Ən son xəbərlər
Bu gün Avropanın üzləşdiyi gərgin vəziyyətin mühüm səbəblərindən biri hələ 2000-ci illərin əvvəllərində Avropa Şurasının özünün Azərbaycanın işğalçıya qarşı qəti tədbirlər görmək çağırışlarına passiv müşahidəçi mövqeyi tutmasından qaynaqlanır.
Avropada təhlükəsizliyə qarşı yaranmış ciddi təhlükələr gələcəyə daha inamlı olmaq üçün qətiyyətli addımlar atılmasını tələb edir. Bu gün Avropa təhdidlərə qarşı birgə mübarizə aparmaq üçün təxirəsalınmaz səmərəli tədbirlər barədə ciddi düşünməyə başlayıb. Uzun illər əvvəl bunu etmək lazım idi. Bu günədək baş vermiş faciəvi hadisələrə biganə qalmaq, sadəcə müşahidəçi olmaq lazım idimi?! Avropanın təhlükəsizliyi ilə bağlı indiki qətiyyətli təşəbbüslər bir neçə il əvvəl gerçəkləşsə idi, bu gün qarşılaşdığımız təhlükələrin əksəriyyətinin qarşısı alınardı və indi tamam başqa Avropada olardıq.
Bu fikirləri AŞPA-dakı nümayəndə heyətimizin üzvü Rafael Hüseynov qurumun yay sessiyası çərçivəsində “Avropada təhlükəsizlik üçün yeni çağırışlarda Avropa Şurasının rolu” məruzəsinin müzakirələri zamanı çıxışında deyib. Bildirib ki, 2000-ci ilin əvvəlində təcavüzə məruz qalmış ölkə kimi həyəcan səsimizi qaldırdıq. Bunun təkcə bizim məsələmiz olmadığını dedik. Avropa miqyasında kiçik görünən o təcavüzün qarşısının alınması istiqamətində addımlar atılsa idi , müştərək cəhdlər göstərilsə idi, bu gün daha ciddi təhlükə ilə üzləşməzdik. Təhlükə belə geniş coğrafiyanı bürüməzdi, yeni regionları əhatə etməzdi, Avropa belə dərin böhranla qarşılaşmazdı.
Rafael Hüseynov vurğulayıb ki, bu gün Avropanın ən dəhşətli təhlükə hesab edərək, çarəsini axtardığı transmilli terrorizmin daha qorxulu səviyyəsi olan dövlət terrorizmi, eləcə də zorakı ekstremizmlə Azərbaycan son 30 ilə yaxın müddətdə təkbaşına mübarizə aparmalı oldu. Avropa bu gün səyləri birləşdirərək, bu bəlaya qarşı ən sərt mübarizəyə çağırır.
Böyük ailədə ayrı-seçkilik etmədən, hamıya həssaslıqla yanaşılmalıdır. Avropa ortaq ailəmizdir. Ailədə əmin-amanlıq, sağlam mühit olması üçün ilk şərt eyni hədəfə vurmaq və yekdillikdir. Müasir dövrdə başından köhnə işğalçılıq havası keçməyənlərin revanşizm cəhdlərinin qarşısı ciddi şəkildə alınmalıdır.
“Bu gün üzv ölkələrdə demokratik dəyərlərin və demokratik mühitin daha təkmil şəkildə bərqərar olması və möhkəmləndirilməsi üçün çalışıldığı, əməkdaşlığın artırılmasının təşviq edildiyi vaxtda revanşizm ən dağıdıcı təmayül hesab olunmalıdır. Ona görə də ortaq səylərlə həyata keçirməyə səy göstərdiyimiz digər tədbirlərlə yanaşı, bu təmayülə qarşı da qüvvələrimizi birləşdirərək ən sərt şəkildə müqavimət nümayiş etdirməliyik!”, – deyə R.Hüseynov avropalı parlamentariləri revanşizm təmayülünə qarşı birgə mübarizə aparmağa çağırıb.
AZƏRTAC
Köhnə versiyamızdan xəbərləri izlə