Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun asfaltlanmasına başlanılıb

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası istiqamətində əsas prioritetlərdən biri yol infrastrukturunun bərpasıdır. Bu çərçivədə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan yol infrastrukturu layihələrindən biri də Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisidir. Artıq yolun asfaltlanmasına baş­lanılıb.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində bütün avtomobil yolları iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilir. Bu isə həmin yaşayış məntəqələrində yaşayacaq əhalinin, həm də yoldan istifadə edəcək vətəndaşların rahatlığı baxı­mından önəmlidir.

Laçın şəhərinə daxil ol­madan yeni avtomobil yolu­nun inşası da məhz bunlar nəzərə alınaraq aparılır. Yeni avtomobil yolunun uzunluğu 32 km təşkil edir. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.

Hazırda yolboyu geniş­miqyaslı tikinti işləri aparılır. Layihəyə uyğun olaraq torpaq yatağının tikintisi, suni qurğu­ların inşası işləri görülür. “İn­şaat Norma və Standartları”na uyğun olaraq yararsız qrunt, həmçinin torpaq yatağının genişləndirilməsi üçün bitki qatının qazılaraq çıxarılması işləri görülür, xüsusi texni­kalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması, yeni torpaq yata­ğının və yol əsasının inşası həyata keçirilir. Yol əsası hazır olan hissədə yeni asfalt-beton örtüyünün döşənməsinə də start verilib.

Çətin relyefə malik olan ərazidən keçən yol boyun­ca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə dairəvi borular və müxtəlif süni qurğuların tikintisi də icra olunur. Bu çərçivədə yolun 22-ci km-də inşa edilən və uzunluğu 149.5 metr, eni 13.5 metr olan 4 aşırımlı körpüdə hazırda tikinti işləri son mərhələ üzrə icra olunur.

Yeni avtomobil yolunun inşası tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla AAYDA-nın rəhbərliyinin nəzarəti altında həyata keçirilir.

Tikinti işlərinin cari il ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

22 İyun 2022 23:57 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə