Ən son xəbərlər
Əvvəlki dövrlərdə olduğu kimi, ötən il ərzində dinamik inkişaf edən Azərbaycan iqtisadiyyatında yüksək artım tempi bu ilin ilk beş ayında da müşahidə edilib. Hesabat dövründə ümumi daxil məhsulun (ÜDM) həcmi 50 milyard manatı, qeyri-neft sektorunda istehsalın həcmi 25 milyard manatı keçib. ÜDM-in artım tempi 7,2 faizdən, qeyri-neft sektorunun artım tempi isə 11,2 faizdən çox olub.
Cari ilin ötən aylarında makroiqtisadi proqnozlar üzrə, o cümlədən dövlət və icmal büdcələrin icrası üzrə göstəricilərdə də müsbət dinamika müşahidə edilib. Belə ki, hesabat müddətində respublikada dövlət büdcəsinin gəlirləri 12 milyard 442 milyon manat və ya 110,8 faiz icra olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 707 milyon manat və ya 28 faiz çoxdur. Büdcə gəlirlərinin 6 milyard 353 milyon manatı qeyri-neft sektorunun payına düşür. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 592 milyon manat və ya 33,4 faiz çoxdur.
Dövlət Vergi Xidmətinin xətti ilə qeyri-neft gəlirləri üzrə proqnoz 895 milyon manat və ya 29,9 faiz, Dövlət Gömrük Komitəsinin xətti ilə 344 milyon manat və ya 20 faiz çox daxilolma qeydə alınıb.
Bu dövrdə icmal büdcənin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 24,2 faiz artıb. İcmal büdcə cari ilin beş ayı üçün 2 milyard 179 milyon manat kəsirlə proqnozlaşdırılsa da, faktiki olaraq 3 milyard 9 milyon manat profisit yaranıb.
Hesabat dövründə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 milyard manata yaxın vəsait yönəldilib. Respublikanın strateji valyuta ehtiyatları da 1 milyard ABŞ dolları artaraq 54,2 milyard ABŞ dollarına çatıb.
Milli Məclisdə keçirilən iclasda bu müsbət göstəricilər səsləndirilməklə bərabər, cari ilin ilk beş ayı ərzində orta illik inflyasiyanın 12,6 faiz səviyyəsinə qalxdığı da xatırladılıb. Bunu isə qlobal əmtəə qiymətlərinin, xüsusilə ərzaq məhsullarının qiymətlərinin qalxması, başlıca ticarət tərəfdaşları olan ölkələrdə müşahidə olunan yüksək inflyasiyanın şərtləndirdiyi bildirilib. Qeyd edilib ki, belə bir vəziyyətdə isə dünyada mövcud proseslərin ölkədə işgüzar fəallığa, əhalinin alıcılıq qabiliyyətinə mənfi təsirinin qarşısının alınması üçün müvafiq antiinflyasiya tədbirlərinin həyata keçirilməsinə başlanılıb.
Müzakirələrdə dövlət büdcəsinə yenidən baxılmasını, yaranan əlavə gəlirlərin yenidən bölüşdürülməsini zəruri edən göstəricilər də diqqətə çatdırılıb:
– ötən il dövlət büdcəsi qəbul edilən zaman neftin 1 barelinin qiyməti 50 ABŞ dolları nəzərə alınıb, cari ilin beş ayı ərzində isə neftin qiyməti 106 ABŞ dolları həcmində olub;
–bu ilin ötən ayları ərzində dövlət büdcəsi profisiti 2 milyard manata çatıb və bu da planlaşdırılan profisitdən 4 dəfə çoxdur. İcmal büdcənin profisiti 4 milyard manata yaxın olub və planlaşdırılan 2 milyarda yaxın kəsirdən dəfələrlə yüksəkdir.
Bu göstəriciləri isə ilk dəfə olaraq bu ilin beş ayı ərzində Azərbaycanın neft ixracından əldə etdiyi valyuta gəlirləri ilə qaz ixracından əldə etdiyi gəlirlərin, demək olar ki, bərabərləşdirilməsi amili şərtləndirib. Bundan başqa, sözügedən dövrdə Dövlət Vergi Xidmətinin xətti ilə yığılmış vergilərin həcmi proqnozdan təxminən 2 milyard manata yaxın çox olub.
Göründüyü kimi, pandemiyadan sonra qlobal tələbin artması, eyni zamanda, geosiyasi və hərbi gərginliklərin təsiri nəticəsində əsas enerji daşıyıcılarının qiymətləri də son dövrlərdə əhəmiyyətli dərəcədə yüksəlib. Makrofiskal uyğunluğun təmin olunması ilə əlaqədar neftin 1 barelinin orta illik ixrac qiyməti 85 ABŞ dolları götürülməklə 2022-ci il üçün dürüstləşdirilmiş dövlət büdcəsinin parametrləri, habelə antiinflyasiya tədbirləri nəzərə alınmaqla ölkənin cari il üzrə makroiqtisadi proqnozları hazırlanıb.
Milli Məclisdə dövlət büdcəsinə yenidən baxılmasını, yaranan əlavə gəlirlərin yenidən bölüşdürülməsi zərurəti yaradan digər amillərdən danışılarkən, qeyd edilib ki, ölkə rəhbərinin tapşırığı ilə dövlət və icmal büdcələrində proqnozdan daha çox gəlirlərin əldə edildiyi nəzərə alınaraq, artan gəlirlərin bir hissəsinin işğaldan azad olunmuş torpaqlarda quruculuq işlərinin görülməsinə yönəldilməsi qərara alınıb. Bununla yanaşı, əhalinin sosial müdafiəsinin, dövlətin müdafiə və təhlükəsizliyinin daha da gücləndirilməsi, ərzaq təhlükəsizliyi üzrə əlavə ehtiyatların yaradılması, bir sıra yeni infrastruktur layihələrin maliyyələşdirilməsi məqsədilə xərclərin artırılmasına dair tapşırıqlar da diqqətdə saxlanılıb . Buna uyğun olaraq 2022-ci ilin dövlət və icmal büdcələrində dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi hazırlanıb.
Beləliklə, yenidən baxılmaqla dövlət büdcəsinin gəlirlərinin 2 milyard 382 milyon manat, kəsirin 43 milyon manat artımı nəzərdə tutulub. Vəsait işğaldan azad olunmuş ərazilərdə yol-nəqliyyat infrastrukturunun yaradılması, ölkənin digər bölgələrində nəqliyyat-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı layihələrin maliyyələşdirilməsinə, Vətən müharibəsi zamanı ölkənin bəzi rayon və şəhərlərində zərər çəkmiş yaşayış və qeyri-yaşayış sahələrinin bərpası və yenidən qurulması, ölkənin müdafiə qabiliyyətinin və hərbi qüdrətinin daha da artırılması ilə bağlı, milli təhlükəsizlik sahəsində tədbirlərin maliyyələşdirilməsinə, həmçinin sosial-müdafiə sahəsində, o cümlədən əmək pensiyaları üzrə maddi yardımın və sosial müavinətlər üzrə ödənişlərin maliyyələşdirilməsinə, ərzaq təhlükəsizliyi üzrə tədbirlərin təmin edilməsi, sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin dəstəklənməsi və bir sıra digər xərclərin ödənilməsinə yönəldiləcəyi nəzərdə tutulub.
Beləliklə, yenidən baxılmaqla 2022-ci ilin dövlət büdcəsinin xərcləri 32 milyard 304 milyon manat məbləğində nəzərdə tutulub ki, bu da təsdiq olunan göstəriciyə nisbətən 2 milyard 425 milyon manat və ya 8,1 faiz çoxdur. Ümumi xərclərin 62,7 faizi və ya 20 milyard 247 milyon manatı cari xərclərə, 31,8 faizi və ya 10 milyard 265 milyon manatı əsaslı xərclərə, 5, 5 faizi və ya 1 milyard 792 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcəyi nəzərdə tutulur.
V.BAYRAMOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə