Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın sülh mesajları regionun tərəqqisinə xidmət edir

Azərbaycan dövləti 44 günlük şanlı Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarını azad etməklə, tarixi əbidələri bərpa edib. Rəsmi Bakı bu gün artıq regionda ədalətli və davamlı sülh üçün çalışır. Bu, bir həqiqətdir və hər kəsə bəllidir ki, Azərbaycanın sülh mesajları regio­nun tərəqqisinə xidmət edir. Cənubi Qafqazda sülh bərqərar olsa, bu, hər üç dövlətin xeyrinə olacaq və onların inkişafına çox müsbət təsir edəcək. Ermənistanda bunu dərk etməyin vaxtı çatıb. Rəsmi İrəvan bölgədə ya­ranmış yeni reallıqların fərqinə varmalıdır. Əsasız iddialardan əl çəkmək, gələcəyə baxmaq, sülh, sabitlik və əməkdaşlıq barədə düşünmək lazıımdır.

Prezident İlham Əliyev bu il 16 iyun tarixində keçirilmiş “Qlobal dünya nizamı­na təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunda çıxışı zamanı çox düzgün vurğulamışdır: “Azərbaycan müharibədə qalib gəldi, müharibə ədalətli idi, müharibə labüd idi və ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi. İndi biz sülh haqqında danışırıq. Cənubi Qafqaz üç Cənubi Qafqaz ölkəsinin müstəqillik illəri ərzində parçalanmışdır. Ermənistanın işğalı səbəbindən o, 30 il ərzində parçalanmışdır”.

Sülhün alternativi yoxdur. Azərbaycanın sülh mesajı bütün region dövlətlərinin və onların xalqlarının mənafelərinə cavab verir. Dövlətimizin başçısı forumda çıxışın­da sonra demişdir: “İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bu­nun üzərində çalışır... Otuzillik işğalın ağır nəticələri. Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən işğalçı və təcavüzkar kimi tanınıldı. Müharibə bitdikdən sonra hər kəs onların işğal zamanı hansı dağıntıları törətdiklərini gördü... Azərbaycan sülhü sa­bitlik və regionun dayanıqlı inkişafı naminə istəyir”.

Təqdirəlayiq haldır ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bu­nun nəticəsidir ki, mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Budəfəki tədbirdə 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların 400-dən çox nümayəndəsi iştirak ediblər.

Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alın­ması üçün qida və kənd təsərrüfatı sektoru­nun transformasiyası kimi mühüm mövzu­larda səmərəli müzakirələr aparılıb.

Azərbaycan dünyada ədalətli niza­mın qurulması tərəfdarıdır və bu mühüm prosesə öz töhfələrini verir. Ölkəmiz həm daxili, həm də xarici siyasətdə haq­qa, ədalətə sədaqət nümunəsi nümayiş etdirir. Rəsmi Bakı mütərəqqi fikir və düşüncəni təkcə təqdir etmir, onun daha geniş müstəvidə yayılmasına və real gücə çevrilməsinə nail olur.

Azərbaycan haqsızlığa, hegemonluğa qarşı qətiyyətli mövqe nümayiş etdirməyi bacarır. İkinci Qarabağ müharibəsindəki parlaq qələbəmiz buna sübutdur. Bəli, Pre­zident İlham Əliyevin liderliyilə Azərbaycan qlobal səviyyədə sayılan, seçilən, sevilən bir ölkəyə çevrilib. Biz, Azərbaycan vətəndaşları, əlbəttə, bundan sonsuz qürur və fəxarət duyuruq.

Anatoli RAFAİLOV,

Milli Məclisin deputatı

23 İyun 2022 00:15 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə