Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliyinə nə vaxt əməl edəcək?

İkinci Qarabağ müharibəsində işğalçı Ermənistan üzərində tarixi qələbə qazandıqdan sonra Azərbaycan regionda yeni siyasi reallıq yaratdı. Çox keçmədən bu reallıq bir sıra ölkələr, o cümlədən, Rusiya, Türkiyə tərəfindən, daha sonra Qərb dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul olundu. İlk vaxtlarda yalnız Fransa terrorçu Ermənistanın tərəfini tutmaqda davam etdi, İrəvanın biabırçı məğlubiyyəti ilə bağlı yeni reallıqlarla hesablaşmamağa çalışdı. Amma bu da uzun çəkmədi, tezliklə Paris də yeni reallıqları qəbul etməli oldu.

 

Zaman keçdikcə Avropa İttifaqı kimi böyük beynəlxalq təşkilat da Azərbaycanın yaratdığı yeni reallıqla barışaraq, regionda məhz yeni siyasi situasiya şəraitində sülh prosesinə dəstək vermək niyyətini ortaya qoydu. Bununla da Aİ-nin təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında sülh yaradıl­ması prosesinə start verildi. Artıq Aİ Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında münaqişənin son nizamlaması ilə bağlı üç görüş keçirilib və nəticədə əhəmiyyətli razılaşmalar əldə olu­nub. Bu razılaşmalar arasında ən diqqətəlayiq müddəalardan biri də Zəngəzur dəhlizinin açılmasıdır.

Azərbaycan Prezidenti İlham Əliyev mayın 23-də Türkiyə Prezi­denti Rəcəb Tayyib Ərdoğana zəng edərək, Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilmiş görüş barədə məlumat verib. Bildirib ki, görüş zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, bu xüsusda Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan beş prinsipin təqdim olunması, iki ölkə arasında münasibətlərin normal­laşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası ilə bağlı məsələlər müzakirə olunub. Prezident, eyni zamanda, Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə bağlı da tərəflərin razılığa gəldiyini bildirib.

Xatırlatmaq yerinə düşərdi ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı müddəa hələ Azərbaycan, Ermənistan və Rusiya liderləri ara­sında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulub. Üçtərəfli bəyanatın 9-cu maddəsində qeyd edilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa olunmalıdır. Elə həmin maddəyə əsasən, Ermənistan Azərbaycanın qərb bölgəsi ilə Nax­çıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizi vasitəsilə nəqliyyat əlaqəsinə zəmanət verib.

Bəyanatın imzalanmasından az sonra Azərbaycan üzərinə götür­düyü öhdəlikləri yerinə yetirməyə başlasa da, Ermənistan indiyədək bir sıra öhdəliklərinə əməl etmir. Azərbaycan 2020-ci ilin sonlarında Laçın dəhlizinin fəaliyyətini təmin etsə də, Ermənistan ilk növbədə Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini sabotaj etməkdə davam edir. Üstəlik Ermənistanın baş naziri status məsələsini də qabartmaq­dadır. Eyni zamanda, Ermənistan hökuməti məsələni yenidən ölü bir qurum olan ATƏT-in Minsk qrupuna qaytarmağa can atır. Bu isə, təbii ki, münaqişənin dondurulması ilə nəticələnə bilər ki, bunu Azərbaycan heç zaman qəbul etməyəcək. Eyni zamanda, Azərbaycan Preziden­tinin dediyi kimi, artıq Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur. Ona görə də heç bir status haqqında danışmaq mümkün deyil.

Ermənistanın öhdəliklərinə sahib çıxa bilməməsi ən müxtəlif səviyyələrdə müzakirə olunmaqda­dır. Məsələnin Moskvada dəfələrlə müzakirəsi, Brüsseldə Aİ Şura­sının təşəbbüsü ilə əldə edilmiş razılaşmalar nəticə vermir. Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana işgüzar səfəri başlayır və onunla danı­şıqlar zamanı da bu məsələlərin müzakirəsi gözlənilir.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib: “Səfər zamanı Moskva­da 22 fevral 2022-ci il tarixində imzalanan müttəfiqlik haqqında bəyannamə müzakirə olunacaq. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmaları­nın həyata keçirilməsi üçün səylər diqqətə çatdırılacaq”.

Prezident İlham Əliyev Azərbaycan, Ermənistan və Ru­siya liderləri arasında 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra verdiyi bəyanatlarda bildirirdi ki, Zəngəzur dəhlizi açılacaq, özü də bu dəhliz Ermənistan istəsə də, istəməsə də açılacaq. Budur, artıq həmin gün gəlib çatıb və beynəlxalq ictimaiyyətin uzun cəhdlərindən sonra Ermənistanda, nəhayət, başa düşməlidirlər ki, dəhliz açılmalıdır. Üstəlik bu, regionda hamıdan çox Ermənistan üçün faydalı olacaq.

Regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası məsələsi 2021-ci il yanvarın 11-də Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında keçirilmiş üçtərəfli görüşdə də ayrıca müzakirə mövzusu olub. Bu istiqamətdə işlərin görülməsi üçün Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrup da yaradılıb. Apa­rılmış müzakirələr nəticəsində dəmir və avtomobil yollarının bərpası qərara alınıb. Amma artıq ilyarım vaxt keçməsinə baxmayaraq, Ermənistan dəhlizin açılmasına ma­neçilik törədir. Nəhayət, Şarl Mişelin təşəbbüsü ilə üçüncü görüşdən sonra İrəvan yenə konkret addım­lar atmağa söz verib. Artıq hər iki ölkədə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı yaradılmış dövlət komissiyalarının ilk görüşü də baş tutub.

Təbii ki, Zəngəzur dəhlizi də açılacaq. Dəhlizinin bərpası sayəsində yaranacaq əməkdaşlıq Ermənistanın özü də daxil olmaqla regiondakı bütün ölkələrin maraq­larına xidmət edir. Azərbaycan bu dəhlizin yaradılması və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı öhdəliklərinə daim sadiq olub. Bu gün də belədir.

Prezident İlham Əliyev keçirdiyi mətbuat konfranlarında dönə-dönə bəyan edib ki, ölkəmiz regionda sülhün və əməkdaşlığın bərqərar olmasında maraqlıdır: “…Biz onu müzakirə edirik ki, bölgədə davam­lı, dayanıqlı sülh və təhlükəsizlik olsun. Bunun yeganə yolu isə əməkdaşlıqdır. Bizim məqsədimiz artıq üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommuni­kasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır''.

Təbii ki, Zəngəzur dəhlizinin açılması region ölkələri arasında ticarət və iqtisadi əlaqələrə müsbət təsir göstərəcək. Bu, bir tərəfdən, Türkiyə ilə Azərbaycan arasında quru yolu ilə birbaşa əlaqə yaratma­ğa imkan verəcək. Digər tərəfdən, Türkiyə üçün Mərkəzi Asiyaya qapı açılacaq və digər türk dövlətləri ilə iqtisadi əlaqələri gücləndirmək imkanı yaranacaq.

Zəngəzur dəhlizi Rusiya üçün də xüsusi önəmə malikdir. Rusiya bu dəhlizdən Cənubi Qafqaz və qonşu ölkələrə yük daşımaların­da əsas marşrut kimi istifadə edə biləcək. Bu dəhliz vasitəsilə Rusiya qatarları Azərbaycan ərazisindən keçməklə Ermənistan, Türkiyə, İran və Cənubi Asiya ölkələrinə gedə biləcək. Beləliklə, Zəngəzur dəhlizi həm Türkiyə ilə Rusiya arasında ticarət əlaqələrinə müsbət təsir göstərəcək, həm də Moskvanın Türkiyə vasitəsilə Yaxın Şərqdəki bazarlara çıxışı üçün alternativ marşrut olacaq.

Bundan əlavə, dəhliz Ru­siyanın forpostu hesab olunan Ermənistana quru yolla çıxış əldə etməsi deməkdir. Çünki Rusiyanın Gürcüstanla münasibətlərində ciddi problemlər olduğundan Ermənistana yük daşımalarında quru yoldan istifadə etmək mümkün deyil. Yəni dəhlizin fəaliyyətə başlamasından sonra Moskva və Yerevan arasında iqtisadi əlaqələr quru yolla daha da genişlənəcək. Bu da Ermənistan üçün böyük nəfəslik rolunu oyna­yacaq.

Zəngəzur dəhlizi Ermənistan üçün böyük perspektivlər aça­caq. Belə ki, Moskva və Yerevan arasında təkcə quru yolla nəqliyyat əlaqələri yaranmış olmayacaq, həm də Ermənistanın Avrasiya İqtisadi İttifaqına çıxışı təmin ediləcək. Ha­zırda Ermənistanın bu təşkilatdakı əsas ticarət tərəfdaşları ilə quru yolla əlaqəsi yox səviyyəsindədir. Bu isə onun iqtisadi təhlükəsizliyinə və xarici iqtisadi əlaqələrinə mənfi təsir göstərir.

Ermənistan, eyni zamanda Zəngəzur dəhlizi vasitəsilə əsas ticarət tərəfdaşlarından olan İranla dəmir yolu əlaqəsi yaradacaq. Bu ölkə uzun illərdir ki, İranla dəmir yolu əlaqəsi yaratmağa çalışsa da, maliyyə problemi üzündən bu niyyətini reallaşdıra bilmir. Ona görə də dəfələrlə bəyan edilib ki, Ermənistan iqtisadi blokadadan çıxmaq, iqtisadi inkişafa nail olmaq istəyirsə, yeganə yol regional əməkdaşlığa qoşulmaq, Zəngəzur dəhlizinin açılmasını təmin etməkdir.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

23 İyun 2022 00:23 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə