Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan – Özbəkistan strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə daxil olur

Bu gün mən biz ərazi bütövlüyümüzü bərpa edərkən özbək xalqının və Özbəkistan Prezidentinin Azərbaycana göstərdiyi dəstəyi xüsusi qeyd etmək istərdim. Azərbaycanlılar bunu çox yaxşı bilir, qardaşlıq münasibətini xatırlayır və yüksək qiymətləndirirlər. Özbəkistan Prezidentinin sözləri, bizim Qələbəmiz münasibətilə təbrikləri – bütün bunlar, təbii ki, Azərbaycanda dost sözü, qardaş sözü kimi qəbul edilir. Biz bunu yüksək qiymətləndiririk və öz tərəfimizdən biz də bütün məsələlərdə Özbəkistanın, özbək xalqının yanındayıq.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağın­dan çıxmış etibarlı strateji tərəfdaşdır. Ölkələrimizi ortaq din, mənəvi dəyərlər, oxşar ənənələr, dil və mədəniyyət birləşdirir ki, bu barədə bu gün biz məhdud tərkibdə keçirilən görüşdə çox ətraflı danışdıq. Biz Azərbaycanın sanballı uğurlarına Özbəkistanda həmişə ürəkdən sevini­rik. Bu gün Sizin əldə etdiyiniz nailiyyətlər bütün dünyada tanınır.

Şavkat MİRZİYOYEV

Özbəkistan Respublikasının Prezidenti

 

Özbəkistanda Azərbaycan ilə ənənəvi dostluq, etimad və qarşı­lıqlı anlaşma münasibətlərinə xü­susi qiymət verilir. Bütün bunların əsasını ortaq mənəvi dəyərlər, oxşar mədəniyyətlər təşkil edir. Xalqları­mızı çoxəsrlik tarix bağlayır. Əhməd Fərqaninin və Əbu Reyhan Büruni­nin elmi əsərlərində Azərbaycanın bir çox şəhərləri xatırlanır, bu şəhərlərdə Şərq və Qərb sivilizasiya­ları bir-birinə qarşılıqlı təsir göstərir. Özbəkistanın Şərqşünaslıq İnstitutu­nun fondlarında Nizami, Xaqani, Tusi, Füzuli, Xətai, habelə bir çox başqa Azərbaycan şair və mütəfəkkirlərinin onlarca nadir əlyazmaları qayğı ilə qorunub saxlanılır.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatında qeyd olunanlar barədə ətraflı danışaraq, Füzulinin əlyazmalarından birini dövlətimizin baş­çısına hədiyyə etməsini xatırlatması da bunun bariz ifadəsidir. Şavkat Mirziyo­yevin fikrincə, bu, bizim sərvətimizdir. Özbəkistanda belə əlyazmalar çoxdur. Bu, bir daha onu göstərir ki, özbək xalqı əsrlər boyu Azərbaycan mədəniyyətinə böyük hörmət və maraq bəsləyir. Xüsusilə özbək ədəbiyyatının və poeziyasının banisi Əlişir Nəvai böyük Nizami Gəncəvinin əsərlərindən ilham alması, Nizamiyə böyük qiymət verərək, onu “şairlərin şahı” adlandırması bu tarixi qardaşlıq bağlılığının əyani parlaq nümunəsidir.

Onu da qeyd edək ki, ümummilli lider Heydər Əliyev də Özbəkistanla münasibətlərin möhkəmlənməsinə xüsusi önəm verib. Dahi şəxsiyyət 1996-cı il oktyabrın 21-22-də Türkdilli Dövlətlər Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olub. Ulu öndərin 1997-ci ildə Özbəkistanın paytaxtına səfəri isə iki ölkə arasın­da münasibətlərin inkişafını daha da sürətləndirib. Başqa sözlə, həmin səfər çərçivəsində rəsmi Bakı və Daşkənd arasında imzalanan 19 sənədin icrası ortaq tarixə, mədəni mirasa, eyni etnik kökə, dinə sahib Azərbaycan və Özbəkistan arasında əlaqələrin yeni mərhələyə yüksəlməsini şərtləndirib.

Bu sənədlər içərisində “Azərbaycanla Özbəkistan arasın­da əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə” böyük əhəmiyyət kəsb edib. Həmin müqavilə iki ölkə arasında uğurlu əməkdaşlıq üçün möhkəm fundamental hüquq-müqavilə bazası yaradıb. Azərbaycan Prezidenti Heydər Əliyev bu barədə deyib: “Biz Azərbaycanda Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinə malik olmaq istəyirik və hər şey edəcəyik ki, bu münasibətlər olsun, onlar inkişaf edib möhkəmlənsin”. Özbəkistan Respubli­kasının Prezidenti İslam Kərimov isə bil­dirib: “İki ölkə arasındakı münasibətlər məhz strateji əməkdaşlıq səciyyəli olacaqdır”.

Prezident İlham Əliyev iyunun 21-də Daşkənddə Heydər Əliyev Meydanının açılışında çıxış edərkən ulu öndərin Azərbaycan-Özbəkistan münasibətlərinin dərinləşməsindəki fəaliyyətini yüksək dəyərləndirərək, deyib: “Şavkat Miromonoviçin düzgün olaraq qeyd etdiyi kimi, Heydər Əliyev özbək xalqına böyük sevgi ilə yana­şırdı. Onun oğlu kimi, canlı şahid kimi təsdiq edə bilərəm ki, 1970-ci illərdə də onun Şərəf Rəşidoviç Rəşidov ilə dostluğu bütün sovet rəhbərliyinə məlum idi, 1990-cı illərdə də onun İslam Abduqəniyeviç Kərimov ilə dostluğu da xalqlarımıza məlum idi və bu, bizim münasibətlərimizin bugünkü inkişafının təməli idi. Şavkat Miromonoviç ilə biz də bu şanlı estafeti davam etdiririk. Biz xalqlarımızı inkişaf yolu ilə və sıx qarşı­lıqlı fəaliyyət yolu ilə aparırıq”.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də mətbuata bəyanatında iki xalqın qarşılıqlı münasibətlərinin şanlı tarixi barədə danışaraq, indiki vaxtda çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək üçün möhkəm təməlin mövcudluğunu xatırladıb: “Rəmzi haldır ki, budəfəki səfər Azərbaycanın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin ölkəmizə birinci rəsmi səfərindən düz 25 il sonra keçirilir. Bu gün bizim əziz qonağımız hörmətli Prezidentlə birlikdə Heydər Əliyevin adını daşıyan yenilənmiş küçəni və orada qoyulmuş abidəni açmaq məndən ötrü böyük şərəf oldu. Bu, öz xalqının həqiqi liderinə və Özbəkistanın yaxın dostu olmuş dahi insanın xatirəsinə bizim ehtiramımızın əlamətidir”.

Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin birgə səyi ilə Özbəkistan ilə Azərbaycan arasında münasibətlər açıq, geniş əhatəli xarakter kəsb edib, ticari-iqtisadi, parlamentlərarası, mədəni-humanitar və regionlararası əməkdaşlıq fəallaşıb. Budəfəki danı­şıqlar da göstərdi ki, iki ölkə xalqlarının mənafeyi naminə indiyədək səmərəli qarşılıqlı fəaliyyət bundan sonra da hərtərəfli möhkəmləndirməyə böyük zəmin hazırlayıb.

Dövlətimizin başçısının Özbəkistan Prezidenti ilə geniş tərkibdə görüşündə də iki ölkə arasında əməkdaşlıq barədə ətraflı danışılıb, iqtisadi qarşı­lıqlı fəaliyyətin gücləndirilməsi, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat-logistika və energetika sferasının inkişaf etdirilməsi məsələlərinə toxunulub.

Görüşdə Azərbaycanda ipəkçiliyin inkişafı ilə bağlı məsələlərin operativ həllinə görə, Özbəkistan Prezidentinə təşəkkürünü ifadə edən dövlətimizin başçısı belə səmərəli əməkdaşlığın aqrar sahənin digər istiqamətlərində də həyata keçiriləcəyinə, sənaye sekto­runun inkişafında müştərək layihələrlə ölkələrin bir-birinə böyük töhfələr verəcəyinə əminliyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün bərpası işində Azərbaycanı dəstəklədiyinizə görə Şav­kat Miromonoviçə təşəkkürünü bildirib və xalqımızın, eləcə də dövlətimizin başçısının ən ağır dövrdə özbək xal­qının qardaşlıq dəstəyini hiss etdiyini xatırladaraq, bunu iki ölkə münasibətləri tarixində unudulmaz hadisələr kimi dəyərləndirib. Ölkə rəhbəri Azərbaycan-Özbəkistan arasında hərbi, hərbi-texniki, habelə hərbi təhsil sahəsində əməkdaşlıq istiqamətində əlavə addımlar atılacağına ümid bəslədiyini də vurğulayıb.

Ölkə rəhbəri İlham Əliyev Prezident Şavkat Miromonoviçə işğaldan azad edilmiş Füzuli şəhərində hədiyyə kimi məktəb tikmək qərarına görə də təşəkkürünü bildirib.

Görüşdə həmin məktəbin tikintisində artıq işlərə başlanıldığı, inşaatın sürətlə aparıldığı və növbəti tədris ilinə qədər bu tədris ocağının istifadəyə verilməsinin planlaşdırıldığı xatırladılıb. Prezident İlham Əliyev Özbəkistanın bu fəaliyyətini yüksək qiymətləndirdiyini, ölkəmizə verilən ilk belə böyük hədiyyə olduğunu deyib və Azərbaycanın Qa­rabağı hələlik öz gücü ilə bərpa etdiyini söyləyib. Ölkə rəhbəri bu təşəbbüs haqqında daha sonra deyib: “Əlbəttə, qardaşlıq münasibəti bizim üçün çox qiymətlidir. Ona görə ki, İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra biz Şavkat Miromonoviçlə görüşəndə o, belə bir təşəbbüs irəli sürdü və bu təklif minnətdarlıqla qəbul edildi. Bu məktəb praktiki baxımdan həm də bizim qardaş­lığımızın rəmzi olacaq, yüzilliklər boyu Azərbaycan xalqının xatirində qalacaq”.

Prezident İlham Əliyev mətbuata bəyanatında Özbəkistana səfərinin çox əlamətdar bir hadisə – Daşkəndin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsinin, onun adını daşı­yan meydanın və gözəl parkın açılı­şından başlamasını vurğulayaraq, bu ölkənin rəhbərinə dahi rəhbərimizin xatirəsinə belə münasibətə görə öz adından və bütün Azərbaycan xalqı adından təşəkkürünü bildi­rib. Dövlətimizin başçısı sözlərinə əlavə edərək, Özbəkistanda Heydər Əliyevin xatirəsinə olan sevgini hər bir azərbaycanlının bölüşdüyünü, ulu öndərimiz kimi, bu ölkə ilə əməkdaşlığa hər zaman üstünlük verdiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev daha sonra deyib: “Mən atamın işinin da­vamçısı kimi, Azərbaycan Prezidenti kimi öz fəaliyyətimdə bizim ikitərəfli münasibətlərə daim xüsusi diqqət ayırı­ram. Bugünkü dövlət səfəri bunun əyani təsdiqidir. Səfər pandemiya ilə əlaqədar təxirə salınmışdı. Həmçinin onu diqqətlə hazırlamaq lazım idi ki, qardaşım Şav­kat Miromonoviçin dediyi kimi, sıçrayış edək. Fikrimcə, bu, həqiqətən sıçrayış xarakterli səfərdir. Çünki müzakirə olu­nan mövzuların həm mahiyyətinə, həm formasına, həm məzmununa, bizim gəldiyimiz qərarlara əsasən bu səfər və razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq”.

Dövlətimizin başçısı nitqində bildirib ki, Özbəkistanla strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə qlobal xarakter daşıyır. Bu, mahiyyətcə gələcək birgə fəaliyyətin yol xəritəsidir. Orada hər iki ölkənin xarici siyasətinin prioritetləri, ərazi bütövlü­yünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi diqqət çəkir, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər ifadə edilir.

Prezident İlham Əliyev bu səfər çərçivəsində qarşıya qoyulan vəzifələrin müvafiq nazirlər, dövlət strukturlarının rəhbərləri tərəfindən yüksək səviyyədə gerçəkləşməsinə və əldə olunacaq müsbət nəticələrin iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə gətirib çıxa­racağına əminliyini diqqətə çatdırıb. “Çünki bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı var. Bunun əsası, əlbəttə ki, liderlərin siyasi iradəsi, eləcə də iqtisadi zəminlərdir. Fikrimcə, bu gün əmtəə dövriyyəsinin artırılması, investisiya layihələri, nəqliyyat-logistika istiqamətləri, kənd təsərrüfatında əməkdaşlığın dərinləşməsi ilə bağ­lı layihələr barəsində əldə etdiyimiz razılaşmalar – bütün bunlar həm əmtəə dövriyyəsinin artırılması, həm də ölkələrimiz və xalqlarımız arasın­da daha artıq əməkdaşlıq üçün gözəl imkanlar yaradacaq”,- deyə dövlətimizin başçısı qeyd edib.

Səfər çərçivəsində keçirilən görüşlərdə bildirilib ki, iki ölkə arasında hasilat, neft kimyası, əczaçılıq, tikinti materialları və hazır tekstil malları, qida məhsulları, zərgərlik məmulatları istehsalı, habelə şərabçılıq sahələrində onlarca yeni layihə üzərində işlənildiyi vurğulanıb. Bu məqsədlə artıq cari ildə birgə investisiya fondunu işə salmaq barədə razılığa gəlinib.

İki ölkə arasında digər strateji istiqamət nəqliyyat kommunikasiya­larının inkişafıdır. Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük daşımalarının həcmi getdikcə artsa da, yeni dəhlizləri inkişaf etdirmək, multimodal daşıma­ları artırmaq, ölkələrimizin nəqliyyat müəssisələri üçün əlverişli şərait yaratmaq kimi qarşıda mühüm vəzifələr durur.

İqlimlə bağlı təhdidlərin və ərzaq təhlükəsizliyi problemlərinin artması fonunda Azərbaycan Özbəkistanla kənd təsərrüfatı sahəsində daha sıx işləmək niyyətindədir. Elmi və innovasiya araşdırmalarını fəal surətdə bölüşmək, aqrosektorun rəqəmsallaşdırılması üzrə qarşılıqlı fəaliyyəti nizamlamaq, investisiya layihələrini həyata keçirmək də gələcək məqsədlər sırasında önəmli yer tutur.

Azərbaycan Prezidenti bəyanatında iki ölkə arasında hərbi və hərbi-texniki sahələrdə nəzərdə tutulan əməkdaşlığı xüsusi vurğulayıb və bunun hər bir dövlət, o cümlədən xalqlarımız üçün prioritet əhəmiyyət daşıdığını xatırladıb. Ölkə rəhbəri bu zərurətin yerləşdiyimiz regionların təhlükəsizliyi və müdafiə qabiliyyətinin möhkəmlənməsi məsələlərinə gündəlik diqqət göstərilməsindən irəli gəldiyini deyib.

Dövlətimizin başçısı nitqində Vətən müharibəsində parlaq qələbə ilə ərazi bütövlüyümüz bərpa edilərkən özbək xalqının və Özbəkistan Prezidentinin Azərbaycana göstərdiyi dəstəyi xüsusi vurğula­yıb. Ölkə rəhbəri azərbaycanlıların bunu çox yaxşı bildiklərini və yüksək qiymətləndirdiklərini də vurğulayıb: “Özbəkistan Prezidentinin sözləri, bizim qələbəmiz münasibətilə təbrikləri – bütün bunlar, təbii ki, Azərbaycanda dost sözü, qardaş sözü kimi qəbul edilir. Biz bunu yüksək qiymətləndiririk və öz tərəfimizdən biz də bütün məsələlərdə Özbəkistanın, özbək xalqının yanın­dayıq. Bugünkü səfər buna daha bir sübutdur”.

Prezident İlham Əliyev Daşkənddə bu gün nəzərə çarpan ürəkaçan dəyişikliyi, iqtidarla cəmiyyətin vəhdət mövcudluğunu, asayişi, sa­bitliyi görəndə bir daha aydın olur ki, Özbəkistan Prezidentinin nəzərdə tut­duğu bütün işlər uğurla yerinə yetirilir: “Bu gün iki Prezidentin öz nümayəndə heyətlərinə verdiyi bütün tapşırıq­lar yerinə yetiriləcək. Əlbəttə, onlar bilirlər ki, tələb ciddi olacaq, biz ciddi nəzarətçilərik, səhvləri bağışlamayaca­ğıq, amma yaxşı nəticələr olsa onları tərifləməyə şad olarıq”.

Vaqif BAYRAMOV,

 “Xalq qəzeti”

23 İyun 2022 00:31 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə