Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xarici xəbərlər

Rusiya

“The Telegraph”a giriş məhdudlaşdırılıb

Roskomnadzor (RKN) Baş Prokurorlu­ğunun tələbi ilə Rusi­yada Britaniyanın “The Telegraph” nəşrinin saytına girişi tamamilə bloklayıb. Məlumata görə, buna səbəb saytda fevralın 23-də Rusiyanın Ukrayna ərazisindəki hərəkətləri ilə bağlı məqalənin yerləşdirilməsi olub.

Qeyd edilir ki, bloklanma bütün Rusiya ərazisinə şamil edilib. Resurs hazırda Rusiyada mövcud deyil. Qeyd edək ki, bloklanma iyunun 20-dən başlanılıb.

Xəbəri TASS yayıb.

Banqladeş

Qurbanların sayı artır

Banqladeşdə mövsümi leysan yağışlarının səbəb ol­duğu daşqınlar 36 nəfərin həyatına son qoyub. Məlumata görə, iyunun 17-dən 21-dək Banqladeşin daşqınların təsirinə məruz qalan 64 rayonunda 100 mindən çox insan təbii fəlakətdən zərər çəkib. Həmçinin 27 rayonda əlverişsiz hava şəraiti insan ölümlərinə səbəb olub.

Hindistanın Banqladeşlə qonşu olan Assam ştatında da daşqın və torpaq sürüşmələri səbəbindən ölənlərin sayı artır. Son 24 saat ərzində ştat ərazisində 11 nəfər həyatını itirib və ölənlərin ümumi sayı 80 nəfəri ötüb.

Xəbəri CNN yayıb.

Moldova

İqor Dodonun ev dustaqlığının müddəti uzadılıb

Moldovanın keçmiş prezidenti İqor Dodonun ev dustaqlığının müddəti 30 gün uzadılıb. Qeyd edilir ki, mayın 24-də Dodon dövlətə xəyanət və korrupsiyada şübhəli bilinərək 72 saat müddətinə saxlanılıb. İki gün sonra siyasətçi 30 sutka ev dustaqlığına məhkum edilib.

İyunun 16-da məlum olub ki, ittihamlardan biri üzrə Dodon 1 milyon avro dəyərində əmlaka qanunsuz sahib olmaqda günahlandırılır. İstintaq iddia edir ki, bu, onun bəyan etdiyi gəlirdən 3 milyon ley (150 min avro – red.) çoxdur.

Xəbəri BBC yayıb.

Sinqapur

İlk yoluxma halı

Sinqapurun Səhiyyə Nazirliyi ölkədə meymunçiçəyi xəstəliyinə yoluxma faktını təsdiqləyib. Qurum virusun ölkəyə xaricdən gətirildiyini bəyan edib.

Məlumata görə, xəstəliyin daşıyıcısı bələdçi işləyən 42 yaşlı britaniyalı kişidir. O, hazırda Milli Yoluxucu Xəstəliklər Mərkəzindədir və vəziyyəti sabitdir.

Xəbəri “Anadolu” agentliyi yayıb.

İngiltərə

Transfer reallaşıb

London “Arsenal”ı növbəti transferini rəsmiləşdirib. Məlumata görə, Premyer Liqa təmsilçisi Portuqaliyanın “Portu” klubunun yarımmüdafiəçisi Fabio Vieyranı transfer edib. 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzala­nıb. “Topçular” bu transfer üçün Portuqaliya klubuna 40 milyon avro ödəyəcək. Daha 5 milyon avro isə bonuslar şəklində veriləcək.

Xəbəri “goal.com” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

22 İyun 2022 23:46 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
3 İyul 2022 | 01:13
Rusiyada yoluxma azalır
3 İyul 2022 | 01:03
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə