nahiyələrinə – kürəyə, sinəyə, əllərə, ayaqlara yayılır və bütün bədəni bürüyür. Səpkilər qaşıntı verir. Mümkün qədər səpkilərə toxunmamaq məsləhətdir. Çünki çox qaşı­yanda səpkilər qızarır, qaysaqlı yaralara çevrilir və ağrı verir. Xəstəlik sağaldıqdan sonra da bu yaraların xırda çapıq kimi izi qalır.

Mütəxəssislərin fikrincə, su­luq şəklindəki səpkilər, əsasən bədəndə çox olur. Öncə narıncı rəngdə olur, bir neçə saat sonra qızarır. Sonra içi dolu maye ha­lında suluğa çevrilir. Təxminən 2 – 3 gün sonra partlayan suluqların yerində qabıq əmələ gəlir.

Yaşlıları, hamilələri, bir sıra dəri xəstəliklərindən əziyyət çəkən insanları mümkün qədər qorumaq məsləhətdir. Çünki belə insanlar uşaqlara nisbətən xəstəliyi daha ağır keçirirlər. Suçiçəyində olduğu kimi meymunçiçəyində də xəstəliyin müalicə müddəti, əsasən, 10 –15 gün, bəzən daha artıq çəkə bilər. İnfeksiyaya yoluxmuş insanların müalicəsi həkim nəzarəti altında, ev şəraitində aparılması məsləhətdir. Ağırlaşma halı olan zaman xəstəxanaya müraciət etmək lazımdır. Müalicəyə əvvəlcə qızdırmanın aşağı salınması ilə başlanmalıdır. Xəstəyə or­qanizmin müqavimətini artıran qidalar verilməli və bol miqdar­da su içirilməlidir. Eyni zaman­da dəriyə qaşıntını azaldan dərmanlar sürtülməlidir.

O da vurğulanır ki, suçiçəyi kimi meymunçiçəyi virusu da bir neçə həftə ərzində öz – özünə yox olur. Ancaq xarici mütəxəssislər bildirirlər ki, bəzən xəstəlikdən ağırlaşma halı müşahidə olunur. Çünki daha əvvəl meymunçiçəyi Qərbi Afrikada ölümlərə səbəb olub. Xəstəlikdən qorunmaq üçün ciddi şəkildə gigiyena qaydalarına əməl edilməlidir. Xəstəliyin əlamətləri müşahidə olunan insanlardan uzaq dur­maq lazımdır. Meymunçiçəyinin simptomları müşahidə olunan kimi insanlar mütləq şəkildə təcrid olunmalı və tam şəkildə sağalanadək karantin qayda­larına riayət etməlidirlər. Əks –təqdirdə virusa yoluxma halları daha da artacaq.

Pediatr Sahib Cəfərov deyir: “Meymunçiçəyi virusu kontakt yolu ilə yayılan infeksiyadır. Hal – hazırda yayılma davam edir. Bu gün dünyada 42 yaşdan yu­xarı insanlar “çiçək" xəstəliyinə qarşı peyvənd olunublar. 1980-ci illərdən sonra həmin virus sıradan çıxıb və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən vaksinasiya dayandırılıb. Həmin dövrdə anadan olan uşağın artıq 42 yaşı var. Bu yaşdan aşağı olan şəxslər vaksinasiya olunmayıblar. Ona görə də bu virusa qarşı həssasdırlar. Vaksi­nasiya olunanlar üçün təhlükə yoxdur. Amma olunmayanlar virusa yoluxub xəstəliyi ciddi keçirə bilərlər”.

Rusiyalı infeksionist, profes­sor Nikolay Malışev “Sputnik” radiosuna müsahibəsində bu barədə deyib ki, xüsusi bir müalicə və ya peyvənd olmasa da, çiçək xəstəliyinə qarşı peyvənd hələ də bu növ virusdan qoruya bilər: “Meymunçiçəyi xəstəliyində çarpaz immunitet fəaliyyət göstərir. Yəni çiçək peyvəndi çarpaz işləyir, təsiri var. 1980-ci ildə olimpiadadan sonra biz peyvənd etməyi dayandırdıq, o vaxta qədər vaksinasiya olunan insanların bu və ya digər şəkildə müəyyən immu­niteti var”. Həkim hesab edir ki, insanlar hələlik meymunçiçəyi virusunun yayılmasından narahat olmamalı, amma ehti­yatı da əldən verməməlidirlər. Ekspertin sözlərinə görə, bu infeksiyanın ölkəyə gətirilməsinin qarşısını almaq üçün bütün lazımi tədbirlərin görülməsi kifayət edir. Bununla bağlı hazırda dünyada ciddi şəkildə iş gedir. “Pfizer” və vaksinasiya ilə məşğul olan biotexnologiyanın ən müasir üsullarına yiyələnmiş digər şirkətlər bununla bağlı işlər görürlər. Karantin tədbirlərinin hansı qaydada qurulması ilə bağlı ÜST müvafiq tövsiyələr hazırlayır. Quru sərhədlərin açılması isə bir müddət sonra reallaşa bilər. Bu epidemio­loji vəziyyətdən asılı olacaq. Amma sürətlə yayılma bu məsələyə mane ola bilər. Ona görə də birmənalı şəkildə rəy demək çətindir. Bütün qərarlar situasiyaya uyğun verilməlidir. Bu qərar Azərbaycanın ümumi fondunun və əhalisinin qoru­ması istiqamətində olmalıdır. Xatırladaq ki, Səhiyyə Na­zirliyinin məlumatına görə, Azərbaycanda meymunçiçəyinə yoluxma aşkarlanmayıb. Amma qonşu Gürcüstanda 1 nəfərdə meymunçiçəyi xəstəliyinə yoluxma faktı təsdiqlənib. Bu haqda Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb. Məlumatda bildirlir ki, xəstədə virusun yüngül forması olub və müvafiq müalicədən sonra o, tezliklə tibb müəssisəsindən evə buraxılıb. Bildirilib ki, xəstəlik bu şəxsdə Avropadan qayıtdıqdan sonra müəyyən edilib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) çiçək xəstəliyi üzrə işçi qrupunun rəhbəri Rozamund Lyuisin sözlərinə görə, təşkilatın və üzv dövlətlərin məqsədi bu xəstəliyin yayılmasının qar­şısını almaqdır. Qeyd edək ki, meymunçiçəyi xəstəliyinin simptomları çiçək xəstəliyinin simptomlarına çox oxşayır. Simptomlar iki – dörd həftə davam edir.

Bu il dünyanın 39 ölkəsində meymunçiçəyi xəstəliyinə 1600 təsdiqlənmiş, eləcə də 1500 təsdiqlənməmiş yoluxma halı aşkar edilib. Onlardan yeddisində virus endemik hesab olunur. Orada infek­siya illərdən bəri yayılır, 32 ölkəsində isə ilk dəfədir aşkar olunub. Ən azı 72 yoluxma halı ölümlə nəticələnib, lakin onların hamısı əvvəllər meymunçiçəyi xəstəliyinin rast gəlindiyi ölkələrdə qeydə alınıb. “Bu infeksiyanın qlobal yayılması qeyri – adidir və narahatlıq doğurur”, – deyə ÜST rəhbəri Tedros Qebreyesus bildirib.

Avropada virusun yayılma riski “yüksək”, planetin qalan regionlarında isə “orta” kimi qiymətləndirilir. Hazırda alimlər meymunçiçəyi haqqında tam məlumatlı deyil, lakin ÜST vəziyyətin nəzarətdən çıxma­sını gözləməyə deyil, artıq bu gün hərəkətə keçməyə üstün­lük verir. İlk növbədə, əhalinin maarifləndirilməsini artırmaq təklif olunur. Meymunçiçəyi xəstə insanla sıx fiziki təmas yolu ilə ötürülür. Dəridən və mayedən götürülən nümunələr yoluxucudur, buna görə də xəstəlik paltar, yataq dəsti, dəsmal və qab-qacaq vasitəsilə yayıla bilər. Bəzi insanlar infeksiyanı cüzi simptomlarla keçirsələr də, onlar iki – dörd həftə ərzində yoluxucu ola bilərlər. Alimlər bu xəstəliyə asimptomatik olan insanların başqaları üçün təhlükəli olub – olmadığını hələ bilmirlər. Bəzi ölkələrdə 1980-ci ildə ləğv edilmiş çiçək xəstəliyinə qarşı strateji vaksin ehtiyatları qalıb. Bu, birinci nəsil vaksinlər tətbiq edilmək üçün tövsiyə edilmir, çünki onlar mövcud təhlükəsizlik meyarlarına və istehsal standartlarına ca­vab vermir. Vaksinlərin daha sonrakı versiyalarından istifadə edilə bilər və onlardan biri meymunçiçəyi xəstəliyinin qarşısının alınması üçün təsdiq edilib. Lakin bu preparatların ehtiyatları məhduddur və ÜST hələ də universal çıxışın təmin edilməsi üzrə strategiyaları müzakirə edir.

“İndiki mərhələdə ÜST kütləvi vaksinasiya­nı tövsiyə etmir. Çiçək və ya meymunçiçəyi ilə bağlı vaksinlərin tətbiq edilməsi barədə qərarlar hər bir fərdi halın qiymətləndirilməsindən irəli gələrək verilməlidir”,– deyə ÜST-nın tövsiyələrində deyilir. Eyni zamanda, xəstə ilə təmasda olanlar üçün təmasdan sonra dörd gün ərzində ikinci və ya üçüncü nəsil vaksinlərin profilaktik tətbiq edilməsi tövsiyə olunur. Ekspertlər risk qrupuna daxil olan tibb işçilərinə və müvafiq laboratoriyaların personalını da vaksinasiya etməyi təklif edirlər.

Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

24 İyun 2022 00:22 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə