Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağda yeni məktəb binaları tikilir

Bunu Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov Şuşada IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasda çıxışı zamanı bildirib ki, Qarabağda yeni məktəblər tikilir.

Təhsil Nazirliyi də işğaldan azad olunan ərazilərdə məktəb tikintisi ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, işğaldan azad edilmiş Ağdam şəhərində 1 nömrəli məktəb üçün 960 şagird yerlik binanın tikintisi sürətlə davam etdirilir.

Tikintinin sahə rəisi Samir Pirmətov bildirib ki, məktəbin inşasına ötən ilin dekabrında başlanılıb. İki hektar ərazidə inşa edilən üçmərtəbəli məktəb binası üç blokdan ibarət olacaq. Məktəb binasında 40 sinif otağı, laboratoriya və fənn kabinetləri, akt və idman zalları, kitabxana, yeməkxana, muzey və xidməti otaqlar yaradılacaq. Bina istilik, elektrik, havalandırma və müşahidə sistemləri ilə təmin ediləcək. Məktəbin həyətində futbol və basketbol meydançaları, nasosxana, qazanxana, transformator binası, içməli və yanğından mühafizə su hovuzları və s. inşa ediləcək.

İşlər yüksək keyfiyyətlə və tikinti normalarına uyğun şəkildə aparılır. Hazırda binanın zirzəmi hissəsində dəmir-konstruksiya, qəlib işləri görülür. Binanın tikintisinin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.

Prezident İlham Əliyev “Cəbrayıl şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamla Cəbrayıl şəhərində 960 şagird yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Təhsil Nazirliyinə ilkin olaraq 500 min manat vəsait ayrılıb.

Qeyd edək ki, Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “ağıllı kənd” layihəsi çərçivəsində 288 şagird yerlik tam orta məktəbin tikintisi başa çatmış və yeni dərs ilində istifadəyə veriləcəkdir.

Bundan başqa, Füzulidə 960 şagird yerlik tam orta məktəbin tikintisinin, Suqovuşan qəsəbəsində isə 144 şagird yerlik məktəbin əsaslı təmirinin layihə-smeta sənədləri hazırlanmışdır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Suqovuşanda olarkən qəsəbədəki 144 şagird yerlik tam orta məktəbin binasındakı vəziyyətlə də maraqlanıblar. Məktəbin binası Təhsil Nazirliyi tərəfindən təmir olunacaq.

Bu barədə Tərtər Rayon Təhsil Şöbəsinin müdiri Nuranə Abdullazadə məlumat verib. O, bildirib ki, Suqovuşan su anbarı vaxtilə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilib. Torpaqlarımız işğaldan azad edildikdən sonra burada da tikinti-quruculuq işləri aparılır. Məktəbin əsaslı təmir ediləcəyi xəbəri Tərtər təhsil işçilərini və oradan məcburi köçkün düşmüş əhalini çox sevindirdi. Ərazisi bir hektar olan məktəb 12 sinif otağından, 60 nəfərlik akt zalından və kitabxanadan ibarətdir. Məktəb özü dördmərtəbəli binadır. Əsaslı təmir başa çatdıqdan sonra məktəbdə təhsil yenidən canlanacaq.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

22 İyun 2022 23:54 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə