Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolu yenidən qurulur

Respublikanın yol infrastrukturunun yenidən qurulması, müasir səviyyəyə çatdı­rılması ilə bağlı uğurlu layihələr hər bir bölgəni, rayonu və kəndi əhatə edir. Bu cür layihələrdən biri Daşkəsən rayonunun Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun yenidən qurulmasıdır.

AAYDA-dan verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında yenidən qurulan yolun uzunluğu 31 km təşkil edir. Yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən bu yolun 11 km hissəsi köhnə, yarar­sız asfalt, 20 km hissəsi isə torpaq yoldan ibarət idi. Sözsüz ki, bu, vətəndaşların rahat gediş-gəlişinə maneə yaradırdı.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentli­yi tərəfindən hazırda IV texniki dərəcəyə uyğun 2 hərəkət zolaqlı olmaqla təkmilləşdirilən yolun yenidən qurulması ilə bu problemlər aradan qalxacaq.

Tikinti layihəsinə uyğun olaraq, hazırda yolboyu torpaq işləri, yol yatağı və yol əsasının inşası aparılır, yolun 4.2 km-lik hissəsində dörd­bucaqlı su keçidinin tikintisi işləri görülür.

Artıq yolun əsası hazır olan 5 km-lik hissəsinə 2 qat yeni asfalt-beton örtüyü döşənib. 8 km-lik hissədə isə asfalt örtüyünün alt layının döşənməsi işləri icra olunur.

Sadalanan işlərə paralel olaraq yolun altın­dan suların ötürülməsini təmin etmək məqsədilə zəruri yerlərdə 68 ədəd suötürücü boruların quraşdırılması işləri sona çatdırılıb.

Layihə çərçivəsində yolun 25-ci kilometrində yerləşən mövcud 2 ədəd bir aşırımlı avtomobil körpülərinin də bərpası nəzərdə tutulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agent­liyinin rəhbərliyinin birbaşa nəzarəti altında mövcud tikinti norma və qaydalarına uyğun ola­raq, texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə aparılan tikinti işlərinin sonuncu mərhələsində yol nişanları və məlumatverici lövhələrin, siqnal dirəkləri və dayanacaqların quraşdırılması, yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

Avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşınması asanlaşacaq.

Samirə ƏLIYEVA,

“Xalq qəzeti”

22 İyun 2022 23:56 -

Köhnə versiyamızdan xəbərləri izlə