Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zirvələr fəth etmiş böyük sənətkar

Bülbül-125

Milli musiqi sənətimizin inkişafında xüsusi xidmətləri olan məşhur opera müğənnisi, mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Murtuza Məşədi Rza oğlu Məmmədov (Bülbül) 1897-ci il iyunun 22-də Şuşa yaxınlığında, hazırda Xankəndinin cənubunda – Xan bağı adlanan yerdə anadan olub. Onun tərcümeyi-halında maraqlı məqamlar çoxdur. Onlardan bəzilərini diqqətə çatdırmaq istərdik.

Bülbül səhnə fəaliyyətinə 1916-cı ildən başlayıb.1920-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o vaxt Birləşmiş Dövlət Teatrının opera truppası) solisti olub. 1927-ci ildə Bakı Konservatoriyasını bitirib və təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə göndərilib.1931-ci ildə Milan Konservatoriyasını (Cü­zeppe Anselmi, Delliponti və R.Qraninin sinfini) bitirdikdən sonra Azərbaycan Dövlət Kon­servatoriyasında dərs deməyə başlayıb. 1938-ci ildə SSRİ Xalq artisti adına layiq görülüb, 1950-ci ildə SSRİ Dövlət mükafatı laureatı olub. Azərbaycan SSR Ali Sove­tinin deputatı seçilib. İki dəfə Qır­mızı Əmək Bayrağı ordeni, “Şərəf nişanı” ordeni, İtaliyanın “Haribal­di” ordeni ilə təltif edilib. 1961-ci il sentyabrın 26-da Bakı şəhərində vəfat edib. Fəxri xiyabanda dəfn edilib. Hazırda Azərbaycan Dövlət Konservatoriyasının nəzdində musiqi məktəbi və Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır.

Bunlar Bülbülün mənalı həyat yolunun qısa icmalıdır. Burada məqsəd onun bioqrafi­yasını canlandırmaq deyil. Bu yazıda müğənninin Şuşadakı ev-muzeyinin taleyilə bağlı bəzi məqamlar öz əksini tapır.

Bülbül Şuşanı çox sevirdi. 1961-ci ilin iyul ayında Şuşa şəhərində, keçmiş Şuşa Realnı Məktəbinin zalında konsert verib. Bu, Bülbülün Şuşadakı axırıncı konserti idi. Görkəmli musiqiçinin Şuşada yaşadığı ev 1982-ci ildən muzey kimi fəaliyyət göstərib. Ulu öndər Heydər Əliyevin göstərişi əsasında Şuşa Şəhər Xalq Depu­tatları Sovetinin İcraiyyə Komitəsi 1982-ci il 31 avqust tarixli qərarı ilə Bülbülün yaşadığı evin ev-muzeyinə çevrilməsi barədə qərar qəbul edib. Bina 1982–1983-cü illərdə təmir olunub, muzey ekspo­zisiyası qurulub və önündə inzibati bina inşa edilib.

Muzeydə Bülbülün uşaq­lıq illərinə aid şəkillər, şəxsi əşyalarından bəziləri, o cümlədən onun qavalı da nümayiş etdirilirdi. Muzeydə Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedaqoji, ictimai fəaliyyətini əks etdirən 9 minə yaxın sənəd toplanmışdı. Bura­da, həmçinin Azərbaycanda yeni vokal məktəbinin yaradılmasın­da, xalq musiqisinin öyrənilməsi və təbliğində Bülbülün çoxillik səmərəli yaradıcı işini təsdiq edən materiallar nümayiş etdirilirdi.

Muzey 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırıb. Şuşa şəhərinə səfəri zamanı ev-muzeyini ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında orada təmir-bərpa və yenidənqurma işləri aparılmışdır.

Məlumat üçün bildirək ki, təmir- bərpa işlərini müğənninin oğlu, SSRİ Xalq artisti, Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu öz üzərinə götürmüş­dü və az bir zaman içərisində sona çatdırıldı. Beləliklə, erməni vandalları tərəfindən bərbad günə qoyulmuş Bülbülün ev-muzeyi ziyarətçilərin istifadəsinə veril­di. Prezident və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılış mərasimi də oldu.

Doğrusu, gənc yaşlarımdan Bülbül sənətinin pərəstişkarı olmu­şam. Onun Şuşadakı ev-muzeyinin taleyi məni çox narahat edib. Bilir­dim ki, mədəniyyətə, incəsənətə yüksək qiymət verən və işğaldan azad edilmiş torpaqlarmızda mədəniyyət müəssisələrinin, tarixi abidələrin bərpasına xüsusi diqqət yetirən Prezidentimiz Bülbülün də ev- muzeyinin bərpasına göstəriş verəcək. Belə də oldu. Şuşa azad olunandan sonra ilk bərpa edilən muzey məhz Bülbülün ev-muzeyi oldu.

Azərbaycan peşəkar vokal sənətinin banisi olan Bülbülü tanıyanlar onun haqqında ictimai xadim kimi, Azərbaycan musiqi mədəniyyəti tarixində misil­siz xidmətləri olan insan kimi, şəxsiyyət, insanlıq nümunəsi ola­raq o qədər xoş xatirələr danışırlar ki. Onların ən yaxşıları muzeydə öz əksini tapacaq.

Şuşada Bülbülün 1982-ci ildə qoyulmuş büstü var idi, ermənilər o büstü güllələyib, çox pis hala qoymuşdular. Yəqin, şəkillərdə görmüsünüz. Həmin büst yerinə qaytarıldı, onu gələcək nəsillərə erməni vandallığının bir nümunəsi kimi təqdim etmək üçün saxlanıldı. Ona yaxın məsafədə müğənniyə yeni büst qoyuldu.

İndi oraya çox sayda insan gəlir. Demək olar ki, dünyanın hər yerindən gəlirlər. Onlara geniş və səhih məlumatlar verilir.

Bu gün muzeyin işçiləri çalı­şırlar ki, Bülbül ocağı daim gur alovlanan bir ocaq olsun. Buradan həmişə musiqi, nəğmə səsi ucal­sın, konsertlər təşkil edilsin, vokal sənətçilərini, instrumental ifaçı­ları, ümumiyyətlə, Azərbaycanın musiqi mədəniyyəti tarixində öz izi olan insanları dəvət edib, burada görüşlər keçirilsin.

Hazırda muzey demək olar ki, tamamilə yenilənir. Muzeyin ekspozisiyasında Bülbülün irsi haqqında daha geniş məlumatlar var, onun həyatı, yaradıcılığı, uşaqlığından ömrünün sonuna qədər lent yazıları, haqqında deyilmiş sözlər və digər materi­allar monitorda toplanıb. Hələlik, Azərbaycan və rus dillərində nümayiş olunur, yaxın günlərdə Çin, ingilis və digər dillər də ora əlavə ediləcək. Xaricdən gələn qonaqlar o monitora toxunmaq­la, Bülbülün həyatının istənilən məqamı ilə yaxından tanış ola biləcəklər. Ekskursiya rəhbərinin, muzey baxıcısının onlara əlavə məlumat verməsinə ehtiyac qalmayacaq, istədikləri mövzunu tapıb, öz dillərində geniş məlumat ala biləcəklər. Bu, muzey işində bir yenilikdir.

Prezidentimizin Mədəniyyət paytaxtı elan etdiyi Şuşada Bülbülün ev-muzeyinin öz yeri, ab-havası var. Gələn qonaqlar da bunu etiraf edirlər.

Elçin ORUCOV,

Əməkdar mədəniyyət işçisi, rəssam

22 İyun 2022 08:47 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə