Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

COVID-in alt variantları ağciyəri hədəf alır!

Böyük Britaniyada ekspertlər koronavirusa yoluxma hallarının artdığını bildirirlər. Mütəxəssislər “Omicron”dan törəyən yeni BA.4 və BA.5 alt-variantlarının üstünlük təşkil etdiyini vurğulayır və bu variantların antitellərə qarşı daha davamlı olduğundan şübhələnirlər. Bu barədə “milliyet.com.tr” məlumat yayıb.

Böyük Britaniyada Milli Səhiyyə Xidmətinin məlumatlarına görə, COVID–19 virusuna yoluxan və xəstəxanada müalicə olunan insanların sayında artım var. Britaniya Milli Statistika İdarəsi bu insanların əksəriyyətinin BA.4 və BA.5 alt variantlarına sahib olduğunu açıqlayıb.

Qeyd edilir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk dəfə aprel ayında bu alt variantları tədqiq etməyə başlayıb. ÜST əvvəlki variantlarla müqayisədə BA.4 və BA.5-in yoluxma dərəcəsini və təhlükə səviyyəsini müəyyən etməyə çalışır.

Britaniya mətbuatında Tokio Universitetində bu alt variantlarla bağlı araşdırmaların ilk tapıntıları haqqında ətraflı xəbərlər dərc olunub. Araşdırmalarda BA.4, BA.5 və BA.2.12.1 alt variantlarının Alpha və Delta kimi ağciyəri yenidən hədəfə ala biləcəyi göstərilib.

Son zamanlar dünyada hakim olan “Omicron” variantı ağciyərdənkənar toxumaları yoluxdurur və əksər insanlarda daha yüngül xəstəliklərə səbəb olur. Tokio Universitetində çalışan və bu variantlar üzərində işləyən Kei Sato BA.4, BA.4 və BA.2.12.1 variantlarının insanların ağciyər toxumalarında daha effektiv yayıldığını deyir. Satonun sözlərinə görə, hamsterlər üzərində aparılan araşdırmalar nəticəsində BA.4 və BA.5 variantlarının daha ağır xəstəliklər yaratdığı bəlli olub. O qeyd edib ki, bu yeni Omicron alt variantlarının yaratdığı sağlamlıq riski BA.2 variantından daha yüksəkdir.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi may ayında BA.4 və BA.5 variantlarının “narahatedici” olduğunu bəyan edib. Bu açıqlamadan dərhal sonra İngiltərədə yoluxma hallarının sayının artdığı və yeni variantların üstünlük təşkil etməyə başladığı qeyd olunub. Bildirilir ki, bu variantlar daha çox Hollandiyada sürətlə yayılır. Mütəxəssislər bu variantların xəstəlik prosesinə necə təsir edəcəyini hələ dəqiq bilmirlər.

İngiltərə Sağlamlıq Təhlükəsizliyi Agentliyinin həkimi, doktor Meri Ramsey qeyd edib ki, bu alt variantlar insanlarda ciddi fəsadlar yarada bilər: “Hələ reanimasiya qəbullarında artım olmadığına ümid edirik. Bununla belə, biz məlumatları çox diqqətlə izləməyə davam edirik”.

Böyük Britaniyanın Milli Səhiyyə Xidməti yaşı 75-dən yuxarı olan və immun sistemi zəif olan şəxslərə yaz və yay mövsümlərində “xatırlatma dozası” peyvəndi almalarını tövsiyə edib.

Rövşən TOĞRUL,

 “Xalq qəzeti”

22 İyun 2022 23:50 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
3 İyul 2022 | 01:13
Rusiyada yoluxma azalır
3 İyul 2022 | 01:03
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə